BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Konstitusiya Məhkəməsindən vərəsələrlə bağlı vacib QƏRAR

05 fevral 2021 15:22:48

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə iclası keçirilib.

 

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Zəfər.Az-a bildiriblər ki, iclasda Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

 

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələri - Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi S.Qafari və Milli Məclis Aparatının İqtisadi və sosial qanunvericilik şöbəsinin müdiri M.Bazıqov, mütəxəssislər, Ali Məhkəmə və Bakı Apellyasiya Məhkəməsi tərəfindən təqdim edilmiş mülahizələri, ekspert qismində Milli Aviasiya Akademiyasının Hüquq kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru A.Rüstəmzadənin rəyini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

 

Qərarda deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir.

 

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1-ci və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər.

 

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.