“Deyirdi, məni yüz erməninin içində də görsən, qorxma...” – Şəhid Milli Qəhrəmanın xanımı danışır
12 noyabr 2020 15:08:58
Zəfər.az bildirir kiŞ, Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik.
Layihəmizin növbəti yazısı şəhid Milli Qəhrəman Əliyar Əliyevə həsr olunub.
***
Əliyar Əliyev. 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qəzyan kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib. Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulur. Müharibədə özünü təkcə döyüşçü kimi yox, həm də hərbi işin təşkilatçısı kimi göstərməyə başlayır.
Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandirinin təchizat üzrə müavini təyin edilir. Onun təşkil etdiyi tabor camaat arasında “Pəhləvanlar taboru” kimi da tanınır. Çünki könüllülərin əksəriyyəti onun rəhbərlik etdiyi Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin üzvlərindən ibarət idi. Lakin o, təvazökarlıq göstərib, komandir olmur. 1992-ci ildə Əliyar Əliyev taborun kəşfiyyat bölməsinin komandiri təyin edilir.
1991-ci ilin may ayında Qubadlının Yuxarı Cibikli kəndi, 1992-ci ilin oktyabr ayının 12-də isə bu rayonun Topağac-Başarat yüksəkliyi uğrunda gedən döyüşlərdə də onun rəhbərlik etdiyi alay düşməni ağır itkilərə məruz qoymuşdu. Əliyar Əliyevin son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. “Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olurlar. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub. Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 1992-ci il tarixli 301 nömrəli Fərmanı ilə Əliyar Yusif oğlu Əliyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Pəhləvan komandir
2017-ci ilin iyun ayı idi. Rejissor Nizami Abbasın Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyev haqqında çəkdiyi “Pəhləvan Komandir” adlı sənədli filminin nümayişinə toplaşmışdıq. O filmə qədər Əliyar Əliyev haqqında məlumatım yox idi. Bəlkə də vardı, tam xatırlamıram. Amma dəqiq bilirəm ki, Əliyara qarşı sevgim məhz o filmdən sonra başladı. Onun dağa-daşa, təbiətə, insanlara, bir sözlə, bütün yaradılışa meydan oxuyacaq qədər şahanə duruşu, qətiyyətli, bir az dalğın baxışı, kəsərli danışığı düşüncəmdə bütöv bir obraz formalaşdırmışdı. Filmə baxdıqca, adamlar onun haqqında danışdıqca, xəyalımda yenicə yaranan obraz bir az da bütövləşir, ətə-qana dolurdu. Bu günə qədər hər dəfə Əliyar haqqında düşünəndə çalışmışam ki, onu həyatda yaşayan canlı insan kimi təsəvvür edim, amma alınmayıb. Hər dəfəsində də bu düşüncələrim ümidsizliyə yuvarlanıb, məni real həyatın qaydaları ilə üz-üzə qoyub. Ancaq heç olmasa bir dəfə onun övladları, ailə üzvləri ilə görüşmək, Əliyarın enerjisini onlardan hiss etmək, torpaq vətən uğrunda bircə dəfə olsun belə tərəddüd etmədən ölümə yollanan bu insanın davamını yaşadan övladlarının varlığında duymaq istəmişəm.
Qubadlının işğaldan azad olunması xəbərini eşidən kimi də ağlıma gələn ilk isim Əliyar oldu. Birinci Qarabağ savaşı başlanan gündən çiynində silah cəbhəyə yollanan, öz el-obasını qorumaq uğrunda döyüşən, idmançı paltarını hərbçi libası ilə dəyişən bu vətənpərvər oğulun ailə üzvlərini görmək, onlara ataları haqqında söhbət etmək çoxdankı arzum olsa da, Qubadlının qələbə xəbəri bu arzunu reallaşdırdı.
