Şuşaya getmək istəyənlərin işi ASANLAŞACAQ
15 mart 2021 15:19:21
“Füzuli hava limanının inşası sürətlə davam edir”.
Bu barədə Zəfər.az-a danışan deputat Vüqar Bayramov bildirib ki, ilin sonunda hava limanının istifadəyə veriləcəyi gözlənilir:
“Bu işğaldan azad edilmiş ərazilərin inkişafı baxımından vacib layihələrdən hesab olunur. Sözgedən hava limanı işğaldan azad edilmiş ərazilərimizə xarici turistlərin gəlməsi baxımından olduqca faydalıdır və yeni imkanlar yaradacaq. Nəzərə alsaq ki, Qarabağın incisi hesab olunan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyən xarici turistlərin sayı kifayət qədər çoxdur. Bu baxımdan Füzulidə hava limanının tikilməsi imkan verəcək ki, həmin turistlər daha sərfəli və qısa yolla, birbaşa işğaldan azad olunan ərazilərimizə səfər edə bilsinlər”.
Onun sözlərinə görə, bu amil işğaldan azad edilmiş ərazilərimizə, eləcə də Füzuli rayonuna gələcək turistlərin sayına müsbət təsir göstərəcək:
“Aeroport daha çox turistin ölkəmizə gəlməsinə imkan yaradacaq. Eyni zamanda hava limanı yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını nəzərə alsaq, Füzulidə açılacaq hava limanı həm də həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxmından vacibdir.
Hava limanın inşası və yaxın gələcəkdə istifadəyə verilməsi yeni iş yerlərinin yaradılmasına da xidmət edəcək. Bu xüsusən, işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşan vətəndaşlarımızın məşğulluğunun təmin olunması baxımdan vacibdir”.(Modern.az)