İtkin düşən zabitlərimiz... - Fotolar
13 yanvar 2021 10:11:07
Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin 64 hərbçisi itkin düşüb ki, onlardan da 13-ü zabitdir. Bunlardan ikisi polkovnik-leytenant, 3-ü kapitan, 4-ü baş leytenant və eyni sayda leytenantdır.
Zəfər.Az Qafqazinfo-ya istinadən itkin düşmüş zabitlərimizlə bağlı ətraflı məlumatları təqdim edir:
Polkovnik-leytenant Əliyev Atəm Vaqif oğlu
Əliyev Atəm 1982-ci ildə Ağdaşın Abad kəndində anadan olub. O, həyatının 20 ilini Azərbaycan Ordusuna həsr edib. Vətən müharibəsində taboru ilə birlikdə Murovdağın alınmasında iştirak edib, daha sonra həmin istiqamətdə gedən döyüşlərdə itkin düşüb. Ailəlidir, iki övladı var.
Polkovnik-leytenant Sadıqov Yaşar Füzuli oğlu
İtkin düşən digər polkovnik-leytenant isə Sadıqov Yaşar Füzuli oğludur. 1975-ci ildə doğulub, Füzulinin Bala Bəhmənli kəndindəndir. Murovda, Ömər aşırımı istiqamətində döyüşüb və itkin düşüb. Zabitimizin yolunu gözləyən iki tələbə övladı var.
Kapitan Cəbrayılov Elnur Tofiq oğlu
Ailəsi onunla sonuncu dəfə oktyabrın 12-də əlaqə saxlayıb. Bir gün sonra isə kapitan Cəbrayılov Füzulinin Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüşə girib. Qardaşı Etibar Cəbrayılov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, Elnur Cəbrayılovun olduğu ehtimal edilən nəşdən analiz verilib, cavab gözlənilir.
Göygölün Çaylı kəndində anadan olan 40 yaşlı zabitimiz ailəlidir, iki övladı var.
Kapitan Pənahov Əkbər Bəylər oğlu
İtkin düşən üç kapitandan biri də Əkbər Pənahovdur. Onunla son dəfə Murovdağda olarkən əlaqə saxlanılıb. Artıq 100 gündən çoxdur ki, kapitan Pənahovdan xəbər yoxdur. Məsələ burasındadır ki, müharibənin gedişində düşmən tərəfi sosial şəbəkədə kapitan Pənahovun hərbi biletinin şəklini yaymışdı. Ailəsi 31 yaşlı zabitimizin şəhid və ya əsir olmasından xəbərsizdir.
Kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlu
İtkin düşən üçüncü kapitan isə Rəhmətov Əbülfəz Hüseynverdi oğludur. O, 3 iyul 1989-cu ildə Lerikin Anbu kəndində anadan olub. Aprel döyüşlərinin iştirakçısı olan kapitan Rəhmətov, Tovuz döyüşlərində də ön xətdə olub. O, Vətən müharibəsində Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad olunması uğrunda döyüşüb. Oktyabrın 15-dən sonra isə zabitlə əlaqə saxlamaq mümkün olmayıb.
Baş leytenant Qənbərli Qənbər Bəhruz oğlu
İtkin düşən 4 baş leytenantdan biri olan Qənbərli Qənbər Tərtərin Kəngərli kəndindəndir. 1993-cü ildə anadan olub. Vətən müharibəsində Murovdağ istiqamətində döyüşlərdə iştirak edib. Daha sonra ondan xəbər almaq mümkün olmayıb. Ailəlidir, bir övladı var.
Baş leytenant Mikayılov Rahim Qalib oğlu
1990-cı il təvəllüdlü baş leytenant, Göygöldə N saylı hərbi hissənin zabiti olub. Zabitin atası Qalib Mikayılov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, oğlu ilə sonuncu dəfə müharibədən iki gün öncə əlaqə saxlayıb. Hərbçi yoldaşlarının bildirdiyinə görə, baş leytenant Mikaylov Murovdağ istiqamətində itkin düşüb.
Qeyd edək ki, Rahim Mikayılov Qubanın İkinci Nügədi kəndindəndir, ailəlidir. İtkin düşməsindən bir ay sonra oğul övladı dünyaya gəlib.
Baş leytenant Abdullazadə Həsənağa Şakir oğlu
İtkin düşmüş baş leytenantlardan biri də Abdullazadə Həsənağa Şakir oğludur. Yaxınları onun şəhid olduğunu ehtimal edir. Məsələ burasındadır ki, ermənilər müharibənin gedişində sosial mediada döyüş zamanı şəhid olmuş hərbçilərimizin nəşini əks etdirən video yayıb. Düşmənin yaydığı həmin videoda Abdullazadə Həsənağanın forması, isimliyi də göstərilib. Bundan başqa, baş leytenant Babayev Ramil Taqət oğlu da itkin düşmüş hərbçilərimizdəndir. 1991-ci il təvəllüdlü zabitimiz Kürdəmir rayonundandır.
Leytenant Abdullayev İntiqam Allahverdi oğlu
Zabitimiz 1998-ci ildə Ordubadın Düylün kəndində anadan olub. Onun sənədləri də ermənilər tərəfindən lentə alınmış şəhid hərbçilərimizin nəşlərinin göstərildiyi videoda təqdim olunub. Sözügedən videoda baş leytenant Abdullazadə Həsənağanın da formasındakı isimlik göstərilib.
Leytenant Şükürlü Elvin Azad oğlu
Yaxınlarının verdiyi məlumata görə, 1997-ci il təvəllüdlü leytenant Şükürlü sentyabrın 28-də Kəlbəcər istiqamətində şəhid olub. Hələ də onun nəşi tapılmayıb. Əslən Cəlilabad rayonundandır.
Leytenant Yusifov Əli Suləddin oğlu
1997-ci il təvəllüdlü zabitimiz sonuncu dəfə ailəsi ilə oktyabrın 3-də əlaqə saxlayıb.Həmin vaxt Füzuli istiqamətində olduğunu bildirib. Naxçıvanın Şərur rayonunun Oğuz kəndindəndir.
Atası Suləddin Yusifov açıqlamasında bildirib ki, onun oğlunun şəkli erməni teleqram kanallarında yayımlanıb. Qeyd edib ki, Əli Yusifov erməni əsirliyindədir. Ata oğlu ilə bağlı Ombudsmana və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məlumat verdiyini deyib.
Bundan başqa, leytenant Vəlizadə İbrahim Səməd oğlu da itkin düşüb. Onunla sonuncu dəfə oktyabrın 2-də əlaqə saxlanılıb. 1997-ci il təvəllüdlü Vəlizadə İbrahim Şərurun Vərməziyar kəndindəndir.