Müdafiə Nazirlyinə 15 mindən çox müraciət daxil olub - AÇIQLAMA
14 yanvar 2021 10:32:23
Müdafiə Nazirliyinə daxil olan müraciətlərin qəbulu, vətəndaşlarla birbaşa ünsiyyətin qurulması və onları maraqlandıran sualların dərhal cavablandırılması məqsədilə yaradılan “Qaynar xətt”ə ötən il 15 min 206 müraciət qeydə alınıb. Bu müraciətlərin 9925-i şifahi cavablandırılıb, 5281-nin həlli ilə bağlı isə nazirliyin müvafiq qurumlarına dərhal sorğular göndərilib.
Bu barədə Zəfər.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirliyin məlumatında bildirilib ki, təkcə 2020-ci il sentyabrın 27-dən 2021-ci il yanvarın 10-dək vətəndaşlardan 5465 müraciət daxil olub. Həmin müraciətlərin 2269-u şifahi qaydada cavablandırılıb, 3196-sı isə qeydiyyata alınaraq aidiyyəti üzrə araşdırılması və cavablandırılması üçün nazirliyin müvafiq strukturlarına göndərilib.
Qeyd edək ki, Vətən müharibəsi dövründə daxil olan müraciətlər əsasən valideynlərin hərbi xidmətdə olan övladları ilə əlaqənin saxlanılması (971 müraciət), şəhid olmuş və itkin düşmüş hərbi qulluqçular haqqında məlumatların alınması (742 müraciət), hərbi qulluqçuların ailələrinə yardım edilməsi (449 müraciət) və könüllü döyüşə getmək (386 müraciət) ilə əlaqədar olub.
Ailə-məişət və sosial məsələlərlə bağlı digər müraciətlər də qeydiyyata alınaraq, həll olunması üçün nazirliyin müvafiq qurumlarına yönləndirilib.
Xəqani Əliyev