BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Tarixdə iz qoyanlar: Bir generalın şərəfli ömrü... - “Artilleriyanın Allahı”

03 mart 2021 10:02:39

3 mart tarixi Əliağa Şıxlinskinin doğum günüdür...

 

Rubrikamızda vaxtilə Azərbaycanda məşhur olmuş adlı-sanlı simalar barəsində arxivlərimizdə toz basmış materiallara işıq salınacaq. Tariximizdə iz qoymuş bu şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.

 

Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər.

 

Topçu briqadasının baş həkimi Zelenskinin ona verdiyi “sizin bu cür istedadınız olduğu halda, niyə akademiya təhsili almadınız...” sualına “təsadüf belə gətirdi” deyə cavab vermişdi. Bəli, o, akademiya təhsili görməmişdi, amma fitri istedadı, dürüstlüyü və nizam-intizamı sayəsində podporuçik rütbəsindən general-leytenant rütbəsinə qədər yüksəlməyi bacarmışdı.

 

Söhbət nəzəri və təcrübi cəhətdən rus artilleriyasının inkişafında və dünyada tanıdılmasında danılmaz xidmətlərinə görə “artilleriyanın Allahı” adını almış topçu generalı Əliağa Şıxlinskidən gedir.


Əliağa Şıxlinski, 1863-cü il martın 3-də Yelizavetpol quberniyasının Qazax qəzasının Qazaxlı (indiki Aşağı Salahlı) kəndində kiçik mülkədar İsmayıl ağa Şıxlinskinin ailəsində doğulmuşdu. O, kökü 16-cı əsrdən başlayan bir nəslin nümayəndəsi idi. Ulu babası Ağdolaq Məhəmməd ağa Qazax qəzasına böyük ehtimallara görə, Türküstanın cənub torpaqlarından köçüb gəlmişdi. Onun iki oğlu var idi: Şıxı və Əli Qazaq. Əliağa Əli Qazağın nəslindən idi.


1801-ci ildə Qazax sultanlığı Gürcü çarlığının tərkibində Rusiya təbəəliyinə keçdi. Bu hadisədən sonra yerli camaat arasında rus sonluqlu soyadlarını qəbul etmək meyli getdikcə artmağa başladı. Ağdolaq Məhəmməd ağanın nəslinin hər iki qolu Şıxlinski soyadında birləşdi.


Əliağa ailədə 11 uşağın ən kiçiyi idi. Atası onun qərb üsullu hərbi məktəbdə təhsil almasını istəyirdi. Bu məqsədlə onu 1875-ci ildə Tiflisə, həyat yoldaşı Şahyəmən xanımın əmisi oğlu Qaibzadə (Qaibov) Mirzə Hüseyn Əfəndinin (1883-1917-ci illərdə Qafqaz müftisi olub) yanına göndərdi. Mirzə Hüseyn Əfəndi çox ziyalı və dindar bir şəxs idi. O, kiçik Əliağanı həm himayə edir, həm də təlim-tərbiyəsi ilə yaxından məşğul olurdu.


Əliağa Şıxlinski hələ kiçik yaşlarından bədəncə iri, sağlam, güclü olmaqla yanaşı, çevik və diribaş idi. Məhz, bu şəxsi keyfiyyətlərinə görə o, Tiflisdə 1876-cı ildə xüsusi gimnaziyanı, 1883-cü ildə isə hərbi gimnaziyanı böyük müvəffəqiyyətlə bitirərək, ölkənin bütün kadet korpuslarından seçilmiş ən yaxşı tələbələrin toplandığı Mixailovski Topçu Peşə Məktəbinə daxil olur. Burada ona professor Lev Kirpiçev, professor Aksel Qadolin, general Nikolay Mayevski, general Adrian Usov kimi ölkənin artilleriya üzrə görkəmli mütəxəssisləri dərs deyir. Müəllimləri tərəfindən sevilən və rəğbətlə qarşılanan Ə.Şıxlinski dərslərindən əlavə olaraq, biliyini artırmaq üçün digər təhsil ocaqlarında keçirilən mühazirələrə də qatılır, daim öz üzərində çalışırdı. Paytaxt mühiti onun püxtələşməsinə çox müsbət təsir etmişdi.


