Əsgərinin atası - ELNUR ƏLİYEV
23 noyabr 2020 10:27:08
“Türklərdən başqa dini və vətəni uğrunda canını verməyə hazır əsgər görmədim”
(Hamilton)
Cənab mayor bu sətirləri göz yaşlarımla yazıram. Ruhun qarşısında vətəndaşlıq borcumu qaytarmadığım üçün çox narahatam. Qarabağın gözü olan Şuşanın işğaldan azad olduğu gündə yazıram bu cümlələri. Qanın yerdə qalmadı cənab mayor. Hisslərimi ifadə edə bilmirəm. Heç vaxt bu qədər acizlik çəkməmişdim fikirlərimi ifadə etməkdə. Qəribə və sözlə ifadə olunmaz bir hiss yaşayıram. Torpaqlarımızın hər qarışı azad olunanda indiyə kimi sevincdən ağlamadığımı bildim. Ürəkdən ağlamağı, bütün canı ilə, ruhu ilə ağlamağı ilk dəfə yaşadım. Dəfələrlə anladım ki, deməli sevincdən ölmək belə mümkün ola bilərmiş. Sanki insan sevincdən ölüb, dirilir.
Torpaq-uğrunda ölən varsa, Vətəndir! Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik!
Məşhur şairimiz Məmməd Araz Vətən övladlarının doğma Azərbaycana bəslədikləri sonsuz sevgini, əbədi minnətdarlıq hissini ümumiləşdirərək yazmışdır:
Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim.
Bu misralarda ifadə olunan fikir hər birimizin qəlbinə və düşüncəsinə hakim kəsilib. Vətənə, doğma torpağa məhəbbət nağıllarımızda, dastanlarımızda, atalar sözlərində, bayatılarda da yaşadılır. Vətən torpağının müqəddəsliyi, onun yağılardan qorunmasının vacibliyi dastanlarımızın əzəli ulusu "Dədə Qorqud"da böyük məhəbbətlə tərənnüm edilir. Vətən ana ilə bərabər tutulur. Oğuz igidləri "Vətən haqqı ana haqqıdır" - kəlamının işığında Vətənin keşiyində ayıq-sayıq dayanıb, onu göz bəbəyi kimi qoruyurlar. Vətən doğma evin kandarından başlanır.
Vətən bizim varlığımızdır, fəxrimizdir, qürurumuzdur. Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən qəhrəmanlar heç vaxt unudulmur, ölümsüzlüyə qovuşurlar. Belə ölümsüz qəhrəmanlarımızdan biri də, əsgərlərini xilas etmək üçün özünü bombanın üzərinə atan, əsgərlərinə valideyin, böyük qardaş qayğısı ilə yanaşan igid, qorxmaz VƏTƏN OĞLU mayor Elnur Əliyevdir. Mayor Elnur Əliyev şəhidlik yolunu böyük qardaş kimi qayğılarını çəkdiyi tabeliyində olan əsgərləri ölümdən xilas etmək üçün özünü düşmən qumbarasının üzərinə atmaqla seçdi. O, cəbhə yoldaşlarının həyatını 2 azyaşlı övladının atasızlığından üstün tutdu və bununla həm də yüksək mənəviyyat nümunəsi göstərdi".
16 avqust 1976-cı ildə Füzuli rayonunun Dədəli kəndində doğulan Elnur Əliyev 1991-ci ildə orta məktəbin 9-cu sinifini bitirib və C.Naxçıvanski adına hərbi məktəbə daxil olmuşdur. 1998-ci ildə isə H.Əliyev adına Ali Hərbi Məktəbi bitirən E.Əliyev, 1998-2008-ci illərdə Qərb bölgəsində xidmət edib. Son 2 ildə Füzuli bölgəsində fəaliyyət göstərib. Evləri 1993-cü ildə işğal olunmuşdu. Valideynlərini itirdiyi üçün qardaş-bacılarına valideyinik, böyüklük etmək evin böyük övladı olaraq Elnurun çiyinlərinə düşmüşdü. Həyatını hərbi ilə bağlamaq qərarı verəndə ən böyük arzusu Vətən torpaqlarını, ata yurdunu, evini düşməndən azad etmək olmuşdur. Qardaşı Amid bəyi də hərbiçi olmağa meyilləndirmişdi. Qardaşı, bacısının həyat yoldaşı onun ardınca hərb peşəsinə yollanmışdılar.
