Paşinyanın Rusiyaya növbəti xəyanəti: Ermənistan bu dəfə NATO-dan imdad diləyir
22 oktyabr 2020 11:37:39
Ermənistan prezidenti Armen Sarkisyan Brüsseldə NATO çərçivəsində görüşlərdə iştirak edir. Baş nazir Nikol Paşinyan tərəfindən NATO-ya göndərilən prezidentin baş katib Yens Stoltenberqlə görüşü də olub.
Zəfər.Az Modern.az-a istinadən xəbər verir ki, görüşdə A.Sarkisyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından gözlədiyi dəstəyi və yardımı ala bilmədiyindən gileylənib. Sarkisyan, həmçinin müharibədən sonra Ermənistanın xarici siyasətinin NATO və Avropa İttifaqına yaxınlaşmağa yönələcəyini açıq bəyan edib.
Paşinyanın xəyanətkar siması
Sentyabrın 27-də erməni təxribatından sonra Azərbaycan ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı dövründə Ermənistan baş naziri dəfələrlə müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə, o cümlədən Rusiya Prezidenti ilə bir neçə dəfə əlaqə saxlayıb və onlardan yardım istəyib. Bu, Sorosun bəslədiyi Ermənistan hakimiyyətinin Rusiyaya növbəti xəyanət nümunəsidir. Hakimiyyətə gəldiyi ilk gündən qərbyönümlü siyasəti ilə diqqət çəkən Paşinyan növbəti dəfə sözü ilə əməlinin bir olmadığını göstərdi.
NATO ilə yanaşı, Ermənistanın Avropanın bir çox ölkələri ilə, eləcə də Almaniya, Polşa, Yunanıstan, Fransa və İtaliya ilə ikitərəfli hərbi əməkdaşlıq əlaqələrinin genişləndirdiyi də müşahidə olunur.
Hakimiyyətə ilk gəldiyi gündən qeyri-ciddi çıxışları və obrazı ilə siyasət meydanında biabır olan Paşinyandan bundan artığını gözləmək də olmaz.
Əsgər çatışmazlığı ilə üzləşən Ermənistan sülhməramlılarını geri çəkir
Sentyabrın 27-dən bu günə qədər döyüş meydanında minlərlə itkilər verən Ermənistan ordusu hazırda həm texnika, həm də canlı qüvvə baxımından aciz duruma düşüb. Ermənistan bu səbəbdən özünün Kosovodakı və Əfqanıstandakı sülhməramlı heyətini də geri çəkir. Bu heyət 2004-cü ildən NATO-nun Kosovodakı əməliyyatlarında ilkin olaraq yunan qüvvələrinin tərkibində (35 nəfər), 2012-ci ildən ABŞ qüvvələri ilə birlikdə (35 nəfər), 2005-2008-ci illərdə İraqdakı əməliyyatlarda Koalisiya qüvvələrinin tərkibində Polşa kontingenti ilə birgə (46 nəfər), 2011-ci ildən NATO-nun Əfqanıstandakı ISAF missiyasında (46 nəfər), daha sonra Qətiyyətli Dəstək Missiyasında (121 nəfər) Almaniya qüvvələrinin tərkibində, 2014-cü ildən BMT-nin Livandakı “UNIFIL” missiyasında (33 nəfər) İtaliyan qüvvələrinin tərkibində, BMT-nin Malidəki MINISUMA missiyasında fransız qüvvələrinin tərkibində (2 nəfər) və 2019-cu ildən Rusiya qüvvələri tərkibində Suriyada mina təmizləmə fəaliyyətlərində (83 nəfər) sülhməramlı əməliyyatlarda iştirak edir.
Sülhməramlı əməliyyatlarda iştirakın coğrafiyasından və həm Qərb ölkələri, həm də Rusiya tərəfindən dəstəklənən əməliyyatlarda aktiv iştirakından bu nəticəyə gəlinir ki, xüsusilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarının işğalı fonunda Ermənistan bu tipli əməliyyatlardan xarici siyasətin mühüm bir vasitəsi kimi istifadə edir. Belə ki, ermənilər dünyanın və Avropanın aparıcı ölkələri ilə ikitərəfli əlaqələri genişləndirmək, ölkə haqqında müsbət təəssürat yaratmaq, eyni zamanda, Qarabağ münaqişəsi ətrafında gedən danışıqlarda və ümumiyyətlə, beynəlxalq aləmdə özlərinin təcavüzkar deyil, əksinə, sülhsevər xalq olduqlarını sübut etmək, özlərinin diplomatik gücünü artırmağa və xarici siyasi hədəflərinə nail olmağa çalışırlar. Ermənistan bir tərəfdən sülhməramlı əməliyyatlarda iştirak etməklə və qərbyönümlü siyasət yürütməklə Avropaya inteqrasiyaya, Rusiya tərəfindən onlara qarşı olan mənfi təsirləri balanslaşdırmağa, digər tərəfdən isə Rusiyanın regional-strateji tərəfdaşı kimi Qərbin gözündə ölkənin əhəmiyyətini artırmağa səy göstərir.