1886-cı ildə o, bu məktəbdən məzun oldu. Məktəbi müvəffəqiyyətlə bitirdiyinə və tələbələr arasında at yarışında birincilik əldə etdiyinə görə nağd pul və qızıl saat ilə mükafatlandırılaraq, 39-cu topçu briqadasına podporuçik təyin olundu.


Hərbi fəaliyyəti dövründə özünü parlaq artilleriya bilicisi, yaxşı təşkilatçı, bacarıqlı müəllim kimi göstərmiş Əliağa Şıxlinski bir çox başqa məziyyətlərinə görə də zabit və əsgərlər arasında daim böyük hörmətlə qarşılanırdı. Qumar və içkini əsla sevməz, yarışlarda hansı atın birincilik qazanacağını demək olar ki, səhvsiz müəyyən etməsinə baxmayaraq, heç vaxt heç kəslə mərc tutmaz və totalizatora pul qoymazdı. Milli və dini ayrı-seçkiliyi sevməyən Şıxlinski yüksək rütbəli rus zabitləri tərəfindən sıxışdırılan inanclı (rus olsa belə) və qeyri-rus mənşəli əsgərləri dəfələrlə müdafiə etmişdi.


O, səyahət etməyi çox xoşlayırdı. Ən böyük arzusu dünya səyahətini gerçəkləşdirmək idi. Ancaq belə bir səyahətə çıxmaq üçün çoxlu pul lazım idi. Çar Rusiyası dövründə hərbi xidmət zamanı bir yerdən başqa yerə köçürülən zabitlərə yüksək kompensasiya ödənilirdi. Təbii ki, bu pulla dünyanı rahat gəzmək olardı. Şıxlinski arzusuna çatmaq üçün xidməti yerini Sibirin şərqinə dəyişdirilməsi haqqında komandanlığa yazılı müraciət edir. Onu öz xahişi ilə əlahiddə Zabaykalye topçu diviziyasına yarımbatareya komandiri təyin edirlər. Lakin səyahət ilə bağlı qurduğu planlar gözlənilmədən yarımçıq qalır. Buna səbəb Çində başlamış olan İxetuan üsyanı idi. Verilən əmrə görə, Şərqi Sibirə təyin edilən bütün zabitlər iki ay ərzində öz yeni xidməti yerlərində olmalı idilər.


1901-ci il idi. Mart ayı olmasına baxmayaraq, Mancuriyada (Çinin tarixi əyaləti) qış sərt keçirdi. Kapitan Şıxlinski əynində ağır qış paltarı, zorba atın belində üstü buz bağlamış Lyaoxe çayının üzərindən keçirilən toplara və mərmi daşıyan arabalara nəzarət edirdi. Çox böyük zəhmətlər sayəsində verilən tapşırıq müvəffəqiyyətlə həyat keçirilir. Bu hərbi kampaniya dövründə Əliağa Şıxlinski yüksək komandirlik bacarığı nümayiş etdirir. O, rəhbərlik etdiyi hərbi hissənin nizam-intizam və təchizat məsələlərinə olduqca ciddi yanaşırdı. Tabeliyində olan əsgərlərinə təmiz undan çörək bişirilməsi və diviziyanın döyüş atlarına keyfiyyətli yem verilməsi üçün korpus intendantı (təsərrüfat-təchizat idarəsi) ilə belə mübahisə etməkdən çəkinmirdi.


