BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Hərbi əməliyyatlarda xəsarət alanların tibbi-sosial ekspertizası ilə bağlı komissiya yaradıldı

14 yanvar 2021 10:17:11

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların tibbi-sosial ekspertizası ilə bağlı bəzi məsələlər barədə” qərar verib.

 

Zəfər.Az-ın məlumatına görə, qərara əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar  zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların tibbi-sosial ekspertizası ilə bağlı məsələlərin operativ, vaxtında, keyfiyyətlə və mərkəzləşmiş şəkildə həllinin təmin edilməsi məqsədilə aşağıdakı tərkibdə komissiya yaradılıb:

 

Komissiyanın sədri

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

 

Komissiyanın üzvləri:

Azərbaycan Respublikası müdafiə nazirinin müavini Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan  Respublikası Müdafiə  Nazirliyinin  Tibb  Baş İdarəsinin rəisi

İcbari  Tibbi  Sığorta  üzrə  Dövlət  Agentliyinin  İdarə  Heyəti sədrinin müavini

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri

Tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanlarının səlahiyyətli şəxsləri.

 

Komissiyaya tapşırılıb ki, 2020-ci il 27 sentyabr tarixindən başlayan hərbi əməliyyatlar zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuları birgə əyani müayinədən keçirməklə mərkəzləşdirilmiş qaydada aşağıdakıları təmin etsin:

- xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliklərin hərbi xidmətlə əlaqəsinin müəyyənləşdirilməsi ilə bağlı sənədlərin sürətlə rəsmiləşdirilməsini;

- əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilməsini;

- əyani müayinə keçirməklə əlilliyin qiymətləndirilməsini;

- əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların reabilitasiya vasitələri ilə növbədənkənar təmin edilməsini;

- əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların reabilitasiyası ilə əlaqədar zəruri tədbirlərin görülməsini;

 - Qərardan irəli gələn tədbirlərin birgə həyata keçirilməsi üçün qeyd edilən dövlət orqanlarının nümayəndələrindən, mütəxəssislərdən, o cümlədən ekspertlərdən ibarət işçi qrupların yaradılmasını təmin etsin.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,  Müdafiə Nazirliyi,  Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu qərardan irəli gələn məsələləri həll etməlidirlər.

 

Xəqani Əliyev