BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

“YAŞAT” Fondunun portalı istifadəyə verilib

08 yanvar 2021 12:53:32

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu - “YAŞAT” Fondunun yashat.gov.az portalı istifadəyə verilib. 

 

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyevin iştirakı ilə “YAŞAT” Fondu ilə bağlı keçirilən konfransda qeyd edilib.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən yaradılan portalın məqsədi Fonda müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığı təmin etmək, ianə etmək imkanlarını daha da genişləndirməkdir. 

 

Portalın “Haqqımızda” bölməsində Fondun yaradılması məqsədləri, qanunvericilik və Himayəçilik Şurasının tərkibinə dair məlumatlar yerləşdirilib.

 

Vəsaitlərin xərclənməsi haqqında geniş məlumatın əks olunduğu “Hesabatlar” bölməsində dəstək göstərilənlər, xərclənmiş vəsaitlər və edilən ianələr haqqında ətraflı hesabatlar yerləşdirilib.  

 

“Faydalı” bölməsi vasitəsi ilə isə ən çox verilən suallar və cavabları ilə tanış olmaq mümkündür.

 

“Onlayn ianə” düyməsi vasitəsi ilə ianə etmək imkanı yaradılıb. 

 

“ASAN xidmət”in bütün rayonlar üzrə ayrılmış qrupları tərəfindən şəhid ailələrinə dair müvafiq məlumatlar tam toplanıb.

 

Vətən müharibəsində yaralananlarla bağlı isə portalın “Daxil ol” bölməsində qeydiyyatdan keçib, əlilliyi təsdiq edən məlumat və sənədləri qeyd edərək “müraciət et” bölməsinə keçid əldə etmək mümkündür.

 

Bu bölmədə tələb olunan məlumatları yerləşdirmək və Azərbaycan Respublikası Prezidentinin Fərmanında öz əksini tapan istiqaməti qeyd etməklə həmin şəxslərin müraciətləri tamamlanır. 

 

İlkin mərhələdə “YAŞAT” Fondu Vətən müharibəsinin şəhid ailələrinin və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətlərini qəbul edəcək. Birinci Qarabağ müharibəsi və digər dövrlərdə şəhid olanların ailə üzvləri və əlilliyi müəyyən olunmuş şəxslər isə mart ayından etibarən yashat.gov.az portalında qeydiyyatdan keçə biləcəklər. 

 

Qismən görmə məhdudiyyətli şəxslərin portaldan istifadəsini daha da asanlaşdırmaq məqsədilə portalın yuxarı sağ küncündə “Rəqəmsal müyəssərlik” düyməsi yerləşdirilib. Həmin düyməyə klik etməklə portal interfeysinin rənginin tənzimlənməsi, daha rahat görünməsi üçün kursorun və mətnlərin böyüdülməsi və digər bir sıra imkanlar mövcuddur.

 

Qeydiyyat zamanı yaranan çətinlikləri aradan qaldırmaq, suallara aydınlıq gətirmək məqsədi ilə Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir. 

 

Eyni zamanda “YAŞAT” Fonduna SMS vasitəsilə ianə etmək imkanı yaradılıb. Bütün mobil operatorlardan 8110 qısa nömrəsinə SMS göndərməklə Fonda 1 AZN-dən 50 AZN-dək ianə etmək mümkündür. SMS-in mətnində 1, 3, 5, 10, 20, 50 rəqəmlərini yazmaqla müvafiq olaraq, 1AZN, 3 AZN, 5 AZN, 10 AZN, 20 AZN və 50 AZN ianə etmək olar.