Gizir Pəncəli Nurməmməd oğlu Teymurov
DOĞUM TARİXİ:
24.03.1981
DOĞUM YERİ:
Azərbaycan, Astara rayonu, Əzərüd kəndi
ŞƏHİD OLDUĞU TARİX:
03.04.2016
ŞƏHİD OLDUĞU YER:
Ağdərə rayonu, Talış kəndi, Talış yüksəkliyi
DƏFN EDİLDİYİ YER:
Astara rayonu, Əzərüd kəndi
AİLƏ VƏZİYYƏTİ:
Elvira xanım ilə ailəli idi
TƏLTİF VƏ MÜKAFATLARI:
— "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı
— "Qüsursuz xidmətə görə" III dərəcəli medalı
— "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
— "Qüsursuz xidmətə görə" II dərəcəli medalı
— "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
— "Vətən uğrunda" medalı
PƏNCƏLİ NURMƏHƏMMƏD OĞLU TEYMUROV
Pəncəli Nurməmməd oğlu Teymurov 1981-ci ilin 24 mart günündə Astara rayonunun Əzərüd kəndində anadan olub.
1986-1998-ci illərdə Astara rayonu, B.Rüstəmov Asxanakəran tam orta məktəbində orta təhsil alıb. 1999-cu ildə Astara Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
Hərbi xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələnmiş və hərbi hissənin ən mahir kəşfiyyatçısı olub.
Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yenicə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda şərəflə xidmət edib. Pəncəli Teymurov 2013-cü il avqust ayında ailə həyatı qurub. Amma Pəncəli doğmalarının, elin, obanın şadyanalıq etdiyi toyda özünə bunları arzu edib: "Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən sidq ürəklə deyirəm. Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan, qanımdan keçməyə hazıram. Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın"
Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən "Aprel döyüşləri" zamanı Tərtər istiqamətində düşmənlə döyüşə girib və döyüş dostları-Murad Mirzəyev, Samid İmanov, Mühüd Orucovla birgə Talış yüksəkliklərinin alınmasında və Talışda çoxlu sayda düşmənin məhv edilməsində şəxsi igidliyi ilə fərqlənib və 03 aprel 2016-cı il tarixdə son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhid olub.
Aprelin 11-i isə Pəncəli Teymurov doğulduğu Astara rayonunun Əzərüd kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açılıb və gizir Teymurov uğrunda şəhid olduğu torpağa tapşırılıb.
Hərbi tapşırıqları uğurla başa çatdırdığına görə müxtılif döyüş mükafatları, medallarla təltif olunan Pəncəli ən böyük mükafatını 2015-ci ilin 24 iyununda alıb.. Yüksək bacarıq və peşəkarlığı, cəngavərliyi, nümunəvi xidməti nəzərə alınaraq komandanlığın təqdimatına əsasən ölkə Prezidentinin Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif olunub.
Aprel döyüşlərindəki misilsiz şücaətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə şəhid gizir Pəncəli Nurməmməd oğlu Teymurov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.