BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Tarixin ironiyası: 4 qətnaməyə dikilən ümidlər, çat verən BMT və ŞANLI AZƏRBAYCAN

22 oktyabr 2020 12:52:32

Otuz il əvvəlki kimi indi də Qarabağda gedən döyüşlər fonunda dünya liderləri, beynəlxalq təşkilatlar sülh çağırışları edir. Otuz il əvvəl Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilirdi.

 

Dünya o zaman bu barbarlığa qarşı əməli ilə deyil, mənasız çağırışlarlı ilə qoşulurdu. Nəticə isə bizim üçün belə idi: Azərbaycan ərazisinin 20 fazinin işğal edilir, bir milyondan çox azərbaycanlı məcburən öz evini tərk edir, 30 minə yaxın azərbaycanlı qətlə yetirilir...

 

İndi Azərbaycan öz torpaqlarını işğaldan azad etmək istəyir. Yenə dünyanın boş, mənasız cingiltiləri...

 

Amma bu dəfə haqq işinə mane olmaq üçün...

 

Xüsusən, Qarabağ münaqişəsi ilə bağlı vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədr ölkələri- Rusiya, Fransa və ABŞ liderləri bu çağırışı təkrar edirlər.

 

1993-cü ildə məhz bu “üçlüy”ün də üzv olduğu BMT Təhlükəsizlik Şurası Qarabağda hərbi əməliyyatların dərhal dayandırılması və Ermənistan Ordusunun işğal altındakı Qarabağ ərazilərini qeyd-şərtsiz tərk etməsi ilə bağlı 4 qətnamə qəbul etmişdi.

 

Ötən 27 il ərzində bu qətnamələrin 1 bəndi belə Ermənistan tərəfindən icra olunmadı, buna görə, heç bir beynəlxalq sanksiyaya məruz qalmadı.

 

ERMƏNİSTAN KƏLBƏCƏRDƏN ÇƏKİLSİN – 822

 

İlk qətnamə hələ, 1993-cü il aprelin 30-da qəbul edilmişdi. Kəlbəcər rayonunun aprelin 2-də işğal edilməsinə cavab olaraq qəbul olunan 822 saylı qətnamə rəsmi Yerevandan dərhal ərazidən çıxmağı tələb edirdi.

 

“Ermənistan və Azərbaycan Respublikaları arasında münasibətlərin pisləşməsindən təşvişimizi ifadə edərək, erməni hərbi birləşmələrinin Azərbaycanın Kəlbəcər rayonu ərazisinə daxil olmasına və toqquşmaların kəskinləşməsinə görə ciddi narahatlıq keçirdiyimizi vurğulayırıq”.

 

“Regiondakı bütün dövlətlərin suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiqləyərək, beynılxalq sərhədlərin dəyişməzliyini, onların güc yolu ilə dəyişdirilməsinin yolverilməzliyini xatırladırıq”-deyə bənd əlavə edilmişdi.

 

Tərəfləri sülh danışıqlarına səsləyən BMT Kəlbəcər rayonu və Azərbaycanın işğal altındakı digər rayonlarını azad etməyi tələb edirdi.

 

BMT ERMƏNİSTANIN AĞDAMDAN QEYRİ-ŞƏRTSİZ ÇIXMASINI TƏLƏB EDİR - 853

 

 

Təhlükəsizlik Şurasının qərarlarına məhəl qoymayan düşmən Azərbaycan ərazilərinə təcavüzünü davam etdirərək 1993-cü il iyulun 23-də Ağdam rayonunu da işğal etdi. Ağdamın işğalı ilə bağlı həmin ilin iyulun 29-da BMT Təhlükəsizlik Şurası yenidən toplaşaraq 853 saylı qətnamə qəbul etdi.

 

“Hərbi əməliyyatların kəskinləşməsini, o cümlədən Azərbaycanın Ağdam rayonunun işğal olunmasını narahatlıqla qarşılayırıq. Bir daha Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığını təkrarlayaraq, Ağdam rayonu və digər rayonların işğalını pisləyir, Ermənistandan qoşunlarını qeyd-şərtsiz həmin ərazilərdən çıxarmağı tələb edirik”.

