Zenit qurğusu səkkiz saat atəş açdı - Şəhidimizi tanıyaq
13 yanvar 2021 19:03:38
Yaşar Telman oğlu Əzimov 1972-ci il fevralın 18-də Bakı şəhərində anadana olub. 1987-ci ildə Yasamal rayonundakı 158 saylı orta məktəbin səkkizinci sinifini bitirib. “Dinamo” idman cəmiyyətinin üzvü idi. Sərbəst güləş üzrə Azərbaycan çempionu olub. Keçmiş İttifaqın müxtəlif şəhərlərində keçirilən yarışlarda iştirak edib və bir çox qələbələr qazıb.1990-cı ilin may ayında Yaşar Əzimov Sovet Ordusu sıralarına çağırılıb, 1991-ci ilin mart ayında isə Respublikamıza qayıdaraq hərbi xidmətini döyüş bölgələrində davam etdirməyə başlayıb.
Çavuş Yaşar Əzimov zenit divizionunda xidmət edir, Azərbaycan səmasını düşmən aviasiyasında qoruyurdu. 1991-ci ilin may ayında Zəngilan rayonunun Seyidlər kəndi uğrunda gedən döyüşlərdə erməni snayperinin açtığı atəş nəticəsində sol qolundan yaralanan qəhrəmanımız təcili yardım xəstəxanasında üç dəfə cərrahiyyə əməliyyatı edilsədə qolundakı gülləni çıxarmaq mümkün olmayıb. Yaşar müalicə olunması üçün hərbi hospitala gödərilib və burada kotuziya aldığı da müəyyən olub. İki ay müalicə alan Yaşar Əzimov hərbi komissarlığa ərizə ilə müraciət edərək təkrar öz döyüşçü dostlarının yanına qayıdıb.
Bir ay Zəngilan istiqamətində vuruşduqdan sonra zenitçiləri Füzuli rayonunun Hacı Mahmudlu kəndinə göndərilir.
Yaşar 3 il idi ki, Vətən torpaqlarının müdafiəsi uğrunda bütün çətinliklərə mərdliklə sinə gərirdi. 1994-cü il yanvar ayının 6-da Hacı Mahmudlu kəndi düşməin ağır hücumuna məruz qalır. Zenit qurğusu yük maşınının üzərində quraşdırıldığından və maşın xarab olduğundan zenit qurğusunun heyyəti bu döyüşdə manevr etmək, mövqeyini dəyişmək imkanından məhrum olub. Buna baxmayaraq zenitçilər mövqelərini tərk etməyərək dayandıqları yerdən düşməni səkkiz saat ərzində atəşə tutub, onlara böyük zərbə endiriblər. Təəssüf ki, erməni raketlərindən birinin zenit qurğusunu hədəf alaraq partlatması nəticəsində Yaşarla birlikdə 6 zenitçimiz qəhrəmancasına şəhid olub. Qəhrəman şəhidlərimizin nəşləri yanvarın 8-də döyüş zonasından çıxarılıb və ertəsi gün Bakının Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Bakıdakı 158 saylı orta məktəbində Yaşar Əzimovun şərəfinə xatirə lövhəsi vurulub. Məktəbdə onun döyüş yolunu əks etdirən guşə yaradılıb. Qəhrəman şəhidimiz subay idi.
Çavuş Əzimov Yaşar Telman oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən “İgidliyə görə" Medalı ilə təltif olunub.