Əsgər Mahir Sabir oğlu Mirzəyev
DOĞUM TARİXİ:
17.02.1994
DOĞUM YERİ:
Azərbaycan, Bakı şəhəri
ŞƏHİD OLDUĞU TARİX:
02.04.2016
ŞƏHİD OLDUĞU YER:
Tərtər rayonu, Seysulan, Qapanlı istiqaməti
DƏFN EDİLDİYİ YER:
Sabunçu rayonu, Pirşağı məzarlığı
AİLƏ VƏZİYYƏTİ:
Subay idi
TƏLTİF VƏ MÜKAFATLARI:
— "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı
MAHİR SABİR OĞLU MİRZƏYEV
Mahir Mirzəyev 1994-cü il 17 fevral tarixində Bakı şəhərində anadan olub. Orta təhsilini 2000-2005-ci illərdə Abşeron rayonu Fatmayı kənd orta məktəbində, 2005-2011-ci illərdə isə Bakı şəhəri N.Nərimanov rayonu şəhid Novruzov qardaşları adına 36 saylı orta məktəbdə alıb. 2011-ci ildə orta məktəbi əla qiymətlərlə bitirib, yüksək balla Azərbaycan Dövlət İqtisad Universitetinin ümumi iqtisadiyyat fakültəsinə daxil olub. 2015-ci ildə ali təhsilini bitirib yüksək balla Qafqaz Universitetinin menecment fakültəsinin magistr pilləsinə qəbul olub.
Zəfər.Az saytı bildirir ki, 2007-ci ildə Azərbaycan respublikası Ciu-citsu Milli Federasiyasının üzvü olmuş və imtahanda bacarıq göstərərək 7 Sichi-Kyu-ya layiq görülüb. 2013-cü ildə ”ASAN” xidmətdə, 2014-cü ildə Amrahbank Akademiyasında, sentyabr-dekabr 2014-cü ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, 12-28 iyun 2015-ci ildə “Avropa Oyunları”nda könüllülər kimi fəaliyyət göstərib. Bütün bu fəaliyyətlərindən diplom, sertifikat və fəxri fərmanlar alıb. Türk, ingilis, rus, ərəb dillərini bilirdi.
6 iyul 2015-ci ildə Bakı şəhəri N.Nərimanov rayonu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən hərbi xidmətə Gəncəyə göndərilmiş və 3 ay sonra Tərtər rayonunda hərbi xidmətini davam etdirib. Mirzəyev Mahir Sabir oğlu 2 aprel 2016-cı ildə Aprel döyüşləri zamanı Seysulan, Qapanlı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olub.
8 aprel 2016-cı ildə Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsi ilə əldə olunan razılığa əsasən öndə, neytral zonada qalan şəhidlərimizin nəşi götürülərək ailələrinə verilib. 9 aprel 2016-cı ildə Mirzəyev Mahir Sabir oğlunun cənazəsi Bakı, Binəqədi rayonu Biləcəri qəsəbəsindən böyük izdihamla yola salınıb. Dəfn mərasimində Nərimanov və Binəqədi rayon icra hakimimiyyətinin başçıları, Müdafiə Nazirliyinin yüksək rütbəli əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti əməkdaşları, rayonun Hüquq Mühafizə orqanlarının rəhbərləri, minlərlə şəhər sakinin ilə bərabər şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri iştirak ediblər. Mahir Sabir oğlu Mirzəyev Pirşağı məzarlığında dəfn olunub.
Mahir Mirzəyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Mahir Mirzəyev Aprel döyüşləri zamanı şəhid olan digər əsgər Fəxrəddin Qurbanlı ilə qohum idi.