Milli Qəhrəman Mikayıl Əhmədiyyə oğlu Cəbrayılov
DOĞUM TARİXİ:
27.04.1952
DOĞUM YERİ:
Azərbaycan, Şəki rayonu, Oxud kəndi
ŞƏHİD OLDUĞU TARİX:
15.12.1990
ŞƏHİD OLDUĞU YER:
Xocalı rayonu, Mikayıllı kəndi (Cəmilli kəndi)
DƏFN EDİLDİYİ YER:
Şəki rayonu, Oxud kəndi
AİLƏ VƏZİYYƏTİ:
Ailəli idi.
Bir övladı bizlərə əmanət qalıb.
TƏLTİF VƏ MÜKAFATLARI:
— Azərbaycanın Milli Qəhrəmanı
MİKAYIL ƏHMƏDİYYƏ OĞLU CƏBRAYILOV
Mikayıl Əhmədiyyə oğlu Cəbrayılov 1952-ci ilin aprel ayının 27-də Şəki rayonunun Oxud kəndində - Fransa partizan hərəkatının əfsanəvi döyüşçüsü Əhmədiyyə Cəbrayılovun ailəsində anadan olub. O, səkkizinci sinifə qədər doğulduğu kənddə oxuyub, sonra isə təhsilini Şəki şəhər 5 saylı fəhlə-gənclər məktəbində davam etdirib. Əmək fəaliyyətinə Şəki İpək İstehsalat Birliyində başlayıb.
1971-ci ildə M.Cəbrayılov Şəki şəhər Daxili İşlər Şöbəsində milis nəfəri vəzifəsinə qəbul edilib. 1976-cı ildə Milis Məktəbinə göndərilib. 1978-ci ildə məktəbi müvəffəqiyyətlə bitirən Mikayıl leytenant rütbəsi alıb və sahə müvəkkili vəzifəsinə təyin edilib.
1990-cı il dekabrın 12-də baş leytenant Mikayıl Cəbrayılov dörd nəfər polis əməkdaşı ilə Qarabağa ezam olunur. Onlar Xocalı rayonu, Cəmilli kəndinin müdafiəsində iştirak etməli idilər. Bu dəstəyə Mikayıl başçılıq edirdi. Polis əməkdaşları əvvəlcə Ağdama gəlirlər. Orada müvafiq tapşırıq aldıqdan sonra Cəmilli kəndinə getmək üçün Şuşaya yola düşürlər. Yolda erməni quldurları tərəfindən bir neçə dəfə hücuma məruz qalırlar. Lakin çətin də olsa təhlükədən sovuşa bilirlər. Bu, o vaxt idi ki, erməni yaraqlıları Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinə, eləcə də digər Azərbaycan rayonlarına tez-tez hücum edir, dinc əhaliyə aman vermirdilər. Mikayıl dekabrın 15-də mühasirədə qalmış Cəmilli kəndinin əhalisi üçün ayrılmış 4 ton taxılı gətirmək üçün Kosalar kəndinə yola düşür. Onunla birlikdə 15 nəfər də gedirdi. Cəmilli-Kosalar arasında ermənilər qəflətən hücuma keçir. Snayper gülləsi bir polis serjantını yaralayır. Az sonra Mikayıl Cəbrayılov da çiynindən yara alır. O, maşından yerə atılıb, yoldaşlarının həyatını xilas etmək üçün quldurlarla ölüm-dirim savaşına girir. Kənd sakinlərinə döyüş meydanını tərk etməyi əmr edən Mikayıl quldurlarla təkbətək qalır. O, özünü maşının altma verib, avtomatın sinəsinə sıxaraq düşmənə cavab atəş açmaqda davam edirdi. Artıq kənd sakinləri hadisə yerini tərk edə bilmişdi. Düşmən baş leytenantı mühasirəyə almışdı. Məğlubedilməz Qəhrəman artıq son güllələrini istifadə edirdi. O, yoldaşlarını xilas edə bilsə də, özünü xilas edə bilmədi. Atılan güllələrdən biri onun sinəsinə tuşlandı. M.Cəbrayılov Vətən, Xalq yolunda qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə Cəbrayılov Mikayıl Əhmədiyyə oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
Şəki şəhərində M.Cəbrayılovun adına küçə var. Şəhid olduğu kənd Qəhrəmanın adını daşıyır.