Qismət
Əliyar haqqında onun iki övladı - Yusif, Pərvanə və həyat yoldaşı ilə söhbət edirik. Milli Qəhrəmanın həyat yoldaşı Pəri Əliyeva böyük həvəslə Əliyarla tanış olduğu gənclik illərinə qayıdır:
- Bakıda kondisioner zavodunda işləyirdim. Əliyar da Bədən Tərbiyəsi İnstitutunda oxuyurdu. Rus dilində çox gözəl bilirdi. Özü də deyirdi ki, ruslar rus dilinin qrammatikasını mənim qədər bilmir. Mən Əliyarın bacısıgilin qonşuluğunda kirayədə qalırdım. Əliyarla tanış olmazdan əvvəl onu yuxuda görmüşdüm. İlk dəfə onu biz yaşayan həyətdə görəndə öz-özümə üşəndim ki, mən bu oğlanı yuxuda görmüşdüm axı. Sonralar da həmişə ona deyirdim ki, Əliyar, sən mənim tanrı tərəfindən göndərilmiş qismətimsən.
Bir gün işdən çıxanda, onu iş yerimin qarşısında gördüm. Qonşu kimi salamlaşıb yanından ötmək istəyəndə gördüm yanımca gəlir. Sonra elçi yolladı. 1979-cu il sentyabrın 15-də biz ailə qurduq. Qubadlıda yaşamağa başladıq, onun xətrinə mən bir çox çətinliklərə dözdüm. Biz tərəflərdə evdə başa yaylıq bağlamırdılar, qısaqol köynəklər, qısa ətəklər dəbdə idi. Amma Qubadlı bir az mühafizəkar yeri idi. Ona görə mən oranın adətləri ilə hərəkət edirdim. Yaylığı boğazımın altında düyünləyə bilmirdim, amma yenə də başım həmişə örtülü olardı. Əliyar tez-tez Rusiyanın müxtəlif şəhərlərinə idman yarışlarına gedirdi. Bizim pal-paltarımızın hamısını oradan alıb gətirərdi. Burada bir-iki dəfə onunla bazarlığa getdim, sonra dedim ki, mən daha səninlə getməyəcəm, uşaqlardan birini qoş mənə, onunla gedim.
- Niyə getmək istəmirdiniz?
- Çox iti gedirdi. Cüssəli adam idi, onun bir addımı mənim iki, üç addımıma bərabər idi. Həmişə ondan arxada qalırdım, çata bilmirdim.
Nağıllar
- Əliyar uşaq vuran deyildi, amma uşaqlar ailədə ondan çəkinirdi. Uşaqlardan ona ən çox bağlı olan qızım idi. Həmişə atasının yanında yatardı. Əliyar rəhmətə gedəndən sonra Pərvanə üzüqoylu sərilir Əliyarın yerinə, əllərinin hər ikisinin də yana açırdı, qoymurdu ora bir adam yaxınlaşsın. Ona deyirdim ki, qadan alım, o boyda yataqda tək yatmayacaqsan ki, qoy, qaqaşlarından biri gəlib səninlə yatsın. Deyirdi, yox, mən atam gələndə atamla yatacam. Biz rayondakı evimizdən çıxanda, qaçqın olana qədər o, orda tək yatdı.
Pərvanə deyir ki, atası onun yaddaşında çox mülayim, ailəcanlı adam kimi qalıb:
- İndi döyüş dostlarından, onu tanıyanlardan atamın şücəatləri, ciddi döyüşçü xasiyyəti haqqında eşidəndə, mənə qəribə gəlir. Ona görə ki, atam evdə bizimlə çox mehriban olub. O, uşaqla uşaq, böyüklə böyük kimi davranırdı. Yadıma gəlir, balaca qardaşım dəcəllik edib yatmayanda o, qolunun bir tərəfinə onu, o biri tərəfinə isə məni alırdı. Sonra bizə cürbəcür nağıllar danışırdı.
- Hansı nağılları danışırdı?
- O vaxtı məşhur bir nağıl vardı. “Əlcək” nağılı. Ən çox onu danışırdı. Nağılın ortalarında atam gözləri yanan boz canavardan bəhs edirdi. Onda qardaşım Yusif qorxudan tez gözlərini yumub, yatırdı.