Cəbrayıl rayonunun işğal altındakı Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan mayor Elnur Əliyev hərbi hissənin nizami hissə rəisi idi.
Bir neçə il öncə şəhid mayorun xanımı ilə əlaqə saxlayıb görüşmək istədiyimi bildirəndə Nuranə xanı məmnuniyyətlə qəbul etdi.
Nuranə xanım (həyat yoldaşı): “Həyata tutunmağa çalışırıq. Amma görürsən ki, yox alınmır. Çox çətindi. Bu evdə heç oturmadı Elnur. Vəfatından sonra təmir olundu. Evin bu vəziyyətini görmədi heç. Tovuzun Qaralar kəndində olurduq. Dumanlı, çənli yer idi. Ermənistanın kəndləri ilə həmsərhəd idi. Bulaqlara suya gedirdik. Çox şəraitsiz yer idi. İşıq belə yox idi. Pilləkən nərdivan kimi idi. Camaatın iməkləyə-iməkləyə çıxdığı pilləkəni elə çıxıb düşürdüm ki. Kəndin evləri boş idi. Ancaq maldarlıqla məşğul olanlar yaşayırdı. O kəndə "Niva", ya da polis maşınları çıxa bilirdi. Elnur gecə durub gedirdi posta. Deyirdim bəs mən, deyirdi “camaatın balası postda yatar. Sən mən burda olanda qorx, orda mənə heç nə olmaz. Gələn ordan gəlir, mən ordayamsa qorxma”. Onda artıq qismətimlə barışdım ki, bu mənim taleyimdir. Bu insan əsgər balalarını öz balalarından çox istəyib ki, dönüşü olmayan bir addım atıb. Hərbiçilərin xanımları həyat yoldaşlarıyla səngər yoldaşı olur. Biz qadınlarına o qədər arxayın olublar, güvəniblər ki, “biz yoxuq, anaları var” deyə düşünüblər həmişə.
Qəti bir söz deməzdi evdə. Martın 31-i işdən gəldi, uşaqlarla oynadı bir az. Soruşdum ki, yemək yeyibsən? O da başı ilə bəli dedi. Daha mən gəlib oturdum. Elnur da elə başa düşüb ki, "yemək yeyirsən" deyə soruşmuşam. Bir az keçdi oğlumuza dedi ki, bala yemək yoxdu evdə. Dedim axı soruşdum dedin yemişəm. Getdim plov dəmləmişdim gətirdim, böyük bir bakalda da kompot süzdüm. Yedi, içdi uzandı. Onun həmin günkü baxışlarını mən indi başa düşürəm. O baxışlar hər şeyi deyirdi sanki. O bilirmiş ki, hər şey ola bilər. O cür müharibə olan vaxt mənim xəbərim olmayıb ki, vəziyyət bu qədər gərgindir. Uşaqları məktəbə aparırdım. Hamı məndən soruşurdu ki, vəziyyət necədi. Mən də deyirdim ki, əla. Hətta o qədər sevinirəm ki, az qalıram gedəm səngərə tərəfə deyəm ay əsgərlər biz də sizə dəstəyik. Deyirdim nə olasıdı ki, hər şey yaxşıdır. Mən tez-tez Elnura zəng vurmazdım, o xoşlamırdı. Deyirdi lazım olanda mən vuracam. Həmin müddətdə heç zəng vurmadım Elnura. Uşaqları məktəbdən götürüb evə qayıdanda yanımızdan təcili tibbi yardım maşını keçdi. Məni qəribə ağlamaq tutdu. Ürpəndim. İndi fikirləşirəm ki, o maşındakı Elnur imiş. Ona görə mən elə oldum. Qaynım da hərbçidir. Danışanda “belimiz qırılıb” deyə qışqırıb ağladı. Mən qorxdum ki, ona nəsə olub. “Elnur” deyib telefonu bağladı. Dünyam qaraldı. Evdən çıxıb qaçmağa başladım. Hara gedirdim bilmirəm. Elə fikirləşirdim ki, yaralanıb. Yenə ölümü ağlıma gətirmirdi. Hamı bilirmiş bir məndən başqa. Qapını açanda nə qədər millət gördüm. Elə gözləyirmişlər ki, hansısa vasitə ilə mən bilim. Heç kim cəsarət etmirmiş mənə deməyə. Həmin vaxt böyük oğlum məni qucaqladı ki, “ana deyirlər atam şəhid olub, bəs sənə bir şey olsa biz necə olacağıq. Onda elə bil bir az ayıldım, özümə gəldim. Dedilər Elnuru gətirirlər. Yolda ağladım, qışqırdım. Qaynım qucaqladı ki, “gəl, gəl deyəcəm. Özünü ələ al”. Qardaş-bacıları deyir ki, “biz indi ata-anasız qaldıq”. Valideyinlərini çoxdan itirmişdi Elnur.
