Siyasi partiya rəhbərləri Şahbulaq qalasında
18 mart 2021 11:21:44
Ağdama səfər edən siyasi partiyaların rəhbərlərinin və politoloqların rayondakı son dayanacağı Şahbulaq qalası olub.
Zəfər.az xəbər verir ki, nümayəndə heyətinin üzvləri qalanın tarixi barədə məlumatlandırılıb.
Bildirilib ki, Qarabağın ən məşhur abidələrdən biri Ağdam rayonunun ərazisində yerləşən və XVIII əsrə aid olan Şahbulaq qalasıdır. Ağdam şəhərinin 10 kilometrliyində, Şahbulaq kəndi yaxınlığında yerləşən bu qala 1751-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa edilib. Elmi ədəbiyyatda “Şahbulaq qəsri” adı ilə tanınan abidə əslində iri qəsr kompleksinin iç qalası olub. Kompleks yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Kompleksin ətrafı mühafizə divarları, nəzarətçi qüllələri ilə əhatələnib. Şahbulaq saray kompleksinin şimal-qərbində, bulağın yaxınlığında məscid də inşa edilib. Qəsr adını gur sulu bulağın adından alıb.
Pənahəli xan Şuşa qalasını inşa etdirənədək Şahbulaq qalası Qarabağ xanlığının inzibati mərkəzi olub. Şahbulaq tikililəri Qarabağ xanlığının, xüsusilə də onun paytaxtı olmuş Şuşa şəhərinin memarlığına təsir göstərib.
Hazırda Şahbulaq qəsr kompleksindən bulaq yanındakı təpə üzərində ucalan qala və məscid binası qalıb. Ermənilər 1993-cü ildə Ağdamı işğal etdikdən sonra əksər abidələrimiz kimi, Şahbulaq qalasını da erməniləşdirməyə çalışıb, yaxınlıqdakı məscidi isə kilsə kimi təqdim ediblər.
Bununla da Azərbaycandakı siyasi partiya rəhbərlərinin və politoloqların işğaldan azad olunmuş Ağdam rayonuna səfəri başa çatıb.
Səfər zamanı nümayəndə heyətini Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev müşayiət edib.(Modern.az)