Qarmonda ifa etməyi bacarırdı. Tez-tez qarmonda mahnılar ifa edər, bizə də deyərdi ki, oynayın, görüm necə oynayırsınız. Özü də mütləq Məşədi İbadın mahnısını oynadırdı, deyirdi onun kimi oynayın görüm. Sonralar bizə gələn dostları onun haqqında deyirdilər ki, o, həddindən artıq utancaq, həyalı adam olub. Amma bizə qarşı sərt deyildi. Əksinə, çox həlim idi. Amma əsəbiləşəndə bircə dəfə baxmağı kifayət edirdi ki, özümüzü yığışdıraq. Yadıma gəlir, uşaq vaxtı mən həmişə atamın yanında yatırdım.
Qubadlı
Əliyar Əliyevin iki oğlu, bir qız övladı var. Böyük oğlu hərbçi olduğu və hal-hazırda cəbhədə olduğu üçün onunla söhbətləşməyimiz mümkün olmur. Amma kiçik oğlu Yusif atası ilə olan günlərini yadına salır. Atası şəhid olanda onun beş yaşı olub. Ona görə də atası ilə bağlı xatirələrin azlığından təəssüflənir. Lakin az-çox yadında qalan Əliyar Əliyevdən, atasından danışır:
- Müharibədən əvvəlki dövrü çox az xatırlayıram. Atam idman müəllimi olub. Axşamlar evə gələndə şagirdlərini evin həndəvərində qaçırırdı. Onların arasında bibim uşaqları, qardaşım da olurdu. Mən də uşaq olsam da, onlara qoşulub qaçırdım. Sonralar anam deyirdi ki, sən qaçanda məni çağırıb səni göstərirdi, deyirdi Pəri, Yusifə bax, çalışır ki, onlara çatsın. Evdə baş verən bütün şuluq işləri özüm həyata keçirirdim. O da gələndə bilirdi ki, mən nəyisə sındırmışam, qırmışam, çağırıb tənbeh edirdi. Bizə heç vaxt əl qaldırmayıb, bizi döyməyib. Dəcəllik də olanda başa salırdı, söhbət edirdi, nağıllar danışırdı. Biz onu görəndə hər dediyinə tabe olurduq. Üçümüz də çalışırdıq ki, onun rəğbətini qazanaq. Anamın dediyinə görə, evdə ən çox məni istəyib. Mən dəcəllik edəndə həmişə anama deyirmiş ki, Yusif mənim uşaqlığıma oxşayır. Mən də elə şuluq olmuşam. Bəzən bizi sakitcə oturdurdu, deyirdi kim on dəqiqə sakit otursa, ona 20 qəpik verəcəm.
Xalq öz qəhrəmanlarını heç zaman unutmur, onlar haqqında əfsanələr quraşdırır, onları öz qəlblərində yaşadaraq bu yaşantıları həm də gələcək nəsillərə ötürür. Əliyar isə özü haqqında əfsanələr yaratmamışdı. Onun müharibə zamanı etdikləri həqiqət idi. Təkbaşına erməni postlarını ələ keçirən, ayaq üstə əlində silahla onların üzərinə gedən. 300 dən çox erməni öldürüb Ermənistanı üç günlük yasa boğan qəhrəmanlıqlar göstərmişdi. Şəkillərinə baxdıqca onun hələ gənclik illərindən ağırlıq qaldırmada necə hünərli, qüvvətli olduğu görsənir. Pəhləvan komandir adını da elə bu qüvvəsinə görə qazanmağa nail olmuşdu. Pəri xanımdan Əliyara olan xalq məhəbbətindən danışmasını xahiş edirəm:
- Əliyar xalqı necə istəyirdisə, xalq da onu elə istəyirdi. İnandırım səni, hərbidə ona verilən azuqələrdən birini özü götürməzdi. Onları evə gətirirdi, kimin imkanı yox idisə, aparıb o adamlara, ailələrə verirdi. Bir də görürdüm, Əliyar evə tamam başqa tərəfdən gəlir. Deyirdim, ay Əliyar, hardan gəlirsən? Cavab verirdi ki, Çərəlidən (Qubadlının kəndi - red). Qalırdım mat-məəttəl. Sonra məlum olurdu ki, orda olan hansısa imkansız ailəyə yardım aparıb.
