Anti-terror təlimlərinin hədəfi...
15 mart 2021 15:05:54
Bu gün 10 min əsgər kazarmaları tərk edir, 100-dən çox texnika, 200-ə qədər artilleriya, 30-a qədər döyüş təyyarəsi və PUA-ların iştirakı ilə anti-terror təlimləri başlayır.
Məqsəd dağlıq-meşə və çətin relyefli ərazilərdə ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşmasını məşq etməkdir.
Diqqətçəkən məqamlar:
- 44 günlük müharibədən sonra ordunun ilk genişmiqyaslı hərbi təlimlər keçirməsi: döyüş başa çatıb və 4 aylıq fasilədən sonra ordunun hazırlıq vəziyyəti yoxlanılır;
- Bütün növ qoşun növlərinin XTQ-nin əməliyyat-taktiki gedişlərinə uyğunlaşdırılması: bundan sonra ordunun əməliyyat taktikası xüsusi təyinatlılarla koordinasiya üzərində qurulur;
- Terrorçu dəstələr (qruplar), həmçinin qanunsuz silahlı qruplaşmalara qarşı mübarizə və anti-terror əməliyyatları: Qarabağ münaqişəsi həll edilib, Azərbaycanın qonşu ölkələrə qarşı hərbi iddiası yoxdur, hədəf taxtasında ölkə daxilindəki qanunsuz silahlı birləşmələr və terrorçu qruplaşmalardır;
Hədəf nədir?
Cari: Qarabağdakı terrorçu qruplaşmaların çıxarılması tələbini masada daha güclü şəkildə irəli sürmək;
Ortamənzilli: Danışıqlarla həll edilmirsə, mümkün anti-terror əməliyyatının keçirilməsi;
Burada iki məqam xüsusilə önəmlidir:
Təlimlərin hədəfi – qanunsuz silahlı qruplaşmalarla mübarizə və anti-terror əməliyyatı – rəsmi Bakının “Azərbaycanın ərazi bütövlüyü təmin edilib”, “Qarabağdakı silahlı qruplaşmalar qanunsuzdur və onlara qarşı addımlar anti-terror xarakteri daşıyacaq” mövqeyinin hərbi müstəvidə nümayiş etdirilməsidir;
Masada istəyimizə nail olmasaq, anti-terror əməliyyatı Xankəndidə yox, erməni silahlı birləşmələrin Azərbaycan ordusu ilə üzbəüz dayandığı ətraf ərazilərdə keçirilə bilər və bu, ruslara qəti mövqe nümayiş etdirmək məqsədi daşıyacaq;
Putinin Əliyevə zənginin arxasındakı səbəblərdən biri də məhz bu təlimlər idi: ruslar məsələlərin masada həllində maraqlıdır və bununla həm vaxt qazanır, həm də sülhməramlı imicini qorumağa çalışırlar.