Xidmət rəisi şəxsiyyət vəsiqəsilə Türkiyəyə gedişin şərtlərini ELAN ETDİ
18 mart 2021 17:32:31
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Azərbaycanla Türkiyə arasında şəxsiyyət vəsiqəsi ilə gediş-gəlişlə bağlı açıqlama verib.
Zəfər.az xəbər verir ki, V.Hüseynov bildirib ki, 1 aprel tarixindən Azərbaycan və Türkiyə vətəndaşları həmçinin biometrik şəxsiyyət vəsiqələri ilə hər iki ölkə ərazisinə səfər edə və orada 90 gün qala bilərlər: “Bu halda hər iki ölkə vətəndaşlarına məxsus sərhədkeçmə sənədləri - şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu (xarici pasport) ölkə ərazisinə giriş tarixindən etibarən ən azı 30 gün etibarlılıq müddətinə malik olmalıdırlar.
Hər iki ölkənin ərazisindən üçüncü (digər) ölkələrə və üçüncü (digər) ölkələrdən tərəflərin ərazilərinə daxil olmaq üçün pasportlardan istifadə olunması məcburidir.
Bir tərəfin ərazisində hər hansı səbəbdən 90 gündən artıq müddətə qalmaq istəyən digər tərəfin vətəndaşı yaşamaq icazəsi almaq üçün tələb olunan müddətdən azı 60 gün daha çox etibarlı olan pasport ilə müraciət etməlidirlər.
Hazırda bu müddət 90 gündür. Şəxsiyyət vəsiqəsi ilə yaşamaq icazəsi üçün müraciət edilməsi nəzərdə tutulmur”.