Yusif Qubadlının işğaldan azad olunma xəbərini eşidəndə hansı hislər keçirdiyini nəql edir. Gözləri dolur, boşalır. Onun atasız illərin o biri üzündən boylanan həsrətini də, Qubadlının qələbəsinə qarışan həyəcanını da rahatlıqla hiss edirəm.
- Qubadlının işğaldan azad olunma xəbərini eşidəndə ilk ağlıma gələn atamın məzarı oldu. Oralara məni bağlayan həm də atamdı, onu uyuduğu məzarlıqdı. Bu dəqiqə mənim üçün ən vacib, ən müqəddəs yer oradı. İnşallah, ora gedəndən sonra mənəvi cəhətdən dincliyə sahib olacağıq. Azərbaycanın hər qarışı bizim üçün vətəndir. Mənim atam da Qubadlıda yox, Laçında şəhid olub. Doğrusu, düşmənin atamın məzarına toxunmaması barədə ümidim çox azdır. Amma ümid də sonuncu ölür. Hər halda, ümid edirik ki, atamın məzarı qalıb. Burada tək mənim atamdan söhbət getmir. O torpaqlar uğrunda minlərlə insan canından keçib, onların qanı axıb bu torpaqlarda, onların da ailələri başsız, anaları gözü yaşlı qalıb. Ona görə də vətənin hər yeri bizim üçün müqəddəsdir. Torpaqlarımız işğaldan azad olunduqca, fikirləşirik ki, şəhidlərimizin, qazilərimizin çəkdiyi zəhmətlər boşuna getməyib. Qardaşım zatən hərbin içindədi, hal-hazırda da döyüş bölgəsindədi. Mən özüm də könüllü yazılmışam. Ehtiyac olanda, çağırış gələn kimi cəbhəyə yollanacam. Anama bu barədə deyəndə onun ilk sözü belə olmuşdu: Bala, siz getməlisiniz də, kim getməlidir ki?!
Batalyon
Birinci Qarabağ müharibəsində Qubadlı camaatının qəlbində bir ad vardı. O da Əliyar Əliyev idi. Hamı düşünürdü ki, Əliyar sağdırsa, deməli, Qubadlı da işğal oluna bilməz. Hamı istəyirdi ki, övladı Əliyarın özünün yaratdığı “Pəhləvanlar” adlı batalyonunda xidmət etsin. Atalar, analar düşünürdülər ki, Əliyarın batalyonunda döyüşən övladına heç nə ola bilməz. Bu inamı Əliyar öz zəhməti, öz xidməti sayəsində qazanmışdı. Xalq onu sevirdi, ona inanırdı. Əliyar isə çalışırdı ki, batalyona ancaq tanıdığı adamları, tələbələrini, şagirdlərini, qohumlarını götürsün. O, özününkülərə ərk edirdi. Çox vaxtı onun qabağını kəsib, bizim uşaqları niyə batalyonuna qəbul etmirsən sözlərini də deyirdilər. Heç bir cavab verə bilmirdi. Amma sonralar deyirmiş ki, tanımadığım insanların balaları şəhid olsa, mən onların valideynlərinin üzünə necə baxaram?!
