BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Qusarın igid Afiqi doğma kəndinə şəhid kimi qayıtdı - FOTOLAR

15 yanvar 2021 11:01:38

Azərbaycanın müddətdən artıq qulluq edən hərbi qulluqçusu, şəhid Afiq Namiq oğlu Həsənov bu gün doğulduğu Qusarın Böyük Muruq kəndində dəfn olunub.

 

Zəfər.Az Modern.az-a istinadən xəbər verir ki, MAXE Afiq Həsənov oktyabrın 3-dən itkin düşmüş kimi qeydə alınıb. Döyüşlərdə fəal iştiral edən Afiq Həsənovun şəxsiyyəti aparılan DNT analizinin rəyinə görə təsdiqlənib və onun nəşi doğulduğu kəndə gətirilib. Kənd qəbristanlığında keçirilən mərasimdə ictimaiyyət nümayəndələri, Qusar Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsinin rəhbərləri, sakinlər, şəhidin doğmaları iştirak edib.


İcra başçısı Şair Alxasov igid hərbçinin ailəsinə başsağlığı verərək bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarix yazan şanlı ordumuz döyüşlərdə xüsusi şücaət göstərib:

 

"Biz hər bir şəhidimizlə fəxr edirik,qürur duyuruq.Afiq Həsənov da belə igidlərimizdəndir. Biz Vətən yolunda itirdiyimiz Afiq kimi şəhidlərimizlə qürur duyuruq, çünki onlar 30 ildir işğalda olan torpaqlarımızı azad edib bizə qaytardılar.Onlar bizə qələbə sevincini yaşatdılar."

 

Şəhid Afiq Həsənovun cənazəsi bükülmüş Azərbaycan bayrağı atası Namiq Həsənova təqdim edilib. Üç övlad olan ailənin sonbeşiyi Afiq Həsənov subay olub. Onun bir qardaşı vəfat edib, bacısı ailəlidir.

 

Afiq Həsənov və bütün şəhid hərbçi yoldaşları heç vaxt unudulmayacaq!

 Allah rəhmət eləsin!

 

Xəqani Əliyev