Bu gün Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
06 mart 2020 16:49:05
Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütəfəkkiri, siyasətçi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) yaradıcılarından olan Məhəmməd Əmin Rəsulzadənin anım günüdür.
Məhəmməd Əmin Rəsulzadə Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, milli istiqlal hərəkatına başçılıq edib. Onun "Bir kərə yüksələn bayraq bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olub.
Məhəmməd Əmin Rəsulzadə 1884-cü ildə Bakının Novxanı kəndində anadan olub. Din xadimi olan atası, oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyub. Buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə təhsilini Bakı texniki məktəbində rus dilində davam etdirib.
1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan deputat seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi ləğv olunduqdan bir gün sonra, seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şürası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şüranın sədri seçilib. 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yayıblar.
Ankara Universitetinin tibb fakültəsinin klinikasında şəkər xəstəliyindən yatan Məhəmməd Əmin, 1955-ci il martın 6-da gecə saatlarında üç dəfə "Azərbaycan, Azərbaycan, Azərbaycan!" deyərək əbədiyyətə qovuşub. Görkəmli şəxsiyyət Ankaradakı Əsri qəbiristanlığında dəfn edilib.