BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid baş leytenantın AD GÜNÜDÜR

30 mart 2021 18:53:44

30 mart tarixi Vətən müharibəsinin şəhidi Elçin Əzizovun doğum günüdür.

 

Zəfər.az-ın məlumatına görə, Elçin Əvəz oğlu Əzizov 30 mart 1985-ci ildə Cəbrayıl rayonuunun Böyük Mərcanlı kəndində anadan olub.

 

1993-cü ildə erməni təcavüzü nəticəsində ailəsi ilə birlikdə doğma torpaqları tərk eləmək məcburiyyətində qalıb.

 

Orta təhsilini Bakıda – məskunlaşdıqları “Azərsutiknti” xəstəxanasının binası yaxınlığında fəaliyyət göstərən Zəngilan rayonu 28 saylı məktəbdə bitirən E.Əzizov daha Azərbaycan Texniki Universitetinə daxil olub.

 

2006-cı ildə Universiteti bitirərək, həqiqi hərbi xidmətə yollanıb. Əsgərliyi başa vurandan sonra – 2008-ci ildə ailə həyatı qurub.

 

Daha sonra könüllü olaraq Dövlət Sərhəd Xidmətində - Sərhəd Qoşunlarında xüsusi təyinatlı kimi xidmətə başlayıb.

 

Dövlət Sərhəd Xidməti rəisinin 29 dekabr 2013-cü il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” (1918-2013) yubiley medalı, 3 dekabr 2014-cü il tarixli əmri ilə “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi” (1919-2014) yubiley medalı, 18 avqust 2015-ci il tarixli əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı, 14 avqust 2019-cu il tarixli əmrilə “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi” (1919-2019) yubiley medalı ilə təltif olunub.

 

2016-cı ildə baş verən Aprel döyüşlərində göstərdiyi fədakarlığa görə baş leytenant hərbi rütbəsinə layiq görülüb.

 

Ölkə prezidentinin 16 avqust 2018-ci il tarixli sərəncamı ilə “Hərbi xidmətə görə” medalı, 16 avqust 2019-cu il tarixli sərəncamı ilə isə “Vətən uğrunda” medalı ilə təltif olunub.

 

2020-ci il sentyabrın 27-də Vətən Müharibəsinə qatılıb. 44 günlük müharibədə qazanılmış böyük qələbədə Elçin Əzizovun da payı olub.

 

Elçin Əzizov şəhid olmazdan əvvəl doğma Cəbrayılın azadlığı uğrunda vuruşub, doğulduğu Böyük Mərcanlı kəndinin düşmən tapdağından xilas olmağını görə bilib...

 

O, Füzuli-Cəbrayıl istiqamətində gedən qanlı döyüşlərdə cəsurluq nümayiş etdirib, bir sıra yaşayış məntəqələrinin düşməndən geri alınmasında iştirak edib...

 

Oktyabrın 13-də baş leytenant Elçin Əzizov Cəbrayıl rayonunun Sarıcallı kəndində ağır yaralanmış hərbçilərimizi xilas etməyə - savaş meydanından çıxarmağa gedərkən düşmən idarə olunan raketlə onun olduğu maşını vurub.

 

Bu aatəş nəticəsində zabitimiz şəhid olub...

 

Şəhid baş leytenant Elçin Əzizov oktyabrın 15-də Bakıdakı İkinci Fəxri Xiyabanda dəfn edilib.

 

Ailəli idi. Üç övladı yadigar qalıb.

 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Elçin Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Allah rəhmət eləsin…(Modern.az)