Pəri xanım Əliyarın döyüşə başladığı, “Pəhləvanlar” batalyonunu yaratdığı ilkin dövrləri yadına salır:
- Əliyar idman müəllimi idi. Hər gün işə gedib gəlir, dinc həyat yaşayırdıq. Müharibə başlananda Əliyar dedi ki, idmanı saxlamaq lazımdır, idman vaxtı deyil. İndi vətəni qorumaq lazımdı. Başına yığılanların da hamısı mərd, qorxmaz uşaqlar idilər. Onun bir videosu var, orada deyir ki, Laçına kimlər gedəcəksə, bir addım irəli çıxsın. Sonra onların içərisindən də özü ilə aparacağı adamları seçir. Onlardan elələri olur ki, evin tək oğlu olur, onları özü ilə ağır döyüşə aparmır, deyir, sən evin tək oğlusan, ata-ananın yeganə ümidisən. Ona görə camaat onu çox istəyirdi. Uşaqları, tələbələri də ona bağlı idilər. Öz ata və analarından çox Əliyara rəğbət bəsləyirdilər. Mən bunu tam məsuliyyətimlə, əminliklə deyirəm. O, öz batalyonunda qəhrəmana, qardaşa, şəxsiyyətə çevrilmişdi. Əliyarın səsi, adı gələn yerə onlar gözü yumulu gedirdilər. Elə bilirdilər ki, onlara heç nə olmayacaq, çünki orda Əliyar var.
Əliyar həmişə deyirdi ki, mənim atam adi poçtalyon olub, ancaq bunların atası mənəm. Bacarıqları olsa, oxusalar, arxalarında mən dayanacam. Onların səsi yuxarıdan gəlməlidir. Savadsızlıq onun gözünün düşməni idi. Əliyar özü həkim olmaq istəyib. Burda imtahanda başqa adama köməklik edib cavablarını yazanda onu imtahandan çıxarıblar.
Pəri xanım müharibə günlərini, Əliyarın cəbhəyə getdiyi dövrləri yadına salmağa çalışır, o, qeyd edir ki, müharibə Əliyara təsir etmişdi, hətta əvvəlki illərə nisbətən daha dalğın, daha fikirli olub:
- Xasiyyəti dəyişməmişdi, amma fikirli olurdu çox vaxt. Bir dəfə ondan soruşdum ki, Əliyar, nə olub? Mənə dedi ki - Pəri, bu qırılanlar, ölənlər sənin deyil, ölənlər, yaralananlar sənə yad kimi gəlir? Sənə elə gəlmir ki, ailə üzvlərimizin sağ olması, hər şey demək deyil. Mən onlara görə sevinə, şadlana bilmirəm. O vaxtlar yaşım az idi, gənc idim, Əliyarın tam olaraq nə dediyini başa düşməmişdim, amma sonralar anladım... O, müharibənin içindən çıxıb evə gəlirdi, biz isə elə evdə oturmuşduq, orada nə baş verdiyini bilmirdik. Cəbhədə bir əsgərin ölümü onun üçün dəhşətli hadisə idi. Əliyarın əsgərlərindən biri şəhid olmuşdu, Əliyar ona Milli Qəhrəman adının verilməsi təklifini vermişdi. O, oğlanın anası dedi ki, mən öz oğlumu Əliyara qurban verməyə hazıram. Mən adamların onu nə qədər çox istədiklərini o an hiss edəndə sarsılmışdım. Uşaqlarını, bizi çox istəyirdi. Bir dəfə gecə mən alma istədim, səhəri gün taksi sürücüsündən bir kisə alma aldırıb göndərmişdi.
Dözüm
İndi onu tez-tez yuxuda görürəm, hər dəfə də mənə köməyə gəlir. Ən çətin bir işin dalınca gedəndə əgər onu yuxuda görmüşəmsə, mütləq düzəlir. Yuxularım həmişə elə canlı olub ki. Ayılanda belə hiss etməmişəm ki, o, yoxdu. Böyük oğlum Emin cəbhəyə gedib təzədən geri qayıtmışdı. Həmin vaxt Əliyarı yuxuda gördüm. Stolda oturub nə isə yazırdı. Dedim, nə yazırsan, Əliyar? Dedi, sənə aid deyil, Eminə yazıram. Səhər yuxudan ayıldım, eşitdim ki, Emin yenidən cəbhə bölgəsinə qayıdıb.
