BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Qardaşının gözü qarşısında şəhid olan GİZİR

03 mart 2021 15:07:05

Muxtara cəsarətinə görə rütbə verilmişdi

 

Muxtarla ilk tanışlığım…

 

Birinci Qarabağ müharibəsinin qəhrəmanlarından bir də Muxtar Muradovdur. Onunla tanışlığımın maraqlı tarixçəsi var. Azərbaycan Dövlət Universitetini (Bakı Dövlət Universiteti) bitirdikdən sonra təyinatım o vaxtkı Qutqaşen (Qəbələ) rayonuna verilmişdi. Oktyabrın 1-də rayon Təhsil şöbəsinə gəldim və müdir müavininin qəbulunda oldum. Müavin məni gülərüzlə qarşıladı.

 

– Rayon mərkəzində və yaxın kəndlərdə kimya müəllimi ixtisası üzrə boş yer yoxdur. Səni elə bir kəndə müəllim göndərəcəm ki, sonralar mənə “sağ ol” deyəcəksən. Əmirvan kəndinin camaatı mehribandı, qonaqsevərdilər.

Razılaşdım və əmrlə Əmirvan kənd orta məktəbinə kimya müəllimi təyin olundum.

Otaqdan çıxarkən müdir müavini dedi:

– Avtovağzala get, Əmirvana avtobusunun yola düşməsinə az qalıb, gecikmə.

Təhsil şöbəsinin binasından avtovağzala piyada 10 dəqiqəlik məsafə vardı. Avtovağzalda rayonun kəndlərinə gedən avtobuslar bir cərgə boyu düzülmüşdü. Onların ön şüşəsinə vurulmuş lövhədə kəndlərin adları yazılmışdı. Qəmərvan adı diqqətimi çəkdi. Avtobusa minib arxa sıradakı yerlərin birində oturdum. 10-15 dəqiqə keçsə də sürücü görünmürdü, axırda dözməyib yanımda oturan sərnişindən soruşdum:

– Avtobus Əmirvana nə vaxt yola düşəcək?

Təəccüblə üzmə baxıb:

– Səhv avtobusa minibsən. Avtobus Əmirvana deyil, Qəmərvana gedir. Bu iki kənd isə rayonun bir-birinin əks istiqamətində yerləşir. Düş, indilərdə Əmirvan avtobusu yola düşməlidir, özünü ona çatdır, yoxsa gecəni rayon mərkəzində keçirməli olacaqsan.

Yaxşı ki, sualı vaxtında vermişdim. Axşamüstü idi, tez, Qəmərvan atobusundan düşdüm. Əmirvana gedən avtobusu isə tez tapdım. Mən avtobusa minən kimi yola düşdü. Yalan olmasın, nağıllardakı kimi 30-40 km yol getdik, kəndlərdən, çaydan keçdik, nəhayət təpəliyin üstündə bir kəndə çatdıq. Avtobus geniş meydançası olan bir mərtəbəli binanı da arxada qoyub poçt binasının yanında dayandı, axırıncı sərnişinlər (məndən başqa) də düşdü.

Sürücü (yanılmıramsa adı Soltan idi) məndən soruşdu:

– Buralara yadsan, kimə qonaq gəlibsən? Axırıncı dayanacaqdı.

– Əmirvan məktəbinin yanındakı dayanacaqda düşməliyəm, təyinatla gəlmişəm,-dedim.

– Məktəbin yanından keçdik, indi həmin yolla geri qayıdırıq, dayanacaqda saxlayacağam, düşərsən.

Məktəbdə tütün yığımı ilə əlaqədar dərslər keçirilmirdi, şagirdlər valideynlərinə kömək etmək üçün bir neçə həftəliyə bağlanmışdı. Həyətdə məktəb direktorunu gözləməli oldum, 10-15 dəqiqədən sonra müəllimlərlə birlikdə məktəbin direktoru Əmirxan Burzuyev də gəldi. Məni müəllimlər mehriban qarşıladılar, kirayə evlə də təmin olundum.

Növbəti gün eyvanda kitab oxuyurdum. Həyətə 12-13 yaşında bir oğlan uşağı daxil oldu. Mənə yaxınlaşıb salam verdi.

– Müəllim, mənim adım Muxtardı, məktəbdə oxuyuram. Anam məktəbdə süpürgəçi işləyir, ona görə də tütün yığmağa getməmişəm.

Sonra eyvanda bir neçə akrobatika hərəkətləri etdi və tanış olduq. Muxtar Əmirvan orta məktəbində ilk tanış olduğum şagirdim idi.

