BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Məcburi köçkünlər arasında böyük qayıdış SORĞUSU

16 mart 2021 09:32:55

İşğaldan azad edilmiş ərazilərə qayıdışın səmərəli təşkili üçün repatriasiya potensialını proqnozlaşdırmaq məqsədi ilə ADA Universitetində yaradılmış Tədqiqat qrupu dövlət sifarişi əsasında apardığı araşdırmanın ikinci mərhələsinə başlayıb.

 

ADA Universitetindən Zəfər.Az-a verilən məlumata görə, “Azərbaycanın post-konflikt ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili” adlı tədqiqatın mart ayının 9-da başlamış hazırkı mərhələsində məcburi köçkünlərlə müsahibə-sorğular keçirilir. Üzbəüz sorğuların əsas məqsədi məcburi köçkünlərin qayıdışla bağlı niyyət, istək və təkliflərini dərindən öyrənmək, repatriasiyanın ümumi potensialını və mərhələlər üzrə “sıxlığını” qiymətləndirməkdir.

 

Müsahibə-sorğu qarışıq üsulla - statistik məlumatların təhlili və təsadüfi seçim əsasında müəyyənləşdirilən və əksəriyyəti ailə başçılarından ibarət olan 1100 məcburi köçkün arasında keçirilir. Reprezentativlik bütün mümkün parametrlər üzrə təmin edilir.

 

Müsahibəçilər (sorğu aparanlar) ölkənin müxtəlif elm və təhsil müəssisələrini təmsil edən yüksək hazırlıqlı gənc mütəxəssislərdir. İşə başlamazdan əvvəl onlar üçün xüsusi təlimlər təşkil olunub, təlimlərin sonunda hər bir müsahibəçi test sınağından keçib.

 

Tədqiqat qrupu bir daha bildirir ki, sorğuda iştirak edən məcburi köçkünlər haqqında şəxsi məlumatlar qapalı saxlanılır və yalnız repatriasiyanın səmərəli təşkili üzrə dövlət orqanları üçün nəzərdə tutulan analitik sənədlərin hazırlanması üçün istifadə ediləcək.

 

Bununla yanaşı, ümumi tədqiqat çərçivəsində məcburi köçkünlər arasında fevral ayının 22-dən etibarən internet üzərindən keçirilən onlayn-sorğu da uğurla davam etməkdədir. Onlayn-sorğuda iştirak etmək üçün https://sorgu.ada.edu.az saytına daxil olmaq lazımdır.(Modern.az)