Anasının, bacısının danışdıqlarının fonunda Yusifin fikrə getdiyini, hətta qəhərləndiyini, bunu bizdən gizlətmək üçün eyvana çıxdığını görürəm. Hiss edirəm ki, atası haqqında gedən söhbətlər onda müəyyən xatirələrin yenidən oyanmasına təkan verib. Ona görə də Əliyar haqqında başqa bir sualı Yusifə ünvanlayıram:
- Nə zaman hiss etdiniz ki, Əliyar kimi bir atanın övladısınız?
- Yaxşı sualdı. Təbii, özümüzü dərk edən gündən bilirdik ki, adi adamın övladı deyilik. Amma əsasən hansısa ən xırda səhvi edəndə belə ilk olaraq göz önünə o gəlir. Mən adi bir adamam, amma atam şəxsiyyətdir. Onun adını ləkələmək olmaz. Çox heyif o, kişinin belə oğlu var sözlərini eşitməkdən hər zaman qorxmuşam. Çox şükür də ki, eşitməmişəm. Bizə həmişə şəhid, Milli Qəhrəman övladı kimi hörmət ediblər. Mənim Ofeliya adlı müəllimim vardı. Mən dərs oxumayanda, ya dəcəllik edəndə deyirdi ki, sən adi adamın oğlu deyilsən. Vətənlə, atamla bağlı bir çox şeyləri mənə Ofeliya müəllimə təlqin etdi.
Pəri xanım Əliyarla bağlı son günlərini yadına salır. Qeyd edir ki, nə o, nə də Əliyar heç vaxt həlak ola biləcəyinə inanmırdı:
- Mənə həmişə deyirdi ki, məni yüz erməninin içində də görsən, qorxma, bil ki, mən sağ-salamat gələcəm. O, ölümü nə özünə, nə də bizə yaxın buraxmazdı. Ancaq bir dəfə, şəhid olmazdan bir az əvvəl mənə dedi ki, Pəri bu işlər, ölüm-itim əvvəl olsaydı, dözməzdin, amma indən belə həyatda nəsə olsa, dözəcəksən. Elə deyəndə ağladım, məni yaş boğdu.
Əldə qalan sovqat...
Son gedişini də çox pis xatırlayıram. O, getməzdən əvvəl yuxu görmüşdüm. Yuxudan ayıldım ki, gedim suya danışım, gördüm həyətdə hər yer aydınlıqdı, elə bir səhər vaxtıdı. Sən demə, yaxınlıqdakı hərbi hissəyə silah sursat gətirirlər, ona görə ətrafı işıqlandırıblar. Otağa qayıtdım. Onda Əliyar da elə bil hiss elədi, dedi, nə olub Pəri? Ona heç nə demədim, yuxunu da danışmadım. Fikirləşdim ki, psixoloji təsir edər, fikirli olar. Səhəri gün Əliyar yola düşdü. Torbada ona qoz-fındıq yığmışdım, dedim, gedəndə apararsan. Elə oldu ki, o gedəndə həmin boxça əlimdə qaldı. Əliyarın anası dedi ki, payını aparmadı, ona qismət olmayacaq. Elə bil hamı nə isə şübhəyə düşmüşdü. Hamı düşünürdü ki, görəsən o, evə gələcək, yoxsa, yox. Həmin gün saat beşdə onu vurdular.
Əliyarı gətirəndə xəbəri mənə vermək üçün rayonun üçüncü katibi olan Ceyran xanım gəlmişdi. Mən onu görən kimi özümü qaldırıb, yerə çırpdım. O, məəttəl qaldı, dedi, ay qızım, qorxma, yaralanıb. Dedim, məni aldatmayın, onsuz da yuxumu görmüşəm, Əliyar həlak olub. Onda o, ağladı dedi, hə, qızım şəhid olub. Ondan sonra səsim bütün həyəti başına götürdü. Həyətimiz bir an içində adamla doldu. Sonra Əliyarın da, sürücüsünün də cənazəsini gətirdilər. Onu kürəyindən vurmuşdular. Son dəfə özüm əlimlə vurulan yeri yoxlamışdım.
