“Şuşa Azərbaycanın qeyrət, azadlıq simvoludur” - Şəhid xanımı
13 noyabr 2020 17:15:32
“Azərbaycan Vətən Müharibəsi ilə dünyaya hərbi və siyasi cəhətdən böyük dərs keçdi”.
Zəfər.Az bildirir ki, bunu Azvision.az-a Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova Azərbaycanın müharibəni zəfərlə başa vurmasından danışarkən deyib. Şəhid xanımı bildirib ki, tarixi qələbəni xalq, ordu və Ali Baş Komandan birliyi qazanıb.
“İkinci Qarabağ müharibəsinin zəfəri şəhid ailələrinin gözünün yaşının quruması deməkdir. Xalq mücadiləmizin ədalətli sonluğudur. Azərbaycan dünyaya xalq, millət olaraq kimliyini sübut etdi. Artıq bu ölkədə heç kəs məcburi köçkün olmayacaq. Şuşa Azərbaycanın qeyrət, azadlıq simvoludur. Yüksəklik ucalıq deməkdir. Biz o ucalığa yetdik, fəth etdik.
Raquf haqqında Murovun qartalı deyirlər. İndi onun ruhu o dağlarda, yüksəkliklərdə çırpınır. Qələbə ilə bağlı gecə xəbərləri eşidəndə səhər ertədən Şəhidlər Xiyabanına getmişdik. Hamı Raqufun məzarına gəlib deyirdi ki, ruhun şad olsun, komandir, qisasın alındı. Gənclərimiz dizini yerə qoyub Şəhidlər Xiyabanında baş əyirdi.
İndi olduğu kimi biz 1992-ci ildə də möhtəşəm xalq idik. Əliyalın döyüşürdük. Ermənilər özləri haqqında böyük Ermənistan, böyük erməni xalqı kimi miflər uydurmuşdular. Özləri öz yalanlarına inanmışdı. İndi şokdadırlar ki, nə baş verdi? Hələ də qəbul edə bilmirlər. Zəfərimiz ermənilərə, işğalçılara dərs olsun. Başqasının torpağında yuva salmaq olmaz. Dünyaya hərbi və siyasi cəhətddən böyük bir dərs keçdik”.
S. Orucova vətəndaşları şəhid ailələrinə dəstək olmağa çağırıb: “Bu yolda qazilərimiz, şəhidlərimiz oldu. Biz bu acını yaşamışıq, bilirik. Əsas odur ki, qələbə qazandıq, münaqişə övladlarmıza qalmadı. Şəhid ailələri səbirli olsunlar, onlar tək deyillər. Xalq da, dövlət də arxalarında duracaq. Onların yaralarını saracağıq, kömək olacağıq.
Ermənilər Kəlbəcərdən evləri yandırıb çıxırlar. Çünki öz torpaqları deyil. Ev, torpaq qədri bilmirlər. İllərdir ki, naz -nemtələrini daşıyırdılar. İndi isə hökumətləri onları aldadıb. Hisslərini başqa cür ifadə edə bilmirlər. Öz yalanları öz başlarında çatladı. Amma nə etsələr də mənasızdır. Biz daha yaxşı ev tikəcəyik”.