BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

"Ermənistan tərəfi özünü kifayət qədər gülünc vəziyyətə qoyur" - XİN

04 mart 2020 09:44:39

"Əslində, belə bir absurd mövqeyi ilə Ermənistan tərəfi özünü  kifayət qədər gülünc vəziyyətə qoyur. Göründüyü kimi, bölgəmizdə və onun ətrafında baş verən və sürətlə cərəyan edən hadisələr ya onların görmə qabiliyyətindən və təhlil sahəsindən kənarda qalır, ya da emosiyalar yenidən üstünlük təşkil edir. Belə ki, dünyada və xüsusilə də bölgədə baş verən hadisələrin dəqiq və müfəssəl təhlili erməni tərəfinin qonşu ölkələrlə münasibətlərində konstruktiv yanaşmasına kömək edə bilərdi".

 

Zəfər.Az Modern.az-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva Türkiyə Xarici İşlər naziri M.Çavuşoğlunun ATƏT-in Minsk Qrupunun həm-sədrləri ilə görüşünə dair Ermənistan XİN-in mövqeyini şərh edərkən bildirib.

 

L.Abdullayeva qeyd edib ki, Türkiyə bölgədəki bütün layihə və proseslərin fəal iştirakçısıdır: "Türkiyə Ermənistanla Azərbaycan arasındakı münaqişənin tezliklə həllində maraqlıdır. Türkiyə ATƏT-in Minsk Qrupu yarandığı ilk gündən onun daimi üzvüdür və hər zaman onun işində, eləcə də ATƏT-in Minsk Qrupu həmsədrləri ilə məsləhətləşmələrdə fəal iştirak edib. Emosiyaları yüksək olsa belə, Ermənistan tərəfinin Türkiyənin yüksək səviyyəli nümayəndələrinin ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşünün qiymətləndirilməsində nədən təhrifə yol verdiyi aydın deyil".