"Bu savaşdan qalib kimi ayrıldıq" - Şəhid polkovnikin həyat yoldaşı
13 noyabr 2020 17:27:45
"İllərdir bu günü gözləyirdik".
Zəfər.Az bildirir ki, bunu Milli.Az-a açıqlamasında 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova deyib.
Şəhid zabitimizin xanımı bildirib ki, bu savaşdan qalib kimi ayrıldıq:
"30 ildir Azərbaycan xalqı mənfur düşmənlə öz torpaqlarımız uğrunda mübarizə aparırdı, şəhidlər verirdik, qazilərimzi olurdu. İlk dəfə Aprel döyüşlərində xalq olaraq hiss etdik ki, biz Qarabağı unutmamışıq. Həmin döyüşlərdəki şəhidlərimiz bizə uzun zamandan sonra ilk zəfər sevincini yaşatdılar. Anladıq ki, biz bu erməni mifini dağıda, mövqelərini məhv edib qələbəni əldə edə bilərik. Azərbaycan xalqı olaraq Qarabağa qayıdacağımız günü gözləyirdik.
İlk dəfə zəfər sevincini duyduq
Sentyabrın 27-dən başlayan 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusu, Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi altında bu savaşdan qalib kimi ayrıldı. Bu qalibiyyət Azərbaycan xalqının milli kimliyini, milli birliyini təsdiq etdi və biz xalq olaraq Ordumuzun, Ali Baş Komandanın arxasında durduq. Həm siyasi müstəvidə, həm cəbhədə döyüşdük və qələbəni haqq edən tərəf, ədalətli olan Azərbaycan xalqı qazandı. Biz illərdir bu ədalətin zəfər çalacağına inanırdıq ki, siyasi müstəvidə həll olunacaq, amma alınmırdı. Azərbaycan əsgəri son sözü dedi, qeyrəti ilə, mərdliklə vuruşdu və Şuşa qalamız işğaldan azad olundu. Şuşa məscidində ilk azan verildi. Tarixi anları yaşadıq. İllər sonra ilk dəfə zəfər sevincini duyduq. Çox əvəzedilməz günlərdir.
O qisası mənfur düşməndən aldılar
Bu yolda şəhidlər verdik. Vətən oğullarımız var, Azərbaycan ordusunun dəyərli zabitləri, əsgərləri Vətən Müharibəmizdə arxaya baxmadan, düşünmədən düşmən mövqelərinə hücum etdilər, şəhid oldular, qazi oldular. Onların hər birinin xatirəsi Azərbaycanın qəlbində yaşayacaq, illər keçəcək, nəsillər dəyişəcək amma onlar heç vaxt unudulmayacaq. Onlar yeni Azərbaycan yaratdılar, şərəfli taix yaratdılar. Bir neçə nəsil dəyişəcək, amma onlar həmişə yaşayacaqlar. Şəhidlərimizin hər birinin xatirəsini dərin ehtiramla yad edirik, mən özüm şəhid xanımı olsam da hamısının bir-bir qarşılarında baş əyirəm ki, onlar bizim qisasımızı aldılar, qanımızı yerdə qoymadılar.
Hamımız bir olmalıyıq
Güman edirəm ki, xalqımız necə ki, ordumuza müharibədə dəstək oldu, eləcə də şəhidlərimizin əmanətinə birgə sahib çıxacağıq, onlara ən yaxşı şərtlər altında yaşamalarına çalşacağıq. Hazırda dövlət qazilərimizin də qayğısına qalır, xəstəxanalarda onların müalicəsi davam edir. Cənab prezident müharibədən sonra ilk görüşünü onlarla keçirdi. Bu özü böyük bir mesaj idi ki, mən sizlərin arxasındayam, həmişə vətən sizlərə minnətdardır.
Hamımız bir olmalıyıq. Daha möhtəşəm, daha möhkəm, daha güclü Azərbaycan quracağıq. Bu müharibədə biz dostumuzu, düşmənimizi tanıdıq. Dostlarımızla birlikdə bu yolda uğurla irəliləyəcəyik. İnşəAllah övladlarımız daha güclü Azərbaycanda yaşayacaqlar".