BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Bugün Milli Qəhrəmanımızın doğum günüdür - VİDEO

22 fevral 2020 14:56:18

Rövşən Şəmil oğlu Hüseynov 22 fevral 1967-ci ildə Ağdam rayonunun Quzanlı kəndində doğulub. 1984-cü ildə burada orta məktəbi bitirdikdən sonra Ağdam rayon Mədəniyyət evində işləməyə başlayıb.
 
 
1985-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olub. 1985-87-ci illərdə ordu sıralarında olub.

 

Rövşənin təşəbbüsü ilə 1992-ci ildə Bakı Dövlət Universitetinin iyirmi tələbəsi dövlət imtahanlarının başlanmasına üç ay qalmış, təhsillərini yarımçıq qoyaraq iki ay hərbi hazırlıq keçirlər. Sonra onlar ən qaynar döyüş nöqtəsinə – Goranboya yollanırlar. Tələbə taqımı 703 saylı hərbi hissəyə təhkim olunur.

 

Ən ağır sınaq saatı Holandağ yüksəkliyi uğrunda gedən döyüşlərdə oldu. Holandağdan Ergəc, Mənəşli, Buzluq və Şaumyana (Ağcakənd) nəzarət etmək mümkün idi. Düşmənin 300-dən artıq əsgər və zabiti müasir hərbi texnika ilə silahlanaraq Holandağa hücuma keçib. İlk hücumun qarşısı məharətlə alınıb. Düşmən pərən-pərən salınıb. Bu, 1992-ci ilin 28 aprel günü idi. Tələbə taqımı qarşısındakı bu məğlubiyyətdən qəzəblənən düşmən dörd gündən sonra daha böyük qüvvə toplayaraq hücuma keçib. Rövşənin taqımı düşmənin iki zirehli texnikasını və onlarla canlı qüvvəsini məhv edir. Düşmənin Holandağı alıb Çaykəndə çıxmaq planı alt-üst edilir.

 

Elə Marquşevan uğrunda gedən vuruşlar da tarixə düşəcək bir döyüş idi. 1992-ci il mayın 11-də gedən döyüşdə Mingəçevir bölüyünün 27 döyüşçüsü mühasirəyə düşür. Briqada komandiri onları mühasirədən qurtarmaq üçün tələbə döyüşçülərə müraciət edir. Onlar Mingəçevir bölüyünü mühasirədən çıxarırlar, lakin özləri mühasirəyə düşürlər. Bu qeyri-bərabər döyüşdə tələbələrdən ikisi həlak olur, bir neçəsi yaralanır. Rövşən vəziyyəti ani olaraq qiymətləndirir və döyüş dostlarının əsir düşəcəyini görüb, atəş nöqtəsini öz üzərinə götürür. Onun pulemyotu düşmənin başına od ələyirdi. Cəsur komandirin əmrilə döyüş dostları mühasirədən çıxırlar. O özü isə qəhrəmancasına şəhid olur.
 
 
Rövşən Hüseynov subay idi.
 
 
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Hüseynov Rövşən Şəmil oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
 
 
Ağdam rayonunun Quzanlı kəndində dəfn edilib. Bakı Dövlət Universitetində büstü qoyulub.