BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Gənclərə mesaj: “Qəhrəmanlar unudulmur” - FOTOLAR

08 fevral 2019 18:49:38

 

Bakı Ali Neft Məktəbi və “Zəfər" Şəhid Ailərinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə 2016-cı ildə baş verən “Aprel döyüşləri” mövzusunda “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib.

Zefer.az xəbər verir ki, tədbirdə millət vəkilləri Fazil Mustafa, Qənirə Paşayeva, Tahir Kərimli, xalq şairi Sabir Rüstəmxanlı, “Zəfər" Şəhid Ailərinə Dəstək İctimai Birliyinin üzvləri, habelə Aprel döyüşləri zamanı şəhid olmuş hərbçilərin ailələri, qazilər, Ali Neft Məktəbinin tələbələri və media nümayəndələri iştirak edib.

Mərasimi Ali Neft Məktəbinin rektoru Elmar Qasımov giriş sözü ilə açıb. Qonaqları salamlayan rektor Aprel döyüşlərinin əhəmiyyəti və Azərbaycan tarixində yeri haqqında geniş məlumat verib:

“Hər birinizi məktəbizimizdə salamlayır və “Qəhrəmanlar unudulmur” tədbirində iştirak etidiyinə görə minnətdarlığımı bildirirəm. Biz bu mərasimə bir ruh yüksəkliyi ilə gəlmişik. Həmçinin, bu tədbirin hazırlanmasında böyük ruh yüksəkliyi göstərilib. Burada bizim hərbçilərimizin ailələri, qəhrəmanlarımızın övladları iştirak edirlər. Mən onları ürəkdən alqışlayıram. Bu tədbir Bakı Ali Neft Məktəbi ilə yanaşı, “Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşəbbüsü ilə keçirilir. İcazənizlə mən bu tədbirin hazırlanmasında böyük əməyi olan ictimai birliyin rəhbəri Sevinc xanıma öz təşəkkürmü bildirirəm. Sevinc xanım həm də bizim qəhrəmanımız Raquf Orucovun həyat yoldaşıdır. Tədbirimizin ali məqsədi “Aprel döyüşləri” kimi şanlı hadisələrin gənc nəslimizə hər detalı, xırdalığı ilə çatdırılması, şəhid ailələrinin sosial həyatlarında yaxından iştirak etmələri və onların da şəhid olan qəhərmanlarımız kimi vətənpərvər ruhda böyüməsini təmin etməkdir. Biz bu günü matəm kimi yox, zəfər günü kimi qeyd etməliyik. Ona görə ki, bu döyüşlər Azərbaycan ordusunun nəyə qadir olduğunu bütün dünyaya sübut etdi”.

Daha sonra “Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, Aprel şəhidi Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə çıxış edərək şəhid ailələrinin aliliyindən danışıb və gənclərin onlara dəstək olmaları məsələsinə toxunub:

“Dəyərli qonaqlarımızı və dəyərli gəncliyimizi salamlayıram. Mən arxamda duran bütün şəhid ailələrinin adından gəncliyimizə xitab etmək istəyirəm. Bizə bir şəhid ailəsi kimi vacib olan gənclərin qarşısına çıxa bilməkdir. Siz olaylara kənardan baxırsınız, amma biz şəhid ailəsiyik. Biz şəhidlərin ruhu qarşısında şəhid ailəsi olaraq nələr edirik, ondan danışacam. Mən də bir şəhid ailəsiyəm. Adətən insanlar şəhid ailəsinin adını eşidəndə kövrəlir ki, ailə başçısını itirib. Amma bir də belə baxın: Bütün şəhid ailələri hərəsi bir qəhrəman yetişdirib, bu qadınların hərəsi bir qəhrəman ər itirib. Amma heç çətinlik qarşısında sınmadılar. Biz bu təşkilatı birlikdə qurduq və qarşımıza məqsəd qoyduq ki o qəhrəmanları unutmayaq, yaşadaq. Özümüz yaşadaq və arxamızca siz gəncliyi aparaq. Ona görə də bu gün sizin qarşınızdayıq. İndi onların adından sizə müraciət edirəm. Bir şəhid ailəsi kimi bizə o qəhrəmanların adının yaşadılması lazımdır. Hərəniz bir Pəncəli, bir Raquf, bir Murad olasınız. Və hər biriniz elmdə, savadda başqa insanlardan üstün ola bilərsiniz. Amma həm də vətənpərvər ruhda böyüməyi unutmamalısınız. Hər birinizin ürəyində azərbaycançılıq, nikbin ruh hissi olsun. Vətən eşqi olsun. Şəhid olan əsgərlərimizin eşqi olsun. Burada elə analar var ki, gözünün ağı-qarası bir övladını şəhid verib. Elə ana var ki, onun övladı 700 balla ali məktəbə qəbul olub, amma lazım gələndə könüllü şəkildə vətənin müdaifəsinə gedərək şəhid olub. Bu gün o anaların oğulları yoxdur, amma sizin hər biriniz onların övladlarısınız. Çünki bu, sizin vətəndaşlıq borcunuzdur. Gəncliyimizdən xahiş edirəm ki, vətənimizin dəyələrini qoruyaq, milli dəyərlərimizə sahib çıxaq. Çünki bizim hələ bitməyən müharibəmiz var”.

