BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

“Deyirlər ki, Azərbaycan 7 rayonu azad edib, bu, belə deyil” - İlham Əliyev

17 mart 2021 11:19:43

Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva ilə birgə martın 15-də Füzuli və Xocavənd rayonlarında olub.

 

Zəfər.az xəbər verir ki, Prezident səfər zamanı Füzuli-Hadrut, Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yollarının təməlini qoyub.

 

Prezident təməlini qoyduğu Füzuli-Hadrut yolunun inşasının azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.

 

"Bu, birinci layihə deyil. Artıq bir neçə yol layihəsi icra edilməkdədir... Füzulidən Şuşaya yol çəkilir- Zəfər yolu çəkilir. Eyni zamanda, Bərdə-Ağdam yolunun çəkilişi yaxın gələcəkdə icra ediləcəkdir. Horadizdən Zəngilana qədər yol çəkiləcək. Bir sözlə, müharibədən dörd ay keçməsinə baxmayaraq, böyük quruculuq işləri başlamışdır," - o deyib.

 

Uzunluğu 13 kilometr olan bu yol Hadrut-Cəbrayıl-Şükürbəyli (uzunluğu 43 kilometr) avtomobil yoluna birləşir və 4 hərəkət zolaqlı olacaq. Yol boyunca avtomobil körpüləri inşa ediləcək.

 

İlham Əliyev çıxışı zamanı Hadrut qəsəbəsinin oktyabrın 9-da işğaldan tam azad edildiyini deyib.

 

O, həmçinin vurğulayıb ki, Azərbaycan deyildiyi kimi 7 rayonu yox, daha çox ərazisini işğaldan azad edib.

 

"Müharibə dövründə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni rayonunun 50 faizdən çox hissəsi və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun 100 faiz ərazisi işğalçılardan azad edilmişdir. Bəziləri müharibənin yekunlarını şərh edərkən deyirlər ki, Azərbaycan yeddi rayonu azad edib, bu, belə deyil. Biz yeddi rayonu, Şuşa şəhərini, Suqovuşan qəsəbəsini, Talış qəsəbəsini, keçmiş Hadrut rayonunu, keçmiş Martuni rayonunun böyük hissəsini azad etmişik və tarixi ədaləti bərpa etmişik," - İlham Əliyev deyib.

 

İlham Əliyev "Hadrut qəsəbəsinin işğaldan azad edilməsinin böyük əhəmiyyətə malik olan bir əməliyyat" adlandırıb.

 

"Çünki Cəbrayıl rayonundan, Cəbrayıl şəhərindən sonra Hadrutun azad edilməsi hərbi əməliyyatlarımızın davam etdirilməsi üçün xüsusi əhəmiyyətə malik olan hadisə idi. Onu da bildirməliyəm ki, Füzuli şəhəri Hadrutdan sonra azad edilmişdir - oktyabrın 17-də. Ermənistan ordusu bizi məhz digər istiqamətdə gözləyirdi. Ancaq müharibə qaydalarına əməl edərək, strateji planlaşdırmanı düzgün icra edərək biz Cəbrayıldan sonra Hadrutu, ondan sonra Füzulini işğaldan azad etdik".

 

O vurğulayıb ki, Şuşaya istiqamət götürmək üçün "məhz Hadrutun azad edilməsi önəmli" olub.

 

Daha sonra Azərbaycan Prezidenti işğaldan azad olunmuş Tuğ kəndindəki bəzi alban məbədlərində olub, Azıx kəndinə, burada yerləşən Azıx mağarasına baş çəkib.(Modern.az)