Korona virusdan necə qorunmaq olar?
28 fevral 2020 14:40:58
Koronaviruslar insanlar və ya heyvanlar arasında yayıla bildiyi sübut edilmiş patogen xüsusiyyətləri olan geniş viruslar ailəsidir. Məlumdur ki, bir sıra koronaviruslar insanlarda adi soyuqdəymədən tutmuş daha ciddi vəziyyətlərə qədər, məsələn Yaxın Şərq Tənəffüs Sindromu (MERS) və Ağır Kəskin Tənəffüs Sindromu (SARS) kimi yoluxucu xəstəliklərə səbəb ola bilər. Bu yaxınlarda aşkar edilmiş koronavirusların sonuncusu COVID – 19 xəstəliyinə səbəb olur.
Covid-19 nədir?
COVID - 19 koronavirusların son zamanlarda aşkar edilmiş yeni tipinin səbəb olduğu bir xəstəlikdir. 2019-cu ilin dekabr ayında Çinin Vuhan şəhərində infeksiya başlamazdan əvvəl yeni virus və xəstəlik haqqında heç nə məlum deyildi.
Covid-19 xəstələyinin simptomları hansılardır?
COVID - 19 xəstəliyinin ən çox görülən simptomları qızdırma, halsızlıq və quru öskürək olaraq bilinir. Bir sıra xəstələrdə müxtəlif ağrılar, burun tutulması, burun axması, faringit və ya ishal ola bilər. Adətən bu simptomlar tədricən inkişaf edir və yüngül olur. Bəzi yoluxmuş şəxslər heç bir simptom və ya zəifləmə hiss eləmir. 80 faiz hallarda xəstəlik xüsusi müalicə tələb olunmadan, bərpa ilə başa çatır. Ancaq COVID-19-a yoluxma hallarının 17 faizində tənəffüs çatışmazlığının inkişafı ilə ciddi simptomlar meydana gəlir. Yaşlı insanlarda, eləcə də arterial hipertansiyon, ürək xəstəliyi və ya diabet kimi somatik xəstəlikləri olan insanlarda infeksiyanın ağır keçmə ehtimalı daha yüksəkdir. Ölümlə nəticələnən hallar təxminən 2% təşkil edir. Yüksək hərarət, öskürək və ya tənəffüs çatışmazlığından əziyyət çəkirsinizsə həkimə müraciət etməyiniz tövsiyə olunur
Virus necə yayılır?
Covid-19 insandan insana asanlıqla yoluxa bilən bir xəstəlikdir. Virus yoluxmuş şəxsin asqırması və ya öskürməsi zamanı ağız və burun boşluğundan havaya buraxılan kiçik damcılar vasitəsilə yayılaraq digər insanlara keçə bilər. Eyni zamanda bu damcılar ətrafda yerləşən əşyalara və səthlərə düşür. Digər insanlar əvvəlcə bu cür əşyalara və ya səthlərə, sonra gözlərinə, burun və ya ağızlarına toxunaraq yoluxa bilərlər. Bu səbəblə xəstədən 1 metrdən çox məsafədə olmaq və üz nahiyəsinə toxunmazdan əvvəl əlləri yumaq çox vacibdir.
Virusdan necə qorunmaq olar?
Əllərinizi spirt əsaslı məhsulla mütəmadi dezinfeksiya edin və ya sabunla yuyun. Sabun və spirtli məhlullar virusları öldürmək üçün ən effektiv vasitələrdəndir.
Asqırma və ya öskürmə müşahidə etdiyiniz insanlarla aranızda ən az 1 metr məsafə saxlayın. Yoluxmuş şəxs asqırdıqda və ya öskürdükdə virus kiçik damcılar vasitəsilə ətrafa yayılaraq tənəffüs yollarınıza keçə bilər.
Mümkün olduğu qədər əlinizlə gözlərinizə, burnunuza və ağzınıza toxunmayın. Əllər bir çox səthə toxunur. Viruslar isə cansız səth üzərində 4 saatdan 12-saata qədər qala bilirlər. Bu səbəbdən əllərinizə üzünüzə toxunmazdan əvvəl mütlək yumağınız və ya dezinfeksiya etməyiniz tövsiyə olunur.
Asqırarkən və ya öskürərkən ağız və ya burnunuzu dirsəyinizin içi və ya kağız dəsmalla örtün. Kağız dəsmalı istifadən dərhal sonra tullayın.
Özünüzü pis hiss edirsinizsə evdə qalmağınız tövsiyə olunur. Yüksək hərarət, öskürək və ya tənəffüs çatışmazlığı müşahidə etdiyinizdə ən qısa müddətdə həkimə müraciət edin.
COVID - 19 yoluxucu xəstəliyi ilə bağlı etibarlı informasiya mənbələrini mütəmadi izləyin. Özünüzü və başqalarını COVID-19-dan qorumaq üçün mütəxəssislərin, mərkəzi və yerli səhiyyə orqanlarının, eləcə də işlədiyiniz təşkilatın tövsiyələrinə əməl edin.(Qafqazinfo)