Bir dəfə o zabiti olduğu topçu diviziyasının atlarına keyfiyyətsiz yulaf buraxıldığına görə korpus intendantına raport yazır. Diviziya komandiri ona raportunu geri götürməyə çağırır və intendantla mübahisənin onun üçün yaxşı qurtarmayacağını bildirir. Ancaq Ə.Şıxlinski prinsipiallıq göstərərək, bu işin araşdırılması üçün komissiyanın yaradılmasına nail olur. Komissiyanın apardığı yoxlamalar nəticəsində məlum olur ki, kapitan Şıxlinski etdiyi şikayətində haqlıymış və bunun dərhal düzəldilməsi əmr olunur. Əliağa Şıxlinski Çində hərbi kampaniya dövründə göstərdiyi xidmətlərinə görə II dərəcəli “Qılınclı Stanislav” ordeni ilə təltif olunur.

 

1904-cü ilin yanvar ayının 26-da gecə yaponlar Port-Artur qalasına qəflətən hücum edərək, limanda durmaqda olan rus eskadronunun bir neçə zirehli gəmisini partladaraq batırdılar. Bu səbəblə, fevral ayında rus-yapon müharibəsi başladı. Döyüşlərdə əsasən artilleriya və dəniz qüvvələrindən istifadə olunurdu. Rusiya üçün əhəmiyyətli olan buqalanın sonunda yaponlara təslim edilməsinə baxmayaraq, onun müdafiəsi zamanı rus topçuları çox böyük qəhrəmanlıq sərgiləmişdilər. Heç şübhəsiz ki, bu haqda danışan zaman kapitan Şıxlinskinin göstərdiyi yüksək döyüş bacarığını və fədakarlığını unutmamaq lazımdır. O, döyüşlər zamanı yapon hərbi birliklərinin hücumlarının qarşısının alınmasında xüsusi igidlik göstərmişdi. Hətta komandirlik etdiyi yarımbatareyanın nişançıları həlak olduqda belə soyuqqanlılığını itirməyərək, qeyri-adi cəsarətlə özü toplardan düşmən mövqelərinə zərbə endirərək, susmağa məcbur etmişdi. Döyüşlərdə göstərdiyi şücaətinə görə, Ə.Şıxlinski imperator II Nikolay tərəfindən IV dərəcəli “Müzəffər Georgi” ordeni, podpolkovnik rütbəsi və digər mükafatlarla təltif olunmuşdu.

 

Topçuluq sahəsində baş verən yenilikləri daim izləyən podpolkovnik Şıxlinski 1906-cı ildə Artilleriya Zabitləri Məktəbində altıaylıq kursuəla qiymətlərlə bitirərək, həmin məktəbdə pedaqoji fəaliyyətə başladı. Əliağa Şıxlinski həmin il hərb elmi sahəsində mühüm bir yenilik edərək, gözlə görünməyən hədəfi nişanalma nəzəriyyəsini – “Şıxlinski üçbucağı”nı kəşf etdi. Bu nəzəriyyə top atəşi zamanı hədəf göstərmənin rasional üsulu idi. “Şıxlinski üçbucağı” nəzəriyyəsi məktəb rəisinin əmri ilə dərsliyə daxil edilmişdi. Nəzəriyyə nəinki Rusiya, hətta Fransa və Avstriya ordularında da tətbiq olunmuşdu.

 

Əliağa Şıxlinski hərb peşəsi üçün yaranmış bir insan idi. O, fəaliyyəti dövründə böyük nailiyyətlərə imza ataraq, on illik xidməti borcunu üç il ərzində yerinə yetirmişdi. Təbii ki, bu fakt dövlətin nəzərindən kənar qalmadı, onu 1908-ci ildə polkovnik rütbəsi ilə, bir il sonra isə III dərəcəli “Müqəddəs Vladimir” ordeni ilə təltif etdilər. Belə bir mükafatla adətən, müharibə dövründə polka uzun müddə komandanlıq etmiş polkovniklər təltif edilirdi. Bu barədə istər yuxarı dairələrdə, istərsə də orduda çox nadir bir hadisə olaraq danışılırdı.