Qırmızı taborun komandiri Abbasqulu bəy kimdir? - 24.02.1886
24 fevral 2020 15:43:04
Abbasqulu bəy Xanbaba bəy oğlu Şadlinski 24 fevral 1886-cı ildə İrəvan quberniyasının Böyük Vedi kəndində anadan olub. Uşaq ikən atasını itirib.
İki sinifli rus-tatar məktəbini bitirib. Bir müddət mirab işləyib.
Zəfər.Az bildirirk ki, 1902-ci ildə atadanqalma kiçik torpaq sahəsini əkib-becərməklə məşğul olur. Rusiyada 1905-1907, İranda 1905-1911-ci illər inqilabları ictimai-siyasi dünyagörüşünün formalaşmasına mühüm təsir göstərir. Fevral inqilabından (1907) sonra Şadlinski həyatını xalq işi uğrunda mübarizəyə həsr edir və kommunistlərə rəğbət bəsləyir.
1918-ci ilin əvvəllərində Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur və digər ərazilərdə daşnak-erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımlarının baş alıb getdiyi bir şəraitdə xalq içərisində böyük nüfuzu olan Şadlinski Vedidə erməni-daşnak quldur dəstələrinə qarşı könüllü xalq birləşməsi – gələcək "Qırmızı tabor"u yaradır.
O, 1918-1921-ci illərdə daşnaklara qarşı "Qırmızı tabor"un komandiri olub. "Qırmızı tabor"çuların daşnaklara qarşı döyüşlərdə göstərdikləri igidlik və şücaətlərinin qarşılığında, onlardan 19 nəfər "Qırmızı bayraq" ordeni ilə təltif olunub.
1918-1919-cu illərin yay aylarında daşnak hərbi hissələrinin Vediyə hücumlarının qarşısının alınmasında böyük şücaət göstərən "Qırmızı tabor"çular, sonradan Şadlinskinin əmri ilə nizami daşnak ordusunun üstün qüvvələri qarşısında kəndi döyüşlə tərk edib, Vedibasar və Zəngibasar əhalisinin əksər hissəsi ilə İran ərazisinə keçərək, əvvəlcə Xoy şəhəri yaxınlığında, sonra isə Mərənd şəhəri ətrafında mövqe tutur.
28 iyul 1920-ci ildə Naxçıvanda sovet hakimiyyəti elan olunduqdan sonra Hərbi İnqilab Komitəsinin və Nəriman Nərimanovun dəvətini qəbul edərək, sentyabrın 17-də 200 nəfərlik "Qırmızı tabor" dəstəsi ilə Naxçıvana gəlib; buradakı qırmızı qvardiya döyüşçüləri də onun dəstəsi ilə birləşib. Şadlinski ilk vaxtlar Naxçıvan sərhədlərinin qorunmasına, sonra Zəngəzur istiqamətində öz dəstəsinin daşnak hissələri ilə fəal döyüş əməliyyatlarına başçılıq etdib. Onlar cəllad Dronun daşnak qüvvələrini darmadağın edərək, Naxçıvanda Sovet Hakimiyyətini quraraq, burada ingilis-daşnak işğalına son qoyublar. O, bu xidmətləri müqabilində Nəriman Nərimanov tərəfindən "Qızıl Ulduz" medalı ilə təltif edilib.
1921-ci ilin fevralından aprelin əvvəllərinə kimi İrəvanda daşnak qiyamının yatırılmasında qəhrəmanlıq göstərib. Daşnaklarla döyüşlərdə göstərdikləri şücaətə görə, Şadlinski başda olmaqla, "Qırmızı tabor"un 19 nəfər üzvü Ermənistan SSR-nin "Qırmız bayraq" ordeni ilə təltif olunub.
1921-ci ilin yayınada Şadlinskinin döyüşçüləri Dərələyəz və Zəngəzurda daşnak quldurlarının darmadağın edilməsində qəhrəmanlıq göstəriblər.
Ermənistanda və Zəngəzurda daşnak fitnəkarlıqlarına son qoyulduqdan sonra, Şadlinski 1922-ci ilin sonunadək Naxçıvanda qalıb və buranın sərhədlərinin qorunmasına rəhbərlik edib.
Bundan sonra Vediyə qayıdan Şadlinski 1922-1928-ci illərdə Ermənistanda bir sıra məsul təsərrüfat vəzifələrində çalışmış, sonra isə burada yaradılan Dəvəli sement zavodu tikintisinin rəhbəri təyin olunmuşdur.
Abbasqulu bəy Şadlinskinin İsgəndər, Mafərə, İsfəndiyar, Məmməd və Tacirə adlı övladları olmuşdur.
Düşmənləri tərəfindən 1930-cu ilin fevral ayında öldürülmüşdür.