Tədbir məşhur hərbi mahnıların müəllifi Şəmistan Əlizamanlının və Bakı Ali Neft Məktəbinin tələbələrinin çıxışı ilə davam edib. Daha sonra kürsüyə çıxış etmək üçün yazıçı Sabir Rüstəmxanlı dəvət edilib. S.Rüstəmxanlı bildirib ki, çoxdandır, belə gözəl, ruh yüksəkliyi ilə keçən məclisdə iştirak etməyib:

“Burada gənclər, şəhid ailələri, millət vəkilləri, qazilər toplaşıb və onlar millətimizin dərdini paylaşırlar. Həm də qələbəsini bayram edirlər. Bu duyğuları bölüşmək üçün bir araya gəlmək çox vacib işdir. Cvanlar yəqin ki, Qarabağı göməyib. Ona görə də bizim nə itirdiyimizi təsəvvür edə bilmirlər. Biz cənnətimizi itirmişik. Kəlbəcərin, Laçının, Şuşanın, Cəbrayılın nə demək olduğunu ancaq onu görənlər bilər. Bununla barışmaq olmaz. Hərçənd ki, son vaxtlar sülh sözləri çox eşidilir. Ancaq o torpaqlar geri qayıtmadıqca, sülh də olmayacaq. O torpaqları da sizlər qaytaracaqsınız. Bu baxımdan belə tədbirlərin keçirilməsinin çox böyük əhəmiyyəti var. Rahatlıq bizim gəncliyimizə haramdır. Onlar həm oxumalı, həm də vətənin müdafiəsinə hazırlaşmalıdırlar. Ermənilər özlərini elə aparırlar ki, sanki hər şey bitib. Ancaq bu, belə deyil. Biz məğlub deyilik. Hər şey hələ indi başlayır. Hər şey gənc nəslin böyük vətənpərvərlik duyğuıarından başlanacaq. Dünyada erməninin tərəfdarı və havadarı çoxdur. Lakin bizim qeyrətimiz var. Onunla da torpaqlarımızı qaytarmalıyıq. Aprel döyüşləri göstərdi ki, Azərbaycan gəncliyi buna hazırdır. Bu gənclik döyüşdən qorxmur. İstənilən zaman silaha sarılmağa hazırdır”.

Millət vəkili Qənirə Paşayeva isə vətənpərvərlik mövzusunda gənclərə tövsiyələrini verib:

“Türklərin gözəl bir sözü var: Söz konusu vatansa, gerisi teferrüatdır. Bax bu söz hər şeyi ifadə edir. Bu gün bayraqlarımızın azad, qürurla dalğalanması məhz bizim canından qanından, ailəsindən keçən şəhidlərimizin və dövlətimizin sayəsindədir. Bu şəhid ailələri dövlətdən hər cür dəstəyini görür. Elə bir neçə gün öncə möhtərəm prezidentimiz özü şəxsən onlarla görüşdü və dövlətin maddi dəstəyini öz əlləri ilə ailələrə təslim etdi. Şəhidlərin adi insanlardan bircə fərqi var. Hər kəs bir ana və atanın övladı kimi dünyaya gəlir. Dünyadan da o cür köçür. Ancaq şəhidlər dünyaya bir ana və atanın övladı kimi gəlib, bir millətin, bir xalqın övladı kimi gedir. Bax bu ali adın ağırlığını daşımaq da şəhid ailələrinin üzərinə düşür. Buna görə də biz xalq olaraq, gənc nəsil olaraq onların yanında olmalıyıq. Onların əlindən tutmalı, birinin işi olanda onun yanında getməli, birinin övladını, nəvəsini heç olmasa, ildə bir dəfə gəzməyə aparmalıyıq. Çünki bu, bizim vicdan borcumuzdur. Bu bizim şəhidlərə olan sədaqətimizdir. Gənclərimizdən rica edirəm ki, şəhid ailələrinə öz diqqətlərini əksik etməsinlər”.

Tədbir bəddi hissə ilə davam edib. Sonda Ali Neft Məktəbinin rektoru Elmar Qasımov yekun çıxışı edərək bütün qonaqlara öz minnətdarlığını bildirib və ali təhsil ocağında belə tədbirlərin mütəmadi olaraq keçirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini deyib.