O vaxt ağlıma gəlməzdi ki, qarşımdakı məktəbli böyüyüb Vətəni, torpağı uğrunda vuruşacaq, canını torpağı uğrunda qurban verəcək.

 

“Muxtar bir zərbə ilə Alikin əlindəki bıçağı yerə saldı”

 

Əslində isə Muxtarda orta məktəbdə oxuyarkən Vətən sevgisi, döyüş ruhu formalaşmışdı. Onunla bağlı bir hadisə də xarakterini açır. Sinif yoldaşı Mübariz Rəhimov deyir:

“Onunla bir sinifdə oxumuşam, digər sinif yoldaşlarıma nisbətən özünə qapanan şagird olsa da, mənimlə çox yaxşı münasibətləri vardı. Muxtargilin qonşuluğunda Aloş Aramyanın ailəsi yaşayırdı. Aloşun 2 oğlu - Alik və Andranik də bizimlə bir sinifdə oxuyurdu və Muxtar onları heç sevməz və bəzən dalaşardı. Bu dalaşmaların da səbəbi vardı, onlardan birinin səbəbini sonradan bildik. Ümumiyyətlə, Andranik zəif bədən qurluşlu olsa da, əsl erməni şovinisti və qaniçən xarakterli idi.

Muxtar mütəmadi idmanla məşğul olurdu və fiziki cəhətdən sağlam idi. Bir dəfə Muxtar Andraniklə dalaşanda Alik qardaşına köməyə gəldi. Lakin Muxtar geri çəkilmədi, qardaşları qaçmağa məcbur etdi. Onların dərsdən sonra Muxtarı təkləyib döymək istədiyini bildiyimdən dərs bitdikdən sonra Muxtarla birlikdə məktəbdən çıxdıq və onlara getdik. Tində Aliklə Andranikin Muxtarı gözlədiyini gördüm. Alikin əlində bıçaq vardı və Muxtarı yaralamaq niyyətində idi. İki qardaş bizi hədələdilər, sonra isə hücum etdilər. Onların öhdəsindən gəldik, Muxtar bir zərbə ilə Alikin əlindəki bıçağı yerə saldı.

Bu dava sonradan məktəb direktoru səviyyəsində müzakirə olundu. Muxtardan şikayəti Aloş Aramyan etmişdi. Davaya isə erməni Andranikin türkləri söyməsi səbəb olmuşdu. Muxtarın yanında erməni dığası türklərə söyə, o da bunu sakitliklə qarşılaya - bu mümkünmü? - əlbəttə yox.

Mən də bir neçə dəfə erməni qardaşları ilə dalaşmışam. Andranikin dediyi cümlələr bu gün də qulaqlarımda səslənir: “Tezliklə siz bizim nökərlərimiz olacaqsız. Burda hər şey bizim olacaq, hər şey ermənilərə məxsus olacaq”.

Biz o vaxt onun dediklərini adi söz kimi, sərsəmlik və gülünc bir şey kimi qəbul edirdik. Amma sonradan məlum oldu ki, ermənilərin gələcək üçün məkrli niyyətləri, planları varmış, qardaşlar da evlərindəki bu barədə söhbətlərdən məlumatlı idilər. Deməli, adi ermənilər də gələcəkdə baş verəcək hadisələrdən xəbərdar idilər.

Onu da deyim ki, bizimlə paralel sinifdə oxuyan Asif Seyidov Muxtarın Aramyan qardaşları ilə dalaşdığını eşidib məktəbin qarşısında onların qarşısını kəsmiş və xəbərdarlıq etmişdi:

– Muxtar tək deyil. Ona bir söz desəniz, özünüzü ölmüş bilin!

Asif vətənpərvər oğlan idi, Qarabağ müharibəsində, Kəlbəcər uğrunda döyüşdə şəhid oldu”.

 

“Muxtar çox zəhmətkeş, yardımsevər gənc idi”

 

Muxtar Muradov atasını uşaqkən itirmişdi. Atası Məhərrəm kişi Cənubi Azərbaycanda gedən milli azadlıq və milli demokratik hərakatın iştirakçılarından idi. Azərbaycan Milli hökuməti 1946-cı il dekabrın 12-də süqut etdikdən sonra Sovet Azərbaycanına mühacirət etmiş və ailə quraraq Əmirvan kəndinə yerləşmişdi. Muxtar onun ikinci evliliyindən anadan olmuş üç uşağının sonuncusu, yəni ailənin sonbeşiyi idi. Məhərrəm kişi vəfat etdikdən sonra ailənin bütün ağırlığı həyat yoldaşı Asurə xanımın üzərinə düşdü. Çalışqan qadın olan Asurə xanım zəhmətilə üç uşağı böyütdü, onların təhsil almasına çalışdı. Böyük oğlu Mehman praporşik məktəbində oxudu, bu rütbədə uzun illər ordu sırasında xidmət etdi, Birinci Qarabağ müharibəsində döyüşdü. Qızı Validə mühasibatlıq kursunu bitirdi, ailə qurdu.

