Prezident Vaşinqton görüşündən gözləntilərini AÇIQLADI
22 oktyabr 2020 15:43:44
“Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa Ermənistan və Azərbaycan arasında olan münaqişənin həll yolunu tapmaq üçün mandatı olan Minsk qrupunun üç həmsədr ölkələridir. Ona görə bizim nazirlərimizin bu üç paytaxtda görüşməsi təbiidir. Bu cür görüşlər əvvəllər dəfələrlə olmuşdur. Bilirsiniz ki, Moskvaya da səfər edilmişdir, orada da görüş olmuşdur”.
Zəfər.az xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində “Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri cümə günü Vaşinqtona səfər edəcəklər. Bu görüşdən nə gözləyirsiniz? Siz üçtərəfli formatda bəzi şərtlərlə danışıqlara hazırsınızmı?” sualına cavabında deyib.
Prezident bildirib ki, beləliklə, bu, münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqların davamıdır:
“Əlbəttə ki, indi yerdə vəziyyət dəyişmişdir. Satus-kvo artıq mövcud deyil. Təmas xətti də mövcud deyil. Buna görə, əlbəttə, mən hesab edirəm ki, indi Ermənistan rəhbərliyi daha da məntiqli davranmalıdır və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır. Beləliklə, bu müzakirələrdə bizim əsas məqsədimiz Ermənistan rəhbərliyinin ərazilərimizin boşaldılmasına hazır olub-olmamasını və hazır olduğu təqdirdə bunun nə vaxt baş verəcəyini müəyyən etməkdir”.