Ceyhun Bayramov Pakistan Sərhəd İşləri Təşkilatının Baş direktoru ilə görüşdü
14 yanvar 2021 10:26:51
Pakistan İslam Respublikasına rəsmi səfəri çərçivəsində bu ilin 13 yanvar tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Sərhəd İşləri Təşkilatının Baş direktoru general-mayor Kamal Azfar ilə görüşüb.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Zəfər.az-a verilən xəbərə görə, Sərhəd İşləri Təşkilatının Baş direktoru Kamal Azfar təşkilatın fəaliyyət sahələri barədə ətraflı məlumat verərək 45 ildən çox müddətdə Pakistanda körpülər, yollar, tuneller, eləcə də telekommunikasiya xəttlərinin və s. inşası, infrastruktur xidmətlərinin inkişafı sahəsində fəaliyyətlərindən bəhs edib.
Nazir Ceyhun Bayramov bölgədə mövcud olan cari vəziyyəti qeyd edərək, 44 günlük Vətən müharibəsindən sonra münaqişə sonrası bərpa və reabilitasiya mərhələsinə qədəm qoyduğumuzu bildirib. Hazırda bölgədə aparılan işlər, o cümlədən minadan təmizləmə işləri və infrastruktur layihələri qeyd olunub. Həyata keçirilən bərpa və tikinti işlərində maraqlı tərəfdaş ölkə və beynəlxalq təşkilatlarla birgə işləməyə hazır olduğumuz vurğulanıb.
Görüşdə tərəflər əməkdaşlıq perspektivləri üzrə fikir mübadiləsi aparıblar.
Xəqani Əliyev