Muxtar isə orta məktəbi bitirdikdən sonra, 18 yaşında həqiqi hərbi xidmətə çağırıldı, iki il sovet ordusunun sıralarında xidmət etdi. Kəndə qayıtdıqdan sonra təsərrüfat işləri ilə məşğul olan Muxtar anasının qayğısına qalmağı özünə borc bilirdi. Çalışırdı ki, anası ağır işlər görməsin, daha çox istirahət etsin.

Qarabağ müharibəsi başlayanda könüllü döyüşlərdə iştirak etmək istəsə də, anası tək qadın olduğuna görə onu aparmadılar. Döyüşlərdə iştirak etməsə də, kənddə müharibədə iştirak edənlərin ailələrinə təsərrüfat işlərində kömək etməyi özünə borc bilirdi.

 

Bu barədə Mahir Mahmudov danışır:

“Muxtar çox zəhmətkeş, yardımsevər gənc idi. Kənddə müharibədə iştirak edənlərin ailələri ilə maraqlanar, hal-əhval tutardı. Mən Qarabağ müharibəsində iştirak etdiyim vaxt atamla dəfələrlə görüşüb, nəyə ehtiyacı olduğunu soruşub.

– Mamed dayı, nə vaxt kömək lazim olsa, mənə de. Mahir kənddə yoxdursa, biz burdayıq.

Mənim yoxlugumu atama hiss etdirməzdi. Həmişə təsərrüfat işlərində ona köməklik göstərərdi.

Bəli, Muxtar çox həssas, yardımsevər, həmişə kömək etməyə hazır gənc idi və bunu təməhasız edərdi”.

 

“Evdə qala bilmərəm”

 

O, yoldaşları müharibədə iştirak etdiyi bir vaxtda evdə qala bilməzdi. Bu onun xasiyyətinə, xarakterinə yad idi. Anası Asurə xanım:

“Muxtar cəbhə xəbərlərini daim izləyər, bəzən də xəbərlərdən həyacalanardı. Əgər ordumuzun hücumu uğurlu alinardısa sevinər, əksi olduqda isə çox kədərlənərdi. Tay-tuşları cəhbədə olduğu bir vaxtda kənddə qalıb təsərrüfat işləri ilə məşğul olmağı özünə sığışdıra bilmirdi. “Mən burda deyil, cəbhədə olmalıyam. Dostlarım torpaqlarımız uğrunda vuruşur, düşməndən qoruyur, Mən isə oturub hərbi komissarlıqdan nə vaxt çağrılacağımı gözləyirəm. Kənddə əsgər atalarının üzünə baxa bilmirəm, onları görəndə sıxılıram, özümü rahat hiss etmirəm. Sabah müharibə başa çatdıqdan sonra yoldaşlarım arasında necə çıxım?”, - deyirdi.

 

Sonunda arzusuna da çatdı, oğlum 1993-cü ildə hərbi xidmətə çağırıldı. Artıq oktyabrın 20-dən Azərbaycan Ordusunda xidmət edirdi. O, Qarabağ uğrunda canından keçməyə hazır idi”.

Muxtar xüsusi təlim keçdikdən sonra Ağdərəyə göndərildi, 776 nömrəli xüsusi təyinatlı hərbi hissədə atıcı kimi xidmətə başladı. Bu hərbi hissə yeganə hərbi hissələrdən idi ki, kəşfiyyatçılar üstünlük təşkil edirdi. Xüsusi tapşırıqları yerinə yetirirdi. Kəşfiyyat xarakterli, və ya hücum tapşırıqları olduqda irəli gedir, əməliyyat keçirib, geri dönürdülər.