Sağ olsun yaxşı insanlar. Tanımadığımız o qədər insan var ki, yad edir, unutmur bizi”.
Nuranə xanımın ağladığını görən övladları gəlib analarını qucaqlayıb öpdülər.
Şəhidin yaxınlarından birinin (əfsuslar olsun ki, adını tapa bilmədiyim üçün qeyd etməmişəm) yazdıqları maraqlı olduğundan təqdim edirəm: “Elnurla yaxın münasibətimiz olmasa da, bu nəsli yaxşı tanıyıram. Bu şəcərənin qəribə bir alın yazısı var. Hələ keçən əsrin əvvəllərində ulu babasını ermənilər qətlə yetirmişdi. Babası Əli 1960-cı ildə Kalininqradda hərbi xidmətdə olarkən suda boğulan iki azyaşlını xilas edib, üçüncünün ardınca üzəndə özü də həlak olmuşdu. Əhmədbəylidəki dördyolu keçəndə Horadizə gedən yolun sol tərəfindəki lövhədəki mənzərə gözlərimi qamaşdırdı. Uzaqda, dağın ətəyində sapsarı taxıl zəmisi, bir az bəridə asfalt yolun qırağında göz yaşı kimi dupduru kəhriz axır, ondan da o yanda təndirin üstündə iri hərflərlə "Dədəli çörəyi" yazılmışdı. Bu mənim, həm də bu gün adı hər yerdə hörmətlə çəkilən, aprelin əvvəllərində erməni təxribatına qarşı vuruşlarda şəhid olmuş mayor Elnur Əliyevin doğulduğu kəndin adı idi. Maşını necə saxlayıb aşağı düşdüyümü indi də xatırlamıram. Lövhənin yaxınlığındakı təndirin başında dövrə vuran qadınlarla salamlaşdım. Bu saf qəlbli insanlar tanımaza-bilməzə məni doğmaları kimi qarşıladılar. Heç birini tanımasam da fəhmlə çoxlarını kimlərəsə oxşatdım. Babalarının, nənələrinin adını çəkib:
- Sən Astan əminin, sən Matan xalanın nəvəsisən? - deyə soruşdum. Onların gözlərində sevinc qığılcımları parladı. Sualıma sualla cavab verdilər:
- Siz Astan babanı (o vaxt kənddə hamının dəyirmançı kimi tanıdığı Aslan kişiyə Astan deyə müraciət edirdik) tanıyırdınız, Museyib babanı görmüşdünüz?
Söhbətimizə o an yanımızda dayanan hərbi nömrə nişanlı maşının əyləc səsi üzündən ara verməli olduq. Sükan arxasından yerə atılan gənc zabit şax addımlarla mənə yaxınlaşdı, çoxdan tanıdığı əzizi kimi qucaqladı. "Hamımız Dədəlidənik"-dedi. Bax, bu sizin dostunuz Əli babanın həyat yoldaşı Ətlasdır. Sonra da çörək bişirənlərə tərəf dönüb:
- "Tanımadınız? Əli babanın dostudur" Tahir əminin qardaşı, Suquş nənənin Bakıdakı oğludur (anamın adı Şükufə olsa da kənddə hamı onu Suquş nənə deyə çağırırdı).
