Rusiya niyə bütün diqqətini 9-cu maddəyə cəmləşdirib? - Moskva görüşünün ANALİZİ
12 yanvar 2021 10:46:16
“Yeni bəyanatdan görünür ki, Rusiya bu mərhələdə bütün diqqətini 10 noyabr 2020-ci il Bəyanatının 9-cu maddəsinin icrasına yönəldib”.
Zəfər.az-ın məlumatına görə, bunu siyasi şərhçi Şahin Cəfərli Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin yanvarın 11-də Moskvada imzaladıqları Bəyanatı analiz edərkən deyib.
“Bildiyiniz kimi, həmin maddədə bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin, o cümlədən Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin bərpası nəzərdə tutulur. Şübhəsiz ki, bu, bizim üçün önəmli məsələdir. Bakıda öz avtomobilinə əyləşən vətəndaşlarımız Naxçıvana və əks istiqamətdə rahat gedib-gələ biləcək, İran vasitəsilə Naxçıvana daşınan yüklər daha qısa marşrutla - şose və dəmir yolu ilə Ermənistan ərazisindən göndəriləcək, Rusiyanın nəzarətində də olsa, Türkiyə ilə aramızda quru əlaqəsi və qarşılıqlı ticarət baxımından Gürcüstan yoluna nisbətən bir az qısa məsafəli marşrut yaranacaq və s...”, - Ş.Cəfərli əlavə edib.
Bununla yanaşı, siyasi şərhçi hazırkı mərhələdə Azərbaycanı narahat edən daha ciddi problemlər olduğunu da qeyd edib:
“Bu problemləri belə sıralamaq olar:
- Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində Azərbaycanın dövlət suverenliyinin bərpası;
- Həmin əraziyə azərbaycanlı köçkünlərin qayıtması;
- Dağlıq Qarabadakı erməni silahlı dəstələrinin taleyi;
- Dağlıq Qarabağdakı oyuncaq rejimin və onun başçılarının taleyi;
- Rusiya sülhməramlılarının fəaliyyət sferası və mandatı ilə bağlı suallar;
- Ağdərə-Kəlbəcər yolunun açılması...
Belə görünür ki, bu məsələlər hələ ki müzakirə mövzusu deyil. Ola bilər ki, bu məqamlar sülh müqaviləsinin çözəcəyi problemlər olduğundan, onların müzakirəsi ATƏT-in Minsk Qrupu çərçivəsində aparılsın”.
Bəs Rusiya niyə bütün diqqətini 9-cu maddəyə cəmləşdirib?
Şahin Cəfərliyə görə, bunun 2 əsas səbəbi var:
“1. Moskva tezliklə Azərbaycan üzərindən Ermənistanla etibarlı, daimi quru və dəmir yolu əlaqəsi yaratmaq istəyir.
Hazırda Rusiya-Ermənistan qarşılıqlı ticarət əlaqələri əsasən Gürcüstan üzərindən, Yuxarı Lars nəzarət-buraxılış məntəqəsi vasitəsilə həyata keçirilir. Lakin qış aylarında Hərbi-Gürcüstan yolunda hərəkət çətinləşir, bəzən isə tam dayanır. Ona görə də, daha əlverişli alternativə ehtiyac var. Digər tərəfdən, Gürcüstan hökuməti öz ərazisi ilə Ermənistana hərbi yüklərin daşınmasına icazə vermir, yaxud nadir hallarda icazə verir. Faktiki olaraq, Ermənistandakı Rusiya hərbi bazaları nəqliyyat-logistika imkanlarından məhrum şəraitdə qalıb. Gürcülərin birmənalı strateji seçimi və avroatlantik inteqrasiya siyasəti aparması o deməkdir ki, Gürcüstan marşrutu istər ticarət əlaqələri, istərsə də hərbi yüklərin tranziti baxmından Rusiya üçün etibarlı və uzunmüddətli ola bilməz.
Azərbaycan ərazisi vasitəsilə Rusiya öz hərbi bazalarını blokada vəziyyətindən çıxaracaq və oranın təchizat-rotasiya işlərini ilin bütün fəsillərində rahat gerçəkləşdirə biləcək. (Təbii ki, Azərbaycanın razılığı ilə.)
Başqa bir problem budur ki, Ermənistan Avrasiya İqtisadi İttifaqının heç bir üzvü ilə quru əlaqəsinə malik deyil və vahid iqtisadi məkandan qopuq vəziyyətdə, bir növ onun anklavı kimi qalıb. Azərbaycan üzərindən qısa marşrut Ermənistanı Rusiyaya bağlayaraq bu problemi də həll etmiş olacaq.
2. Düşünürəm ki, kommunikasiyaların açılmasından, nəqliyyat əlaqələrinin bərpasından sonra Rusiya Azərbaycanın da Avrasiya İqtisadi İttifaqına üzvlüyü məsələsini gündəmə gətirə bilər. Açıq sərhədlər və kommunikasiyalar bunun üçün yaxşı zəmin hazırlayır. Moskva tərəfindən belə bir təklif səslənərsə, Bakının buna yox deməsi elə də asan olmayacaq, çünki əks halda, Rusiya Qarabağda bizə problemlər yaratmaq imkanındadır. Avrasiya İttifaqına üzvlük bizi bu risklərdən xilas edə bilər.
Məncə, Rusiyanın bölgə ilə bağlı vizyonu belədir: keçmiş SSRİ zamanında olduğu kimi, Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalır, tərəflər sıx əməkdaşlığa başlayır, tədricən düşmənçiliklər unudulur, Qarabağdakı sülhməramlı kontingent Rusiya hərbi bazasına çevrilir, beləliklə, Rusiyanın himayəsində sülh və sabitlik bərqərar olur”.(Modern.az)