BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Azərbaycan diasporundan Niderland parlamentinə ETİRAZ

23 dekabr 2020 13:22:34

“Niderland parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə Azərbaycan diasporu olaraq etirazımızı bildirmişik. Bütün qurumlara məktublar yazıb, bəyanatlar vermişik. Burada olan bir çox diaspor təşkilatları, gənclər, ayrı-ayrı fərdlər deputatlarla görüşdülər, öz etirazlarını bildirdilər”.

 

Bu fikirləri Niderland Krallığında fəaliyyət göstərən Ana Vətən Avropa Azərbaycanlı Qadınlar Birliyinin mətbuat xidmətinin rəhbəri və Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Nərgiz Cəfərova bildirib.

 

O qeyd edib ki, diaspor olaraq etiraz etsələr də, parlamentarilər öz ermənipərəsət mövqelərini saxlamaqda davam edirlər:

“Həmçinin Hollandiya mətbuatı da eyni vəziyyətdədir. Hadisələri birtərəfli işıqlandırırlar. Qarabağ savaşını həmişə dinə və Türkiyəyə bağlayıblar. Burada Azərbaycan-Ermənistan davasından qətiyyən söhbət getmir. Buradakı atmosfer budur. Hər zaman onlarla görüşlər keçiririk, anlatmağa çalışırıq ki, bu dini müharibə deyil. Bizim ordumuz var və 30 ildir ki, torpaqlarımızı zəbt olunub və biz öz torpağımızın azadlığı üçün mücadilə aparırıq. Bizim savaşımız vətən savaşıdır, din savaşı deyil. Azərbaycanda minlərlə müxtəlif din nümayəndələri yaşayır. Azərbaycan tolerant ölkədir, hətta kilsələr, buddizm məbədləri, sinaqoqlar var. Durmadan bunları izah etməyə çalışırıq, amma hələ ki, bir nəticəsini görməmişik”.

Diaspor nümayəndəsi Niderland parlamentində Azərbaycanın sözünü deyəcək deputatdan da söz açıb:

“Xristian olaraq əlbəttə ki, heç kim yoxdur. Yalandan qulaq asıb baş sallayanlar var, amma sözümüzü deyən yoxdur. Burada türk əsilli bir deputat var. Adı Tunahan Kuzudur. "Denq" Partiyasının təmsilçisi, yəni deputatıdır. O, Niderland parlamentində bizim sözümüzü dedi və çox gözəl bir çıxış etdi. Onlara Azərbaycanın haqq səsini anlatdı. Onun çıxışından sonra qətnamədə olan bəndlərin çoxu çıxarıldı. Biz diaspor olaraq onunla da çox görüşlər keçirmişik, ona da lazımi informasiyalar vermişik. Videolar, sənədlər təqdim etmişik ki, parlamentdə bizim səsimizə çevrilsin. Hazırda isə iclas formasında heç nə edə bilmirik. Çünki Niderlandda koronavirusun yeni növü tapıldığına görə sərt qaydalar tətbiq olundu. Ancaq marketlər, apteklər işləyir. Mitinqlərə də icazə verilmir. Biz etirazlarımızı ancaq bəyanatlarla, etiraz məktubları ilə, deputatlarla özəl görüşlərlə keçiririk. Amma iyul ayından etibarən parlamentin bu qərarlarına çox sərt reaksiyalar vermişik. Fransa səfirliynin qarşısında mitinq keçirdik, Ədalət Məhkəməsinin qarşısında mitinq elədik, yəni səsimizi çatdırmağa çalışırıq. İndi isə hər şeyi onlayn etməyə çalışırıq”.

 

Qeyd edək ki, bir neçə gün bundan qabaq Niderland parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul edib. Rəsmi Bakı bu qətnaməyə etirazını bildirib.(Modern.az)