...Aramızdakı yaş fərqinə baxmayaraq söhbətimiz alındı, fikirlərimiz də, arzularımız da üst-üstə düşürdü. Elnur Dədəlidə keçirdiyi günləri xatırladı: kənd adamlarının necə sadə, qayğıkeş, yanımcıl olduğunu yada saldı. Kənddə bizə qarışqanı tapdalamağın da günah olduğunu aşılamışdılar. Fikrini təsdiqləmək üçün qəribə bir misal da çəkdi: “Üçüncüdə oxuyurdum. Quşatanla bir bildirçin vurub sevinə-sevinə evə gətirdim. Elə bilirdim ki, quş vurduğuma görə nənəm məni qucaqlayıb öpəcək, amma arvad elə qışqırdı ki, o səs indi də qulaqlarımda cingildəyir:- ermənisən, ilin bu vaxtında bala üstündə yatan quşu vurarlar, bəs onun balalarını...
Daha sözünün dalını gözləmədim, qonşu uşaqları da götürüb zəmiyə qaçdım. Anasız qalmış balaların harayı lap uzaqdan eşidilirdi. "Yetimləri" yuva ilə birlikdə evə gətirdim, pərvazladıb uçurdana kimi Fizzə nənə ilə birlikdə onlara analıq etdik. O gündən sonra daha heç ağcaqanadı da öldürməyə əlim gəlmirdi. Amma ermənilər Xocalıda körpələri süngüdən keçirib, qız-gəlinləri qanına qəltan eləyəndən, kəndimizə bir-birinin ardınca şəhidlər gətiriləndən sonra dəyişdim, daha doğrusu həyat məni dəyişdi, indi mən həmin Elnur deyiləm...”.
- Deyirlər siz həm də yaxşı snayperçisiniz?..
- Snayper deyəndə ki, atmağı bacarıram. Amma az-az atıram.Onlar bizə üç dəfə atəş açanda bir dəfə də mən tətiyi çəkirəm. Elnurun fikrini zabit yoldaşı tamamladı: "Elnur quşu gözündən, ermənini biləyindən vurur". İkisi də gülür.
Elnur bir qədər sakit halda: “Mən istəyirəm ki, onlar torpaqlarımızdan qan tökülmədən çıxıb getsinlər. Amma getmirlər.İstəsəm hər gün neçəsini başından vuraram, amma biləyindən vururam ki, bütün ermənilərə görk olsun, görənlər desinlər ki, o qolu kəsik oğlan Qarabağdakı ədalətsiz müharibədə şikəst olub.İndiyə kimi cəmi on yeddi dəfə erməniyə güllə atmışam, on yeddi ermənini tək qol etmişəm”.
..."Dədəli çörəyi" yazılmış lövhəyə kədərli baxdığımı görən Elnur söhbəti dəyişmək üçün: “Bu təndiri tikdirmişik ki, gəlib gedənlərə əsirlikdə qalan Dədəli adını – kəndimizi xatırladaq. Axşamlar bu ərtafdakı dədəlilərin hamısı bura yığışır. ...Bu kənddəki dədəlilərin hamısı çörəklərini bu təndirdə bişirirlər... Özümüzə rahat ev-eşik düzəltsək də, ürəyimiz o əsirlikdə qalan kəndimizdədir. Qoca da, cavan da arzu-istəklə yaşayır, tezliklə kəndə qayıdacaqlarından, ermənilərin dağıtdıqları evin yerində ikimərtəbəli imarət ucaldacaqlarından, uşaqlarının toyuna Bakıdan hansı xanəndələri çağıracaqlarından danışırlar..”.
İlk baxışda qaradinməz təsiri bağışlayan Elnur elə hey kənddən, kənddəki kəhrizdən, İkinci Dünya müharibəsində həlak olanların xatirəsinə əkilmiş çinardan danışırdı. İndi fikirləşirəm ki, bəlkə Elnur bunların hamısını bilərəkdən, düşünülmüş halda mənə çatdırmaq istəyirmiş.
