SEVİNC ORUCOVA: Hər bir şəhidimiz bizim üçün bir Vətəndir
10 fevral 2021 11:08:33
Şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova: “YAŞAT” Fondu bu sahədə böyük işlərə imza atacaq
“44 gün davam edən Vətən müharibəsində şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı, xalqımızın ordu və dövlətlə birliyi sayəsində Azərbaycan xalqı qələbə qazandı. Biz bu günü 30 ildir gözləyirdik. Xalqımız, yetişən gənc nəslimiz sübut etdi ki, Azərbaycan heç vaxt Qarabağdan vaz keçməyəcək. Azərbaycan Ordusu sözünü dedi və torpaqlarımız işğaldan azad edərək, şəhidlərimizin də qisasını aldı. Biz hamımız birik və Ali Baş Komandanın ətrafında sıx birləşmişik. Bu gün Azərbaycan Ordusu ən müqəddəs vəzifəsini həyata keçirir, şanlı tarix yazır. Hamımız ordumuzla qürur duyuruq. Bu tarix əsrlər keçsə də xatırlanacaq, heç zaman unudulmayacaq. Hər zaman Azərbaycanın şərəfli tarixi olaraq anılacaq.”
Zəfər.Az bildirir ki, bu fikirləri “İki sahil”ə açıqlamasında “Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, “YAŞAT” Fondunun Himayəçilər Şurasının üzvü, 2016-cı ilin Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova deyib.
İctimai Birliyin sədri qeyd edib ki, bütün bunlara görə Ali Baş Komandana bütün şəhid ailələri adından, “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyi adından dərin təşəkkürümüzü bildiririk: “Prezidentimiz bizi şəhidlərimizin qarşısında alnıaçıq etdi. Biz bu gün qürurla o məzarların önünə gedib hesabatımızı veririk. Şəhid məzarlarını ziyarət etdikdə həm qürur, həm də kədər hissi keçiririk ki, bu cür oğullarımızı, igidlərimizi, Vətən övladlarını itirdik. Artıq Azərbaycan tarixi Zəfərdən sonra yeni bir dövrə qədəm qoyub. Bu dövrdə müharibədən yaralı qayıdan qazilərimiz, döyüşçülərimiz, müharibə iştirakçılarımız, canını Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azadlığı uğrunda fəda etmiş şəhidlərimiz və onların ailə üzvləri var. Artıq yaralarımızı sarmaq dövrüdür. Azərbaycan xalqı dünyanın ən mərd xalqlarında biridir. Şəhid xanımı həyat yoldaşının tabutunu ağlamadan, başını dik tutaraq, şəstlə çiynində daşıyırsa, ana yeganə şəhid oğlunun tabutunu susqun və üsyan etmədən çiynində daşıya bilirsə, iki oğlunu torpağa verən ata "yenə övladım olsa yenə də Vətənə fəda olardı" deyirsə, demək ki, biz böyük xalqıq. Bütün şəhidlərimizin ruhu şad olsun, onların torpağından öpür və qarşılarında baş əyirik. Onlar qanları ilə şanlı tarix yazaraq bizə böyük fəxarət hissi yaşadıblar".
Sevinc Orucovanın sözlərinə görə, şəhidlik zirvəsinin həm mənəvi, həm də sosial tərəfi var: “Bu gün dövlətimiz şəhid ailələrinə hər cür dəstək göstərir. Şəhid ailələrinə dəstək məqsədi ilə təşkilat yaradanda düşündüm ki, qayğılarımızın hamısını dövlətin boynuna qoymalı deyilik. Bu baxımdan “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyi olaraq çalışırıq ki, müharibədən sonrakı dövrdə şəhid ailələrimizin qayğısına qalaq, onlara hər cür dəstək göstərək. Həm hüquqi, həm sosial, həm digət problemlərinin həlli istiqamətində bir-birimizə dəstək olaq. Eyni zamanda, dövlətin sosial siyasətinin həssas təbəqə olan şəhid ailələrinə və qazilərimizə düzgün və vaxtında çatmasında vasitəçi rolunu oynayaq. Bilirsiniz ki, bu yaxınlarda cənab Prezidentin Sərəncamına əsasən bu ailələrin problemlərinin həlli istiqamətində komissiyalar, eyni zamanda şəhid ailələrinin, qazilərin problemlərinin həlli ilə bağlı “YAŞAT” Fondu yaradıldı. Mən də həmin fondun Himayəçilər Şurasının 11 üzvündən biriyəm. Biz, şəhid ailələrinin problemləri öyrənilməsi və onların tezliklə həll olunması və şəhidlərimizin övladlarına, vərəsələrinə gələcəkdə dayanıqlı dəstək proqramlarının işlənib hazırlanması istiqamətində yorulmadan çalışırıq. Eləcə də, qazilərimizin sağlam həyata geri dönməsinə, fiziki sağlamlıqlarının bərpa olunmasına və reabilitasiya kurslarının təşkilinə dəstək olmağa çalışırıq. Şəhid ailələri və qazilər üçün nəzərdə tutulan Prezident təqaüdünün artırılması onların sosial müdafiəsinin daha da gücləndirilməsinə yönəlib. Biz ictimai təşkilat olaraq bu istiqamətdə fəaliyyət göstəririk və hər zaman onların yanında olduğumuzu bildirmək istəyirik.
İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinin problemlərini öyrənir, onların həllinə dəstək olmağa, müəyyən mövzularda istiqamət verməyə çalışırıq. Həmin problemlərin tez bir zamanda həll olması üçün əlaqəli qurumlarla vasitəçi rolunu oynayarıq. Ümid edirəm ki, həm qeyri-hökumət təşkilatları, həm vətəndaş cəmiyyəti, həm dövlətin bu sahədə siyasətini həyata keçirən qurumları ilə birlikdə şəhid ailələrimizin, qazilərimizin problemlərinin həllinə nail olacağıq.”
“YAŞAT” Fondunun Himayəçilər Şurasının üzvü bildirib ki, cənab Prezidentin 8 dekabr tarixində imzaladığı Fərmanla yaradılan “YAŞAT” Fondu bu sahədə böyük işlərə imza atacaq: "Qazilərimizin əlilliyinin müəyyən olunması istiqamətində müəyyən komissiyalar yaradılıb. Bütün bunlar şəhid ailələrinə, müharibədən qayıdan qəhrəmanlarımıza göstərilən qayğının artırılması və problemlərin operativ şəkildə həll edilməsi məqsədi daşıyır. Bu yaxınlarda cənab Prezident tərəfindən Bakı şəhərində və ölkəmizin digər bölgələrində qaçqınlar üçün tikilmiş yeni mənzillərin şəhid ailələrinə verilməsi istiqamətində də qərar qəbul edildi. Bu, çox uğurlu bir qərardır.”
Həmsöhbətimiz vurğulayıb ki, biz şəhid ailələrinə itirdikləri qəhrəman övladlarını, ailə başçılarını heç zaman geri qaytara bilməyəcəyik. Amma onların qəhrəmanlığının qarşılığında biz hər zaman hənin ailələrin yanında olmalı, qayğısını çəkməliyik. Hər bir şəhidimiz və onun ailəsi bizim üçün bir Vətəndir, Vətən parçasıdır, dəyərlidir, əzizdir, müqəddəsdir.
Yaqut Ağaşahqızı, “İki sahil”