MAHHXHQ Elgin Ağayar oğlu Abbaslı
Abbaslı Elgin Ağayar oğlu 16 may 1991-ci ildə Laçın rayonu, Dəyhan kəndində anadan olub.
1992-ci ildə Laçın işğal olunduğundan ailəsi ilə birgə Sumqayıt şəhərinə köçüb.
Elgin orta təhsilini başa vurduqdan sonra müddətli həqiqi hərbi xidmətə yollanıb. Uşaq yaşlarından hərbiyə marağı olduğundan hərbi xidmət müddəti bitdikdən sonra, 2014-cü ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi Abşeron rayonu Pirəkəşkül kəndində yerləşən “N” saylı hərbi hissədə tibb bölüyündə xidmət edib.
MAHHXHQ əsgər Elgin Abbaslı 27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsində Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və Laçının azad edilməsi uğrunda gedən döyüşlərdə savaşıb, yaralıları döyüş meydanından çıxarıb. Şuşa döyüşlərində də iştirak edən Elgin 10 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.
Elgin ailəli idi. Nəzrin adlı qızı Vətənə əmanətdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgin Abbaslı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgin Abbaslı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.