BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Qarabağ münaqişəsini başladan - QƏRAR

20 fevral 2020 15:07:34

1988-ci ilin fevralı Dağlıq Qarabağda erməni separatizminin açıq şəkildə baş qaldırdığı tarixdir.

 

1988-ci il fevarlın 12-də Hadrutda ermənilər Azərbaycana qarşı mitinqə başlayır.

 

Bir gün sonra, fevralın 13-də bunun davamı olaraq ermənilər Xankəndində mitinq edir.

 

Bunun ardınca, davamlı olaraq ermənilər Xankəndində mitinqlər keçirir.

 

1988-ci ilin fevralın 20-də ermənilər İrəvanda Xankəndinə həmrəylik aksiyası keçirirlər.

 

Həmin gün İrəvandakı aksiyadan ruhlanan Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları Soveti erməni deputatları qanunsuz səsvermə keçirərək bölgənin Azərbaycan SSR-nın tərkibindən Ermənistan SSR-nin tərkibinə keçməsi barədə qərar qəbul etdi.

 

Azərbaycan Ali Soveti Sovet İttifaqının Konstitusiyasına zidd olan bu qondarma qərarı ləğv etsə də, Erməistan Ali Soveti Dağlıq Qarabağın müraciətini qəbul etmişdi.

 

Məhz bu “qanunlar müharibə”si gələcək silahlı toqquşmanın carçısı oldu.

 

Zəfər.Az bildirir ki, Modern.az keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin siyasi rəhbərliyində təmsil olunan, Komsomol Komitəsində məsul vəzifə tutmuş Zahid Abbasovun 1988-ci ilin fevralı ilə bağlı xatirələrini soruşub.

 

Müsahibizin fikrincə, Qarabağda hadisələrin qızışmasında Kommunist Partiyası MK-nın şöbə müdiri Mixailov önəmli rol oynayıb. 

 

“Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları Sovetinin 13 azərbaycanlı deputatı var idi. Mən həmişə deyirdim ki, əhalinin 32 faizi azərbaycanldırrsa, deputatların da 32 nəfəri azərbaycanlı olmalıdır. Buna baxmayaraq, azərbaycanlı deputatların sayı az idi. Ermənilər də gördü ki, bunları susduran yoxdu, hərəkətə keçdilər.

 

O vaxt ermənilərdən cəmi 50-60 nəfər mitinqə çıxırdı, ilk vaxtlar qorxduqları çox açıq hiss olunurdu. Ancaq o vaxtki  Azərbaycan rəhbərliyinin susqunluğu nəticəsində onların sayı artdı. Həmin vaxt Mixayılov SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin milli məsələlər üzrə şöbə müdiri idi.

 

Guya Mixayılov Koçaryanla onun tərəfdarlarına söz vermişdi ki, öz müqəddaratınızı həll etmək üçün sizə kömək edəcəyik. Biz o vaxt Mərkəzi Komitədə bildirdik ki, Mixayılov kimdi ki, ermənilərə belə bir söz verib.

 

Sonra Mixayılova belə bir söz deyib-deməməsi ilə bağlı müraciət edildi. Amma o heç bir cavab vermədi.

 

Demək ki, həqiqətən ortada belə bir söhbət olmuşdu. Koçaryanla mən görüşəndə düz etmədiklərini, geri durmalarını söylədim. O da mənə dedi ki, əgər bizim istəyimiz düzgün deyilsə, onda Mixayılov təkzib versin.Yəni, birbaşa olaraq hadisələrin qızışmasında Mixayılovun rolu var idi”.

 

Beləcə, o zaman Kommunist Partiyasının susqunluğu fonunda erməni separatizmi daha da aktivləşir.

 

Z.Abbasov deyir ki, bir günün içərisində 60-70- nəfər mitinqçinin sayı 300-ə qalxdı. Vilayətin digər kəndlərindən ermənilər başladı ərzaq gətirib biri-birlərinə paylamağa.

 

O vaxtlar azərbaycanlı deputatlar öz sözlərini necə lazımdısa deyə bilirdi. Amma 13 nəfər o vaxt üçün çox az idi. Bu məsələlərdən sonra Azərbaycan hökuməti Xankəndidə polis qüvvələrini guya gücləndirdi. Əslində isə bizim səsimizə səs verən yox idi.

 

Separatçı qüvvələr ən çox sentyabr ayından aktivləşməyə başladılar. Dərslər başlayandan sonra azərbaycanlı müəllimlərə, tələbələrə qarşı böyük təzyiqlər başladı.

 

Dekabrda Kərkicahanın yandırılması ilə orda yaşayanlar Şuşaya qovuldu”.

 

 Zahid Abbasov Dağlıq Qartabağ Muxtar Vilayətinin ləğvi barədə rəsmi Bakının o zamankı qərarını ən azından mübahisəli hesab edir. 

 

“Sonradan Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv edilməsi ilə bağlı qərarın həm müsbət və mənfi cəhətləri oldu. Şəxsi qənaətimə görə, bu, yanlış addım idi. Dağlıq Qarabağ vilayət kimi saxlanılsaydı, vilayətin rəhbərliyindən işi gücləndirməyi tələb etmək olardı.

 

Vilayətin ləğvindən sonra artıq orda anarxiya artdı. Biz o vaxt kimdən nə tələb edəydik?

 

Kamran Bağırov o vaxt mən də daxil 3-4 nəfər azərbaycanlı ilə söhbət zamanı sual etdi ki, Dağlıq Qarabağ Vilayət Komitəsinin katibi vəzifəsinə kimi qoyaq. Hamımız bir ağızdan dedik ki, kimi qoyursan qoy “Kruq” (Erməni separatçılarının maliyyə mənbəyi və erməni quldurlarının cəmləşdiyi təşkilat) təşkilatının üzvlərindən heç kimi bu vəzifəyə təyin etməyin. 

 

Amma iş elə gətirdi ki, Poqosyan gətirildi o vəzifəyə. O da ki, o vaxtlar ermənilərin mitinqin içərisində idi. Düşünrdük ki, onu vəzifəyə qəsdən qoyublar ki, sonradan həbs etsinlər. Sonradan gördük, ona toxunan yoxdu, əksinə Poqosyan başladı Şahnazarovla əlaqə saxlamağa. Şahnazarov da o vaxtlar Qorbaçovun köməkçisi idi. Bütün günü  zavodlarda, fabriklərdə elan etməyə başladılar ki, heç kim narahat olmasın, gündəlik olaraq bizim işlərlə bağlı Şahnazarov Qorbaçovu məlumatlandırır”.

 

Zahid Abbasov bildirir ki, Dağlıq Qarabağda mərkəzi hakimiyyətin nəzarətinin tədricən zəifləməsi, erməni əhalisinin kütləvi silhalanmasını və Ermənistandan aldığı dəstəklə tədricən Azərbaycan əhalisini Dağlıq Qarabağdan sıxışdırmağa, hücum təşkil etməsinə gətirib.

 

O, Qarabağ Müharibəsinin başlanmasında 1988-ci ilin 20 fevral tarxinin əsaslı rol oynadığını ağrı ilə qeyd edib.