BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

"Biz "YAŞAT"mağı bacaracağıq" - Sevinc Alızadə

10 dekabr 2020 11:50:16

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu)​ yaradılmasına görə cənab prezidentə təşəkkür edirəm. Bu, şəhid ailələrinə, yaralı qazilərimizə yüksək qayğının nümunəsidir. Son günlər də görürük, hiss edirik ki, şəhid ailələri üçün dövlət tərəfindən sosial müdafiə tədbirlər həyata keçirilir. Amma vətəndaşlarımız da qayğı göstərmək istəyir, dünyanın dörd bir tərəfində yaşayan azərbaycanlılar dəstək olmaq istəyir.

 

Zəfər.az bildirir ki, bunu Teleqraf.com-a açıqlamasında şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, "Zəfər" İctimai Birliyinin rəhbəri, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvüSevinc Alızadə deyib.

 

Onun sözlərinə görə, rəhbəri olduğu birliyə şəhid ailələrinə yardım etmək üçün dəfələrlə müraciətlər olub:
"Bütün bu yardımları mərkəzləşdirilmiş, ünvanlı, vaxtında həyata keçirmək üçün belə fondun yaradılmasına ehtiyac var idi. ASAN xidmətin tərkibində fondun yaradılması güman edirəm ki, qurumun apardığı düzgün və şəffaf siyasətin nəticəsidir. Bu Fond da ümidləri doğruldacaq. Onun tərkibində olan Himayəçilik Şurasında iştirak etmək güman edirəm ki, bizim təşkilatın qismində toplanan şəhid ailələri üçün də çox yaxşı dəstəkdir, etimaddır. Biz bu etimadı doğruldacağıq.

 

Əminəm ki, biz "YAŞAT"mağı, şəhidlərimizin əmanətlərinə sahib çıxmağı bacaracağıq. Millət və dövlət olaraq yaralılarımıza, şəhid ailələrinə dəstək olmağı bacaracağıq. İnanıram ki, çox yaxşı layihələrə imza atacağıq.
4 ildir "Zəfər" şəhid ailələrinə yardım İctimai Birliyimiz var. Biz hərtərəfli çalışırıq ki, bu ailələrə dəstək olaq. Bu gün Fondda təmsil olunmağımız da çoxşaxəli fəaliyyətimizin nəticəsidir".