Baş leytenant Fərid Güloğlan oğlu Əhmədov
DOĞUM TARİXİ:
19.01.1986
DOĞUM YERİ:
Azərbaycan, Cəlilabad rayonu
ŞƏHİD OLDUĞU TARİX:
04.09.2010
ŞƏHİD OLDUĞU YER:
Tərtər rayonu, Çiləbürt kəndi yaxınlığı
DƏFN EDİLDİYİ YER:
Bakı şəhəri, II Fəxri Xiyaban
AİLƏ VƏZİYYƏTİ:
Subay
TƏLTİF VƏ MÜKAFATLARI:
(2010) — "İgidliyə görə" medalı
FƏRİD GÜLOĞLAN OĞLU ƏHMƏDOV
Zəfər.Az saytı bildirir ki, Fərid 1986-cı il yanvarın 19-da Cəlilabad rayonunda anadan olub. 1992-cı ildə N.Gəncəvi adına Cəlilabad rayon 1 saylı orta məktəbinin birinci sinfinə gedib. 2003-cü ildə məktəbi bitirən Fərid Heydər Əliyev adına Ali Hərbi Akademiyaya qəbul olub. 2007-ci ildə oranı əla qiymətlərlə bitirən müdavim Fərid Əhmədov rütbə almaq üçün Təlim-Tədris Mərkəzinə göndərilir. Kursu uğurla başa vuraraq leytenant rütbəsi alır və Gəncə şəhərində yerləşən «N» saylı hərbi hissədə tağım komandiri vəzifəsinə təyin edilir. Xidmətə başlayandan sonra Türkiyəyə göndərilir. Orada 6 ay yüksək təlim kurslarını başa vurur və fərqlənmə nişanı və diplomla təltif olunur. Sonra Gəncədəki «N» saylı hərbi hissəyə xidmətə qayıdır. 2009-cu ildə Gəncədəki xidmətini başa vuran Fərid öz ərizəsi ilə Tərtər rayonunda yerləşən «N» saylı hərbi hissədə xidmətə başlayır. Qısa müddət ərzində hərbi hissədə hörmət və etimad qazanan Fərid Əhmədov kəşfiyyat bölüyünün komandiri təyin edilir.
2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığında erməni qəsbkarlarına qarşı vuruşan Fərid qəhrəmancasına şəhid olur.
Birbaşa döyüş xəttində həlak olduğu üçün Fərid Əhmədovun nəşi düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da Ermənistan və Azərbaycan tərəflərinin razılaşmaları nəticəsində qaytarılıb.
2010-cu il noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev baş leytenant Fərid Güloğlan oğlu Əhmədovun “İgidliyə görə” medalı ilə təltif edilməsi (ölümündən sonra) haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, şəhid Fərid Əhmədov bu medala hərbi borcunu həyatı təhlükə altında yerinə yetirərkən igidlik göstərdiyinə görə layiq görülüb.