Zaman keçdikcə dərdin üstü qaysaqlanır, amma mən heç cür Əliyarı yaddan çıxara bilmirəm. Bu iyirmi yeddi il mənim üçün bir-iki il kimi gəlib keçib. Mən rayonda olanda elə gün olmurdu ki, əlimdə gül onun qəbrinin üstünə çıxmayım. Bir gün kəndimizin yaşlı qadını məni saxlayıb dedi, qızım, sən belə hərəkət eləmə. Sənin üç balan var, sabah onlar ortalıqda qalar. Özünü ələ al, hər gün sənin nə işin var məzarlıqda. Başına bir iş gələr, xəstələnərsən. Mərd ol, balalarını böyütmək lazımdır. Bakıya gələndən sonra isə tez-tez Şəhidlər xiyabanına getmişəm. Hər gün işləyirdim, evə həmişə əlidolu gəlirdim. İstəmirdim onlara atasız kimi baxsınlar. Hərdən uşaqlara deyirəm ki, o vaxt pulumu yığsaydım, sizə bir neçə ev alardım. Çalışırdım ki, onlar atasızlığı xəyallarına tez-tez gətirməsinlər. Bir dəfə Emin yerdə uzanıb dərs oxuyurdu. Yavaşca gedib onun yanında dayandım, o, mənim gəlişimi hiss etmədi, sonra əlimi onun gözlərinin qarşısında bir neçə dəfə yellədim, o, yenə hiss etmədi. Yəni uşaqlar da mənimlə birlikdə çəkirdilər. Amma heç kim üzə vurmurdu. Hamı içində çəkə-çəkə fırlanırdı. Elə günümüz olub ki, soğan qızardıb onlara yedirtmişəm, özüm ac qalmışam. Belə günlərimiz də olub.
Qayıdış!
- Bilirsən, qızım, mənim indi o torpaqlara getməkdən başqa heç bir arzum ola bilməz. Mən özüm qazaxlı qızı olsam da, Qubadlını da özümə vətən hesab edirəm, oralarda yaxşı, pis günlərim keçib. Gəncliyim o yerlərlə bağlıdır. Amma məni ora bağlayan Əliyarın məzarıdı. Əliyarın ruhu dolaşan torpaqlara getməkdən qürurlu, gözəl hiss ola bilməz.
Pərvanə xanım deyir ki, atasına bağlı olduğu üçün uzun illər onun həsrətini çox çəkib.
- Atam rəhmətə gedəndə bizi bir otağa saldılar ki, nə baş verdiyini bilməyək. Səhəri gün gördük əmimin başına çoxlu adamlar yığışıb. Səkkiz yaşım vardı, dünyanı dərk etmirdim. Əmim dedi ki, atan bir az uzaq səfərə çıxır, adamlar onu yola salmaq üçün gəliblər. Narahat olma, ata qayıdacaq. Sonralar mən ölüm nədir dərk edənə kimi gözümüz atamı axtardı. Həyətimizə hərbçi maşını gələndə, qaçıb pəncərədən baxmışıq ki, bəlkə papa gəlib. Və yaxud da qohumlarımıza Qubadlıdan kimsə qonaq gələndə deyirdim onların yanında hündür bir kişi də gördünüzmü? Mən hələ də tam dərk etməmişəm onun ölümünü. Əmimin dediyi o uzaq səfər sözü mənim yaddaşımda ilişib qalıb. Elə bilirəm ki, o qayıdacaq. Mənə sual versələr ki, qapı açılsa, atan içəri girsə, nə edərsiniz, mənim cavabım belə olar: Belə bir şeyin ola biləcəyinə inanıram. Bəlkə nə isə möcüzə baş verə bilər... Bu bizim iç dünyamızdır. Onun gəlişini görsəm, sağ qaldığına inana bilərəm. Baxmayaraq ki, şəhid olduğunu, dəfn olunduğunu da dəqiq bilirəm. Ona görə Qubadlının işğaldan azad olunması bizi onlu günlərimizə qaytaracaq.