“Qarabağ münaqişəsi yenidən böyük müharibəyə çevrilməyəcək” - Türk general
05 yanvar 2021 10:42:49
"Qarabağ münaqişəsinin yenidən böyük müharibəyə çevriləcəyini düşünmürəm. Rusiya və İran buna imkan verməz".
Zəfər.az-ın məlumatına görə, bunu Rusiyanın "PolitEkspert" qəzetinə müsahibəsində Türkiyə hərbi kəşfiyyatının keçmiş rəhbəri, general-leytenant İsmayıl Hakkı Pekin bildirib.
General bəzi qarşıdurmaların olacağını, lakin geniş miqyaslı təxribatların gözlənilmədiyini ehtimal edib. O hesab edir ki, sülhməramlılar atəşkəsə əməl olunmasını izləyəcək:
"Oradakı müşahidəçilər - Rusiya sülhməramlılarıdır. Rusiya və Türkiyənin onsuz da Suriyadan birgə işləmək təcrübəsi çoxdur. Düşünürəm ki, bu məsələni heç bir münaqişə olmadan həll etməlidirlər".
İsmayıl Hakkı Pekin Qərbin və Rusiyanın Cənubi Qafqaz ölkələri ilə bağlı planından da danışıb:
"Cənubi Qafqazda uzun müddətdir ki, Rusiyaya yönələn bir təhdid var idi. Qərb Ermənistanı, Azərbaycanı və Gürcüstanı NATO-ya daxil etməyə çalışır. Rusiya təbii ki, buna qarşıdır. Ancaq Ermənistanın Baş naziri Nikol Paşinyan Qərbə doğru irəliləyir, ABŞ və Fransa erməni diasporundan istifadə etmək istəyir".