BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Qarabağda şəhid olan polkovniklərin xanımları bir araya gəldilər

18 mart 2021 10:45:33

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan polkovniklərin ailələri ilə görüş keçirib.

 

Zəfər.az bildirir ki, görüş haqqında Modern.az-a danışan Birliyin sədri Sevinc Orucova qeyd edib ki, şəhid polkovniklərin həyat yoldaşlarının əksəriyyəti rayon qeydiyyatındadır:

 

“Pandemiya səbəbindən üzbəüz bir yerə toplaşmaq mümkün olmurdu. Bakı şəhərində, Sumqayıtda yaşayanları şəxsən ziyarət edə bilmişdik. Hər zaman onlarla danışarkən, düşünürdüm ki, dərdlər paylaşdıqca azalır. Həmdərd insanlar bir-birini tanıdıqca, dərdləşdikcə mənəvi dəstək, güc almaq olur. Mən o acını yaşadığıma görə onların nə vəziyyətdə olduğunu, nələr yaşadığını başa düşürəm. Onlar ailə başçılarını, itiriblər. Hərbçilərin hər biri ölkənin ən dəyərli, peşəkar zabitləri olublar. Bir tərəfdən acının ağırlığı, digər tərəfdə isə kədər və qürur onlarla bir aradadır. Onlara övladlarını layiqli böyütmələri üçün dəstək göstərilməlidir. Bunu ancaq bizlər bir-birimizə bəxş edə bilərik”.


S.Orucovanın sözlərinə görə, hələ ki şəhid polkovniklərin həyat yoldaşlarının bir qismi ilə tanış olublar:
“Aprel döyüşlərində şəhid olmuş polkovnik Vüqar Yusifovun həyat yoldaşı Lalə xanımla görüşdük. Onu ofisimizə dəvət etdik. Çox maraqlı görüş oldu. Onlar da, biz də görüşü sözlə ifadə edə bilmərik. Eyni acını yaşayan insanların bir-biri ilə görüşüb, dərdlərini bölüşməsi çox fərqli bir hissdid. Bizim dərdimiz birdir. Onlar da bizimlə bərabər olacaqlar. Keçdiyimiz yol asan olmayacaq. O çətin yolu necə asanlıqla dəf etməyi öyrətməkdə onlara kömək etməyə çalışacağıq.

 

O şəhidlərin əksəriyyəti bir yerdə təhsil alan zabitlər idi. Eyni ildən olan 4 zabitimiz var idi ki, onlar bir yerdə Bakı Ali Hərbi Məktəbini bitiriblər və Vətən müharibəsində də şəhid olublar. Hamısı qürur duyacaq ailələrdir. Hər birinin bizə qoyub getdiyi əmanətləri var. Aprel döyüşlərindən sonra biz ailə faciəsini necə yaşadığımızı və bizə bu fəxarəti yaşadan insanları necə yaşatdığımızı müzakirə etdik.

 

Biz 3 saata yaxın bir yerdə olduq. Bir-birimizdən ayrılmaq istəmirdik. Bəziləri Bərdədən, Yevlaxdan, Qələbədən, hətta Şəhid komandir Anar Əliyevin yoldaşı Tərtərdən gəlmişdi. Həqiqətən də bir-birimizlə təsəlli tapdıq.

 

Biz görüşləri davam etdirməyi düşünürük. Belə görüşlər fikrimcə, canlı olmalıdır. İnsanlar bir-biri ilə canlı ünsiyyət qurmalıdır ki, dərdlərini danışa bilsinlər.

 

Çalışacağıq ki, onların bir çox problemlərini həll edib, uşaqlarının təhsilinə yardımçı olaq. “Yaşat” Fondunun Himayədarlar Şurasının üzvü olaraq əlimdən gələn dəstəyi əsirgəməyəcəyəm”.