Elnurla söhbətimiz xeyli çəkdi. Öyrəndim ki, əzəldən taleyi uğursuzluğa düçar olan Elnur Əliyev hələ ata-anasını neçə il əvvəl qaçqınlıq illərində itirib... 1991-ci ildə kənddəki orta məktəbin 9-cu sinfini bitirdikdən sonra C.Naxçıvanski adına hərbi məktəbdə təhsil alıb, 1994-1998-ci illərdə H.Əliyev adına Bakı Ali Birləşmiş komandanlıq məktəbində oxuyub. 1998-2013-cü illərdə Azərbaycanın Qərb bölgəsində Tovuz rayonunda tağım komandiri və bölük komandiri, 2013-2014-cü illərdə Bərdədə taborun qərargah rəisi vəzifələrində işləmişdir.
Son iki ildə isə öz xahişi ilə Füzuli bölgəsinə bölük bölmə rəisi vəzifəsinə göndərilmişdir.Püxtələşmiş zabit kimi Füzuliyə qayıdıb, neçə dəfə dövlət mükafatları ilə təltif olunub. Orduda qüsursuz xidmətlərinə və digər müsbət keyfiyyətlərinə görə ötən müddətdə beş dəfə müxtəlif dövlət mükafatları və medallarla təltif olunmuşdur.
Füzuli bölgəsinə gəlməsindən danışan Elnur dedi: “Tovuzda bölük komandiri idim, işlərim də yaxşı gedirdi. Amma Füzuli məni çox çəkirdi. Axı bu tərəfləri yaxşı tanıyırdım. Həm də istəyirdim ki, torpaqlarımızı düşməndən azad edəndə Füzuliyə birinci özüm girim, əsirlikdə qalan kəndimizə bayrağı özüm sancım. Nazirliyə ərizə ilə müraciət etdim. Razılaşdılar”.
Elnur öz peşəsini dərindən sevirdi: “Nə qədər ki, torpaqlarımız azad olmayıb biz hamımız ilk növbədə əsgər olmalıyıq, silaha sarılmalıyıq - deyirdi. Hazırda Respublika Müdafiə Nazirliyində xidmət edən kiçik qardaşı, mayor rütbəli Amid, daha bir neçə yaxın qohumu hərbçi peşəsini Elnurun tövsiyəsi ilə seçmişlər”.
Deyilənə görə, Elnur cəbhədə görüb eşitdikləri barədə gündəlik yazırmış, amma bu gündəlikdən əlimizə heç nə keçmədi. Füzuliyə aparıb Məngələnata (Füzuli şəhərinin yaxınlığında ən uca təpədir) təpəsinə sancmaq üçün illərdən bəri özü ilə gəzdirdiyi, sonuncu döyüşdə deşik-deşik olmuş bayraq, birdə cəbhə yoldaşlarının ölümündən sonra onun cibindən tapdıqları qana boyanmış bir parça kağızdakı üç-dörd kəlmə hər şeyi deyirdi: "...Kəndimizə qayıdanda məni unutmayın, adımı kəhrizin başındakı çinara yazarsınız...".
Dədəlidə iki kəhriz var. Biri kəndin ortasında, o birisi də yalın o üzündə, "Daş yolun" qırağındakı kəhriz. Bu kəhrizlərin hər ikisini keçən əsrin əvvəllərində kəndin imkanlı kişiləri qazdırmışlar, birini kənddən xeyli aralıda, Füzuli-Cəbrayıl yolunun qırağında üzə çıxarıblar ki, yol adamları istifadə etsinlər, birini də düz kəndin ortasına çəkdiriblər. İkinci Dünya Müharibəsi başlayanda kənddən müharibəyə göndərilən cavanları adamlar elə o kəhrizin başından yola salarmışlar. Kəhrizin üstündəki o çinarı da o vaxt əsgərliyə gedənlərin şərəfinə əkmişlər, sonralar müharibədən qayıtmayanların anma mərasimləri o çinarın kölgəsində keçirilərdi, ruhlarına dualar oxunub ehsan verilərdi. Kənddəki kəhriz kəndlilər üçün görüş yeri kimi əbədiləşmişdi. Küsülülər də o kəhrizin başında barışardılar, cavanlar da öz həyat yoldaşlarını o kəhrizin üstündə seçərdilər... Bəlkə Elnur