BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

"Vətən məndən başlayır!" Gəncədə - FOTOLAR

19 fevral 2020 12:31:46

"Regional İnkişaf" İctimai Birliyi (RİİB) və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə fevralın 18-də Gəncə Heydər Əliyev Mərkəzində "Vətən məndən başlayır!" layihəsi çərçivəsində RİİB könüllülərinin, region gənclərinin, tarixçilərin və şəhid ailələri üzvlərinin iştirakı ilə tədbir keçirilib.

 

Zəfər.Az saytı bildirir ki, tədbirdə çıxış edən "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliynin sədri Sevinc Alızadə, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı və digər natiqlər layihənin gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında əhəmiyyətindən danışaraq, Vətənin müdafiəsi uğrunda canından, qanından keçərək müqəddəs şəhidlik zirvəsinə ucalmış qeyrətli Vətən oğullarını yad etmək, xatirələrini əziz tutmaq hər birimizin ən müqəddəs vəzifəsi və borcu olduğunu, onların şücaətinin heç vaxt diqqətdən kənarda qalmadığını, ailə üzvlərinin qayğı və problemlərinin daima diqqətdə saxlandığını qeyd edərək, hər bir gənci Vətənimizə, dövlətimizə layiqli vətəndaş olmağa, Ali Baş Komandanın əmri ilə hər an torpaqlarımızı azad etmək üçün döyüşə hazır olmağa səslədilər.

 

Sonra gənclər komandalar şəklində vətənpərvərlik mövzusunda təqdimatlar etmiş, tarixçilər tərəfindən onları maraqlandıran suallar cavablandırılmışdır.

 

Regionlarda gənclərin vətənpərvərlik tərbiyəsi, milli-mənəvi dəyərlərə, tarixi keçmişimizə bağlı ruhda yetişməsi, ölkəmiz haqqında bilik və məlumatlarının artırılması, şəhid qəhrəmanlarımızın tanıdılması və onların ailələrinə dəstək məqsədi ilə reallaşdırılan layihənin digər regionlarda da keçirilməsi nəzərdə tutulur.