Mayor Rasim Əbdül oğlu Məmmədov
DOĞUM TARİXİ:
20.05.1977
DOĞUM YERİ:
Azərbaycan, Naxçıvan MR, Babək rayonu, Cəhri kəndi
ŞƏHİD OLDUĞU TARİX:
04.04.2016
ŞƏHİD OLDUĞU YER:
Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi, Lələ təpə yüksəkliyi
DƏFN EDİLDİYİ YER:
Naxçıvan MR, Babək rayonu, Cəhri kəndi
AİLƏ VƏZİYYƏTİ:
1999-cu ildə Samirə Məmmədova ilə ailə həyatı qurub.
Aysu və Asim adında iki övladı bizlərə əmanət qalıb.
TƏLTİF VƏ MÜKAFATLARI:
(2001) — "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı
(2003) — "Qüsursuz xidmətə görə" III dərəcəli medalı
(2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
(2008) — "Vətən uğrunda" və "Qüsursuz xidmətə görə" II dərəcəli medalı
(2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
RASİM ƏBDÜL OĞLU MƏMMƏDOV
Rasim Məmmədov 1977-ci ilin 20 may günündə Babək rayonunun Cəhri kəndində I Qarabağ müharibəsinin əlili Əbdül və Nazilə Məmmədovların ailəsində anadan olub. Rasim Məmmədovun atası Əbdül Məmmədov müharibədə aldığı zədə nəticəsində 25 ildən artıq əlil arabasında ömür yaşayıb və 2016-cı ilin 25 aprel günündə oğlunun şəhidliyindən 23 gün sonra vəfat edib.
Rasim Məmmədov 1994-cü ildə orta məktəbi bitirib. 1996-cı ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə daxil olan Rasim Məmmədov 2000-ci ildə həmin məktəbi tank qoşunları komandanı ixtisasına yiyələnib. Leytenant Rasim Məmmədov Müdafiə Nazirliyinin əmri ilə hərbi xidmətini 177 nömrəli hərbi hissədə davam etdirib.
Rasim Məmmədov Samirə xanım ilə ailəli idi, Asim adında oğlu və Aysu adında qızı yadigar qalıb.
Hərbi xidməti:
Leytenant Rasim Məmmədov 2000-ci ildən 2001-ci ilə qədər 177 nömrəli hərbi hissədə “təlim taborunun PDM-2 tuşlayıcı” tağımının komandiri, 2001-ci ildən 2002-ci ilə qədər isə həmin hərbi hissədə “T-55 təlim döyüş tankları” tağımının komandiri vəzifələrində çalışıb.
2002-ci ildə baş leytenant rütbəsi alan Rasim Məmmədov, həmin ildən 2005-ci ilə qədər 077 nömrəli hərbi hissədə “tank” tağımının komandiri vəzifəsində işləyib.
2005-ci ildə Rasim Məmmədov kapitan rütbəsi alıb və 130 nömrəli hərbi hissədə “1-ci mexanikləşdirilmiş bölük” komandiri vəzifəsində çalışıb.
Kapitan Rasim Məmmədov 2007-ci ildən 2010-cu ilə qədər 703 nömrəli hərbi hissədə 5-ci Moto Atıcı Taborun Qərargah rəisinin Maddi Texniki Təminat üzrə köməkçisi, 2010-cu ildən 2011-ci ilə qədər isə həmin 5-ci Moto Atıcı Taborun rəisi olub. Daha sonra o, bir müddət 161 nömrəli hərbi hissənin 5-ci Moto Atıcı Taborun Qərargah rəisi kimi xidmət edib. Elə həmin ildə, 2011-ci ildə Rasim Məmmədov Müdafiə Nazirinin əmri ilə mayor rütbəsi verilib.
2011-ci ildən 2012-ci ilə qədər 704 nömrəli hərbi hissədə 5-ci Moto Atıcı Taborun komandirinin müavini, 2012-ci ildən 2014-cü ilə qədər isə, həmin 5-ci Moto Atıcı Taborun komandiri vəzifəsində çalışan mayor Rasim Məmmədov 2014-cü ildən 2015-ci ilə qədər, həmin hərbi hissənin 2-ci Moto Atıcı Taborun komandiri kimi xidmət edib.
18 aprel 2015-ci ildən, şəhid olduğu günə qədər isə mayor Rasim Məmmədov 706 nömrəli hərbi hissədə 2-ci Moto Atıcı Taborun komandiri vəzifəsində olub.
Aprel döyüşləri:
Mayor Rasim Məmmədov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.
Aprelin 5-i isə Rasim Məmmədov doğulduğu Babək rayonunun Cəhri kəndində son mənzilə yola salınıb, uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Rasim Məmmədov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Qüsursuz xidmətə görə” II dərəcəli medalı ilə təltif edilib.