Ceyhun Bayramov İmran Xanla görüşdü
15 yanvar 2021 10:56:30
Cari ilin 14 yanvar tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Pakistana rəsmi səfəri çərçivəsində Pakistan İslam Respublikasının Baş naziri cənab İmran Xan ilə görüşü baş tutub.
Zəfər.az xəbər verir ki, Baş nazir İmran Xan əldə etdiyi qələbə münasibətilə Azərbaycanı təbrik edərək, bu xüsusda səmimi arzularının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqətinə çatdırılmasını xahiş edib.
Qələbənin Pakistan xalqı tərəfindən yüksək qiymətləndirildiyini qeyd edən Baş nazir, bu hadisəni Pakistan xalqının Azərbaycanla birgə qeyd etdiyini bildirib.
Nazir Ceyhun Bayramov xoş qəbula və yüksək səviyyədə təşkil edilən ikitərəfli və çoxtərəfli görüşlərə görə təşəkkürünü bildirdi və Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyevin salamlarını və səmimi arzularını Baş nazirin diqqətinə çatdırdı. O, həmçinin Azərbaycanın Vətən müharibəsində qələbəsi ilə bağlı Pakistan Baş nazirinin təbriklərinə görə minnətdarlığını ifadə etdi. Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyinə Pakistan tərəfindən verilən birmənalı dəstəyi, bu xüsusda qəbul edilmiş qətnamələri yüksək qiymətləndirdi və təşəkkürünü bildirdi.
Nazir Ceyhun Bayramov iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etdi, bununla yanaşı iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsində Azərbaycanın maraqlı olduğunu vurğuladı.
Həmçinin Pakistan Baş nazirinə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən işlər, o cümlədən bu ərazilərdə həyata keçirilən minalardan təmizləmə işləri, bərpa və quruculuq fəaliyyəti barədə məlumat verdi.
Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdilər.
Xəqani Əliyev