BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Ölümdən qorxmayan Şuşa fatehi: Mərmilər yağış kimi yağanda təpənin başına çıxıb... - FOTO

12 fevral 2021 15:16:58

Qardaşımla sonuncu dəfə sentyabrın 24-də görüşmüşdük. Tamam dəyişmişdi, döyüş ovqatına köklənmişdi sanki. Həm aurası, həm də danışığı həmişəkindən fərqlənirdi, deyib-gülürdü. Üzünə başqa bir işıq, başqa bir nur gəlmişdi. Zarafatla dedim ki, qardaş, saçların qaralıb. İnanmasa da, güldü. Sonra səhərə qədər söhbət edib dərdləşdik, arzularından danışmağa başladı. Novruz mənə həm qardaş idi, həm də əsl dost. Yarım qalmış arzuları o qədərdir ki, heç bilmirəm hansını deyim... Arzularını müharibənin alovuna atmaq istəmirdi, bəlkə də elə bu səbəbdən o gecə ürəyini açırdı ki, kainat qəlbinin səsini eşitsin...

Bu sözləri Publika.az-a müsahibəsində 44 günlük Vətən müharibəsinin Şuşa fatehlərindən olan gizir Novruz Həmzəyevin qardaşı Şamo Həmzəyev deyib. Yaşadığı ağrının azalmadığını və heç vaxt azalmayacağını bildirən qardaşı şəhid haqqında xatirələrini bizimlə bölüşüb:

 

“Novruz 21 mart 1992-ci ildə İsmayıllı rayonunda dünyaya gəlib. Novruz bayramında dünyaya göz açdığı üçün valideynlərim adını Novruz qoyublar. O, evin sonbeşiyi olsa da, ailəsinə və vətəninə son dərəcə bağlı, vəfalı bir insan idi. Heç əliboş gəlməzdi, hər dəfə gələndə evə lazım olan yeni əşyalar alardı. Sakit, təmiz bir dünyası var idi”.

Şamo Həmzəyev bildirib ki, Aprel döyüşlərində də iştirak edən şəhidimiz əvvəllər kəşfiyyatçı olub, daha sonra zirehli döyüş maşını komandiri vəzifəsində xidmətini davam edib:

“Aprel döyüşlərindən sonra üstündə həmişə Azərbaycan bayrağı gəzdirərdi. Bu bayrağı hansısa qutudan kəsmişdi. Soruşurdum ki, niyə mağazadan daha yaxşı bir bayraq almırsan. Cavab verirdi ki, ən çətin günlərimin rəmzidir, ata bilmərəm. Aprel döyüşlərindən xatirə qalan bu kağız parçası onun üçün çox qiymətli idi. Kiçik kağız parçasını şəhid olanda üstündə tapmışdıq. Sinəsində saxladığı bu bayrağı son nəfəsinə qədər qorumuşdu. İndi bu bayraq daha qiymətlidir, çünki üstündə qardaşımın qan izləri var.

 

 

Novruz qələbəyə bir gün qalmış aldığı qəlpə yarasından şəhidlik zirvəsinə yüksəlib. Döyüşdə olduğu 43 gün ərzində bir dəfə də olsun harada olduğunu demədi. Bildiyiniz kimi hərbçilərimiz Şuşaya çox çətinliklə çıxmışdı. Buna baxmayaraq, bir dəfə də olsun şikayət etmədi. Hərbi sirləri gizlədirdi”.

Valideynlərinin onları çox çətinliklə böyütdüyünü deyən şəhid qardaşı Novruzla qürur duyduğunu qeyd edib:

“İmkanlı ailədə dünyaya gəlməmişik. Anamla atam bizi böyüdüb boya-başa çatdırmaq üçün çox əziyyətlər çəkib. Onu da bilirdik ki, hərbçinin həyatı hər an təhlükədə ola bilər. Bununla belə nə anam, nə də atam qardaşımın hərbçi olmasına etiraz etdi. Bu yolu özü seçdi, nə qədər ağır olsa da, ailəmiz qardaşımla fəxr edir. Şanslı insanam ki, belə bir mərd qardaşım olub. Son damla qanına qədər döyüşüb. Deyirdi ki, torpaqlarımızı erməni işğalçılarından azad etmək vətən borcumuzdur və bu, haqq işidir. Tez-tez onu da dilə gətirirdi ki, işğala uğrayan vətən torpaqları ancaq savaşla alınmalıdır! “Bu, mənim haqq işimdir, şəhid olsam, arzularımı və işlərimi sən tamamlayarsan”, - deyib son vəsiyyətini mənə etmişdi”.

 

 

Qardaşının qəhrəmanlığından ağızdolusu danışan Şamo Həmzəyev bildirib ki, Novruz qaynar döyüş nöqtələrindən 127 şəhid və yaralı çıxarıb. “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunan Novruz Füzuli, Hadrut, Cəbrayıl, Qubadlı, Zəngilan, Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak edib:

“Şəhid olduqdan sonra silah yoldaşlarından saysız-hesabsız zənglər gəlib. Qardaşımdan qürurla danışırlar. Əsl döyüşçü keyfiyyətlərinə malik idi, çox ürəkli və cəsur qəhrəman idi, ən təhlükəli yerlərə təkbaşına gedib. Dostları deyir ki, kaska və bronjiletsiz düşmənlərin üzərinə hücum çəkirdi. Pusquya düşən silahdaşlarının sözlərinə görə, Novruz ən riskli yerdən keçərək erməni kapitanını yerə sərib. Başqa bir dostu isə danışır ki, döyüşlərin birində mərmilər yağış kimi yağsa da, Novruz təpənin başına çıxıb gülürdü. Ölümdən qorxmurdu, təhlükənin üzərinə gedirdi”.

 

 

Qardaşını gənc yaşda torpağa verən Həmzəyev Novruzun tez-tez yuxularına girdiyini deyib:

“Söz vermişdi ki, qayıdacaq. Həyat sözünün üstündə durmağa imkan vermədi, ancaq yuxularımda görürəm ki, o, sağ-salamat evə qayıdır və deyir ki, qardaş, daha heç yerə getməyəcəm...”