Nazirlikdən kəskin hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT
11 mart 2021 15:19:20
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
FHN-in Mətbuat xidmətindən Zəfər.az-a daxil olan müraciətdə deyilir:
"Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gündən Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq martın 13-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək, yağıntılı olacaq, havanın temperaturu enəcək. Xüsusən, Bakıda və Abşeron yarımadasında güclü külək əsəcəyi, çovğun olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.
Gözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, təhlükəsizlik naminə ciddi zərurət olmadan güclü küləkli və çovğunlu havada bayıra çıxmamağı tövsiyə edir.
Bununla yanaşı, əgər güclü külək və çovğun sizi küçədə haqlayıbsa, yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durun, elektrik dirəyi və məftillərinin, hündür ağacların altında dayanmayın. Bu zaman diqqətli hərəkət edərək yaxınlıqdakı binanın zirzəmisində və ya möhkəm tikilidə daldalanmağa çalışın.
Buz bağlamış yollarda hərəkət edərkən:
• ayaqqabını sürüşməyə qarşı hazırlayın – ayaqqabının dabanına metal basma, quru altlığa isə yapışqan plastır, yaxud izolyasiya lenti yapışdırın. Altlığı qum və ya sumbata kağızı ilə sürtün;
• ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq addımlayın. Bu zaman ayaqlar azca zəiflədilmiş, əllər boş olmalıdır;
• yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur;
• sürüşsəniz, zərbənin gücünü azaltmaq üçün oturun;
• yıxılanda özünüzü toparlayın, qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı “112”-yə zəng edin!"