BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

“Hər bir dərsliyimiz şəhidlərimiz, Milli Qəhrəmanlarımızla başlayıb, onlarla da bitməlidir”

15 yanvar 2021 16:25:45

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarına Vətən Müharibəsi ilə bağlı sualların da salınacağını bildirib. Hansı ki, bir neçə gün öncə Təhsil Nazirliyinin yetkilisi də Vətən Müharibəsi. Qəhrəmanlarımızla bağlı bəzi nüansların dərliklərdə yer alacağını vurğulayıb.

 

Zəfər.Az bildirir ki, Moderator.az-a açıqlamasında Vətən Müharibəsi ilə bağlı hadisələrin dəsrliklərdə yer almasını yüksək qiymətləndirən “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova, tariximizi yaşatmağın, təbliğ etməyin zəruriliyinə diqqət çəkib:

 

“Təbii ki, Vətən Müharibəsi tarixinin dəsrliklərə salınması təqdirəlayiqdir və deyərdim ki, bir qədər də gecikmiş qərardır. 30 ilə yaxın idi ki, torpaqlarımız Ermənistanın işğalı altında idi. 30 ildir ki, biz bu ağrını çəkirdik. Bu baxımdan I Vətən Müharibəsi, erməni işğalı məsələləri də qəbul imtahanlarında yer almalı, bu tarix məktəblərdə tədris edilməli idi. Hər bir dərsliyimiz şəhidlərimiz, Milli Qəhrəmanlarımızla başlayıb, onalarla da bitməli idi. Biz daha çox gündəliklərdə, müxtəlif dərs vəsaitlərində işğal tarixlərini görürdük. Şükür bu günə ki, şəhidlərimizin qanı bahasına, millətimizin birliyi, cənab prezidentin qətiyyəti sayəsində işğal günləri tarixə qovuşdu. Biz indi azadlıq tarixini yazırıq. Bu, şərəfli bir tarixdir və hər bir gənc bu şərəfli tarixi əzbər bilməlidir. Biz keçmişi də unutmalı deyilik. Qarabağ həqiqətlərini, 90-cı illərdəki olayları unuda bilmərik. Unutsaq, o zaman qara tarix yenə də təkrarlana bilər. Biz tariximizi bilməli, təbliğ etməli və bütün ağrı-acısı, sevinci ilə birlikdə yaşatmalıyıq. Gənc nəslə bu tarixi təbliğ etməli, öyrətməliyik. Öyrətməliyik ki, acıları bir də yaşamayaq, yalnız şərəf tarixlərimiz təkrar olunsun.

 

II Vətən Müharibəsi ilə bağlı oalyların dərsliklərdə yer alması, qəbul imtahanlarına bununla bağlı sualların salınması təqdirəlayiqdir. Qarabağla bağlı maarifləndirici materialların sayı artırılmalıdır. Biz Qarabağı qanımız, canımız bahasına azad etmişik. Qan tarixi isə unudulmur və unudula bilməz.

 

Biz I Qarabağ Müharibəsində də minlərlə şəhid verdik. Bizim hərbçilərimiz o zaman da mərdliklə mübarizə apardı. Ermənilər bu torapqları hiylə ilə işğal etdilər. Bu gün isə həmin şəhdilərin övladları yenə eyni mərdliklə döyüşərək erməni işğalındakı torpaqları geri qaytardılar. 90-cı illərin əvvəllərində erməni işğalı zamanı öz yerindən- yurdundan didərgin düşən körpələrimiz böyüyərək düşmən üzərində zəfər çaldı. Odur ki, biz bu tarixi yaşatmağa, onu təbliğ etməyə borcluyuq”.