 

BMT Təhlükəsizlik Şurası Bakı və Yerevandan atəşkəs razılığı əldə etməyi tələb edirdi.

 

14 bənddən ibarət sənəd Ermənistanın Qarabağ cəbhəsindəki yeni hücumlarına görə, qüvvəyə minmədi.

 

 

BMT AZƏRBAYCANLILARIN MƏCBURƏN YAŞAYIŞ YERLƏRİNİ KÜTLƏVİ ŞƏKİLDƏ TƏRK ETMƏSİNƏ QARŞI - 874

 

 

Əksinə, Dağlıq Qarabağ ətrafında yerləşən bir sıra rayonları ələ keçirən düşmən 1993-cü ilin oktyabrında Beyləqan rayonu istiqamətində də hücuma keçmişdi. BMT Təhlükəsizlik Şurası 1993-cü il oktybarın 14-də yaranmış situasiyaya görə 874 saylı qətnamə qəbul etdi.

 

“Azərbaycan və Ermənistan Respublikaları arasında hərbi gərginlikdən narahatlığımızı ifadə edərək, konfliktin Azərbaycan üçün yaratdığı ağır humanitar situasiya və insanların yaşayış yerlərini kütləvi şəkildə tərk etməsindən narahatlığımızı diqqətə çatdırırıq”.

 

Növbəti dəfə Təhlükəsizlik Şurasının çağırışları Erməniastanın etinasızlığı ilə üzləşdi.

 

Təhlükəsizlik Şurasının tələblərinə məhəl qoymayan rəsmi Yerevan işğal siyasətini davam etdirdi və 1994-cü ilin mayında imzalanan Bişkek protokolundan keçən 27 ildə BMT və digər beynəlxalq stukturlar tərəfindən heç bir təzyiqə məruz qalmadı.

 

ZƏNGİLANIN İŞĞALINA ETİRAZ - 844

  

 

1993-cü il noyabrın 12-də qəbul edilən 884 saylı qətnamə Ermənistan Ordusunun Azərbaycanın Zəngilan rayonunu işğal etməsi ilə bağlı idi.

 

Qətnamə mətnində Azərbaycanın Zəngilan rayonu və Horadiz şəhəri yaxınlığında “çoxlu sayda mülki şəxsin yaşayış yerini tərk etməsi və fövqəladə humanitar təhlükənin yaranması ilə bağlı narahatlıq" ifadə olunurdu.

 

Qətnamədə Zəngilan rayonunu işğalı pislənir və Ermənistan Ordusunun bölgəni tərk etməsi tələb olunurdu.

 

“İmzalanmış atəşkəs rejiminin pozulması və hərbi əməliyyatların bərpa olunması nəticəsində Zəngilan rayonunun və Horadiz şəhərinin işğal olunması, dinc sakinlərə və  Azərbaycan ərazilərinə hücum qətiyyətlə pislənilir”-deyə qeyd olunmuşdu.

 

BMT Təhlükəsizlik Şurası Ermənistandan Zəngilan rayonu, Horadiz şəhəri və Dağlıq Qarabağ ətrafında yerləşən digər işğal olunmuş rayonları boşaltmağı tələb edirdi.

 

Qətnamə Təhlükəsizlik Şurasının bütün 15 üzvü tərəfindən dəstəklənərək qəbul edilmişdi.

 

Tarixin ironiyasına baxın. O zaman bütün ümidlərini BMT Təhlükəsizlik Şurasının qətnamələrinə dikən Azərbaycan 27 ildən sonra həmin qətnamədən irəli gələn şərtləri özü gerçəkləşdirdi. Azərbaycan Ordusu işğalçı erməni qüvvələrini Zəngilandan çıxarmaqla 27 il sonra BMT Təhlükəsizlik Şurasının 884 nömrəli qətnaməsini icra etməyə nail olub.

 

Hazırda Azərbaycan Təhlükəsizlik Şurasının digər 3 qətnaməsinin həyata keçirilməsi, o cümlədən Kəlbəcər və Ağdam rayonlarının işğaldan azad olunması ilə məşğuldur.

 

Belə görünür ki, Azərbaycan həm də BMT-nin itirilmiş nüfuzunu özünə qaytarmaq istəyir.(Modern.az)