da elə buna görə...Ayrılanda mobil telefonunun nömrəsini yazıb vermişdi. Bakıya qayıdandan sonra da arabir telefon əlaqəsi saxlayırdıq. Bayramlarda mən zəng edirdim, adi günlərdə o. Hər dəfədə də Füzulidən, doğma Dədəlidən danışar, torpaqlarımızı düşməndən təmizləmək üçün hər cür imkan olduğunu, orduda böyük ruh yüksəkliyi yarandığını, bircə komandanın əmrinə ehtiyac qaldığını deyərdi. Ötən müddətdə Elnurla olan telefon danışıqlarımın, göndərdiyi SMS-lərin bəzilərini indi də xatırlayıram:
- "...Bu gün Füzulinin işğalı günüdür.Gecə səhərə kimi üstümüzə güllə yağdırıblar. Cavab verməyə gec başlasaq da əclafları susdurduq, itkimiz olmadı... 23 avqust 2015";
- "Dünən əsgər yoldaşlarımızdan biri yaralandı. Mən də iki erməninin sağ biləyini qırdım... 20 oktyabr 2015";
- ... Dünən gecə gözümüzü də yummamışıq.Dığalar səhərə kimi hara gəldi atıblar. Hava işıqlaşanda iki dəfə tətiyi çəkdim hərəsində də bir erməninin biləyini qırdım, polkovnik-leytenant uşaqların yanında icazəsiz atəş açdığıma görə narazılığını bildirsə də, axırda "çox sağ ol!" dedi!";
- "...Son günlər yaman qudurublar, heç bayramı necə keçirdiyimizi bilmədik. 24 mart 2016". Aprelin 1-də gecəyarı bir mesaj göndərmişdi: "Bizə qarşı böyük təxribat başlayıb. Amma deyəsən, xilaskarımız, vətənin xilasına icazə verib... Məni ön cəbhəyə göndərmək istəmirlər. Komandirin yanına girib çox xahiş etdim, birtəhər razı salmışam..."Bu bizim son əlaqəmiz oldu.Sonrakı telefon zənglərinin heç birinə cavab gəlmədi.Az sonra qara xəbər yayıldı (Asif Quliyev. Əsir düşmüş Dədəlinin şəhid oğlu.525-ci qəzet.- 2016.- 29 aprel.- S.6).
Yoldaşlarının dedikləri: “Neçə saat güllə yağışının altında qalsaq da, azğın erməniləri xeyli geri çəkilməyə məcbur etmişdik. Lələtəpədə cəbhə xəttindən xeyli aralıdan gələn güllə səsindən və ermənilərin dirənişindən hiss edirdik ki, geri çəkilənləri özləri güllələyirlər. Biz düşməni məhv etdikcə ardınca yeni-yeni qüvvə gəlirdi, amma addım-addım da olsa irəliləyirdik. Təpəyə çatmağa az qalmışdıq. Elnur bir neçə addım sağa sürünüb uşaqların qabağına keçdi və bizə əlbəyaxa döyüşə hazır olmaq əmri verdi, elə bu zaman erməninin atdığı qumbara aramıza düşdü. Elnur bir quş cəldliyi ilə özünü qumbaranın üstünə atıb: “Aralanın, özünüzü qoruyun!” -deyə əmr etdi. Sonra da: "Heyif, axırını görə bilmədim, Füzuliyə girəndə məni də xatırlayın” dedi.”( http://www.anl.az/down/meqale/525/2016/aprel/488045.htm).
Digər gizir: - “Elnur bizə qardaşlıq edirdi -dedi. - Olduqca qayğıkeş, mehriban və həm də tələbkar komandir idi. Hərbi sirləri yaxşı bilirdi və hamımıza da öyrədirdi. Elnur bütün söhbətlərinə vətəni sevməyin vacibliyindən başlayırdı: - Biz anamızı sevdiyimiz kimi, vətəni də sevməliyik. Çünkianamızınanası vətəndir, - deyirdi. Obütünhərəkətləriilə nümunə göstərməyə çalışırdı, ölümü ilə də hamımıza örnəkoldu.”
Lələtəpə uğrunda gedən döyüşlərdə Elnurla birlikdə vuruşan gənc əsgər: “Özü öldü, bizi isə ölümdən xilas etdi”.
