Milli Məclisin yeni sədri seçildi
10 mart 2020 14:42:24
Altıncı çağırış Milli Məclisin ilk iclası keçirilib.
Zəfər.Az-ın məlumatına görə, iclasin sədri Ziyad Səmədzadə gündəliyi təqdim edib.
Gündəlik təsdiqləndikdən sonra Milli Məclis Sədrinin seçilməsi məsələsi müzakirə olunub.
Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisə sədri kimi namizədliyi irəli sürülüb.
Sahibə Qafarova Yeni Azərbaycan Partiyasının Sədrinə və partiya üzvlərinə təşəkkürünü bildirib.
Sonra səsvermə olub və 116 səs leyinə olmaqla Sahibə Qafarova Milli Məclisin sədri seçilib.
Xatırladaq ki, 9 fevral 2020-ci il tarixdə Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Sahibə Qafarova 98 saylı Şəmkir şəhər seçki dairəsindən 52.1 faiz səslə Milli Məclisə deputat seçilib.
Qeyd edək ki, Sahibə Qafarova 1955-ci ildə anadan olub. O, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu və Azərbaycan Dillər Universitetini (ingilis filologiyası üzrə) fərqlənmə diplomları ilə bitirib.
1981-ci ildən bu günə qədər Bakı Slavyan Universitetində çalışır. 2000-2004-cü illərdə Qərb Universitetinin Qərbi Avropa Dilləri fakültəsinin dekanı və İngilis filologiyası kafedrasının müdiri vəzifələrində çalışıb.
Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru olub.
Uzun illərdir ki, ölkəmizi Avropa Şurası Parlament Assambleyasında, AVRONEST-də təmsil edir.
Adlarını çəkdiyimiz qurumlarda Sahibə Qafarova komitə rəhbəri, mərizəçi kimi fəaliyyət göstərib.
Sahibə Qafarova ədəbiyyat nəzəriyyəsi, müasir rus və Amerika ədəbiyyatları üzrə mütəxəssisdir. 70-dən çox elmi və tədris-metodik işin, proqramların, dərs vəsaitlərinin müəllifidir. Filologiyada Gender problemlərinin tədqiqi ilə məşğuldur.
Azərbaycan alimi, filologiya elmləri doktoru, professordur.