Keçmiş döyüşçü, 776 saylı xüsusi təyinatlı kəşfiyyat dəstəsinin komandir müavini, hərbi ekspert Tərlan Eyvazov:

“Döyüşçülərimiz hər gün ən azı 12, 14 bəzən 16 saat təlim keçirdilər. Onların hamısı fiziki hazırlıqla, digər peşə hazırlığı ilə yanaşı həmçinin bütün silahlardan sərrast atəş açmağı öyrənmişdilər… Bizim hərbi hissə tamamilə təmin olunmuş, hazırlıqlı bir vəziyyətdə idi. Türklərin də hazırladığı əsgərlər Yaşmadan gəlib bizə qoşuldu.

Muxdar bu batalyonun (tabor) sıralarında döyüş əməliyyatında iştirak etdi. Nümunəvi əsgər kimi andına sadiq qaldı, döyüş tapşırıqlarını layiqincə yerinə yetirdi”.

Onun iştirak etdiyi ağır döyüşlər Tətrər-Ağdərə istiqamətində oldu, 1993-cü ilin dekabr ayında qış əməliyyatı çərçivəsində Ağdərə istiqamətində hücumlar başladı. Şiddətli döyüşlər oldu, ordumuz uğurlu əməliyyatlar həyata keçirdi.

Həmin vaxt cənub istiqamətində də ordumuz düşmənə sarsıdığı zərbələr endirirdi.

Horadiz əməliyyatına dəstək məqsədilə Muxtargil Füzuliyə göndərildi.

Tərlan Eyvazov deyir: “1994-cü ilin yanvarında Füzuli istiqamətində hərəkətə keçdik. Bizə verilən tapşırıq Füzuli istiqamətinə gedib, düşmənin arxasına keçmək, düşmən arxasında qarışıqlıq yaratmaq və zərbə vurmaq, hücuma keçən hərbçilərimizə yol açmaq idi.

Düşmən isə həmin vaxt Tətrər istiqamətində hücum gözləyirdi və bu məqsədlə bu istiqamətdə xeyli qüvvə toplamışdı. Görəndə ki, Tərtər istqamətində boşluqdur, bundan istifadə edərək hücuma keçdilər. Düşmənin məqsədi Tərtəri, Bərdəni, Yevlaxı ələ keçirib Gəncəbasarı mühasirəyə almaq fikrində idilər. Bu plan ruslar tərəfindən hazırlanmışdı. Vəziyyət həddən artıq kritik idi. Bu səbəbdən də hərbi hissə yenidən Tərtərə qaytarıldı”.

776 saylı hərbi hissə təcili geriyə Tərtərə qayıdaraq Marquşevana yerləşib düşmənə əks zərbə vurmaq üçün hazırlandı. 1994-cü ilin yanvar ayının 29-da Ağdərə rayonunun Gödəkburun, Globus,Vışka yüksəkliklərinə hücum etmək və əldə saxlamaq məqsədilə döyüş əməliyyatı başladı. Bu yüksəkliklərin hərbi strateji əhəmiyyəti vardı və düşmən bir çox mövqelərimizi oradan nəzarət edirdi. Buna son qoymaq lazım idi, Qızğın döyüşlər nəticəsində düşmənin çoxsayda həm texnika, həm də canlı qüvvəsi məhv edildi, postları tutuldu. Ermənilər yenidən toparlanaraq itirdikləri mövqelərini geri almaq üçün əks-hücuma keçdillər. Yüksəklilər uğrunda qızğın döyüşlər başladı. Əsgərlərimiz əsl qəhrəmanlıq göstərərək düşmənin əks-hücumunun qarşısını aldılar. Muxtar da düşmən hücumlarının qarşısının alınmasında böyük qəhrəmanlıq göstərdi. O, cəsur, qorxmaz və mərd idi, erməni qəzəbkarlarına qarşı cəsarətlə vuruşdu. Bunlar hərbi hissənin komandiri Eldar Ağayevin diqqətini çəkdi və Muxtara gizir hərbi rütbəsi verildi.

Elə oldu ki, Muxtar düşmən arxasında döyüş tapşırıqlarını yerinə yetirdi, cəsarəti, qəhrəmanlığı ilə seçildi.

O, 1994-cü ildə Tərtər rayonunun Tonaşen kəndi uğrunda gedən qanlı vuruşmaların iştirakçısı oldu və çoxsayda erməni yaraqlısı məhv etdi.

Aprelin 26-da Muxtar döyüş yoldaşları ilə Tərtər-Ağdərə yolunda nahar edərkən yaxınlıqda baş verən partlayış nəticəsində həlak oldu. Həmin vaxt qardaşı Mehman da o ərazinin yaxınlığında olub, ilk yardım göstərməyə çalışıb, lakin Muxtar şəhadətə qovuşub.(Modern.az)

 

Xəqani Əliyev