Qənirə Paşayeva (millətvəkili): "Elnuru hələ Tovuzda xidmət etdiyi illərdən tanıyırdım. O, ön cəbhədə xidmət edirdi, hər dəfə Tovuza yolum düşəndə onun xidmət etdiyi hərbi hissəyə baş çəkərdim. Elnur vətənini, torpağını dəlicəsinə sevən bir hərbçi idi. Füzuliyə Elnurun hüzur məclisinə gedəndə əvvəlcə onun şəhid olduğu Lələtəpə döyüşlərində iştirak etmiş hərbçilərimizlə görüşdüm. Hamısı mayor Elnur Əliyevi mərd, qəhrəman bir hərbçi - vətənini dəlicəsinə sevən bir əsgər olduğunu vurğuladı. O qəhrəmanlığı ilə hamıya örnək olan bir Vətən övladıdır". Asif Quliyev. Əsir düşmüş Dədəlinin şəhid oğlu. 525-ci qəzet.- 2016.- 29 aprel.- S.6).
Əziz qardaşım Elnur, sən, öz torpaqlarımızı özümüzə qaytarmaq uğrunda gedən müharibədəki ağlasığmaz ölümünlə ölməzliyə qovuşdun, misli-bərabəri olmayan igidliyinlə öz adını da əbədiləşdirdin, kəndini də. İyirmi ildən çoxdur ki, Dədəlisiz qalan dədəlilərə başucalığı gətirdin. İndi sənin adın təkcə Dədəlidə, Füzulidə deyil, bütün Azərbaycanda dillər əzbəri olub, Azərbaycanda doğulan oğlan uşaqlarının əksəriyyətinin adını Elnur qoyurlar. Sənin Aprel döyüşündəki, qəhrəmanlığından sonra bütün uşaqlar “böyüyəndə məndə Elnur kimi qəhrəman olacam” deyir. Sən dünənə kimi bir ailənin oğlu idin, indi bütün Azərbaycan ailələrinin oğlu oldun. İndi hər yerdə hamı sənin igidliyindən danışır. Bu təkcə mənim fikrim deyil, bütün Azərbaycan xalqının səsidir, arzusu, istəyidir. İndi Azərbaycanda hər evdə, hamının qəlbində bir şüar yaşayır - "Şəhidlər ölmür, vətən bölünmür". Sən ölməmisən. Bəlkə də elə Dədəlidən olan bütün şəhidləri arzuladığın o xan çinarın kölgəsinə yığmısan. Gün gələcək bütün azərbaycanlıların arzusu çin olacaq, doğma torpaqlarımıza qayıdacağıq. Sənin arzuladığın o kəhrizin başına, adının yazılmasını istədiyin çinarın kölgəsinə yığışacağıq. Hələlik sənin adını ürəyimizə yazmışıq, onda sənin adını elə o məğrur çinara da yazacağıq. Dədəlisiz günlərimizi xatırlayanda səni də sənin kimi şəhid olmuş bütün azərbaycanlıları yada salacağıq. Sən həmişə bizimlə olacaqsan!” O gün bu gündür cənab mayor. Qeyd olunanları gerçəkləşdirməyimiz nəfəs qədər yaxındır.
Unutmayaq ki, Vətən təkcə yurd deyil. Vətən mənəm, Vətən sənsən, Vətən bizik. Vətənin dünəninə, bu gününə, sabahına hamımız cavabdeh olmalıyıq. Vətənpərvər, Vətənini, yurdunu sevən, dövlət atributlarına hörmətlə yanaşan, onu qoruyan, hər vaxt üçrəngli bayrağını uca tutan cəsur oğullar millətin qürur mənbəyidir.
VƏTƏN OĞULLARI VƏ ONLARI DOĞAN ANALAR! QARŞISINDA BAŞ ƏYİRƏM. HAQQINIZ ÖDƏNMƏZ. HAQQINIZI VƏ QANINIZI HALAL EDİN VƏTƏNİMİN QƏHRƏMAN OĞULLARI.
Aynur Səfərli
polis leytenantı,
DİN Polis Akademiyasının əməkdaşı