Milli Qəhrəman Şirin Vəli oğlu Mirzəyev
DOĞUM TARİXİ:
05.01.1947
DOĞUM YERİ:
Azərbaycan, Xankəndi şəhəri
ŞƏHİD OLDUĞU TARİX:
18.06.1992
ŞƏHİD OLDUĞU YER:
Ağdam rayonu, Qaralar kəndi
DƏFN EDİLDİYİ YER:
Bakı şəhəri, Şəhidlər xiyabanı
AİLƏ VƏZİYYƏTİ:
1975-ci ildə Flora xanım Qasımova ilə ailə həyatı qurub.
Elsevər və Aynur adlı iki övladı bizlərə əmanət qalıb.
TƏLTİF VƏ MÜKAFATLARI:
— Azərbaycanın Milli Qəhrəmanı
ŞİRİN VƏLİ OĞLU MİRZƏYEV
Şirin Vəli oğlu Mirzəyev 5 yanvar 1947-ci ildə Xankəndi şəhərində dünyaya göz açıb. Burada Nizami Gəncəvi adına 4 saylı orta məktəbi bitirdikdən sonra ordu sıralarına çağırılıb. Bakıda yerləşən Daxili Qoşunlar alayında xidmətini başa vurduqdan sonra, 1967-ci ildə Sankt-Peterburq şəhərində Ali Siyasi-Hərbi Məktəbə daxil olub. 1971-ci ildə təhsilini müvəffəqiyyətlə başa çatdırıb və təyinatla İrəvana göndərilib. Beş il burada xidmət etdikdən sonra işini Bakıya dəyişib.
Şirin Mirzəyev Daxili Qoşunlar alayında 15 illik xidmət yolu keçib. O, Moskva Ali Siyasi Akademiyasına qəbul olub, 1988-ci ildə oranı müvəffəqiyyətlə bitirib. O, bütün varlığı ilə yurduna bağlı bir insan idi. Gündən-günə bərkiyən, püxtələşən və kamil bir zabitə çevrilən qeyrətli Vətən oğlu, içdiyi hərbi anda ömrü boyu sadiq qalıb, ən çətin anda ruhdan düşəyib, əqidəsinə arxa çevirməyib. 1991-ci ildə onu Ağdama gətirən də məhz Vətəninə, xalqına hədsiz sevgisi idi. Şirin Mirzəyev əla xidmətlərinə görə dəfələrlə medallar və döş nişanları ilə təltif edilib. Rota komandirinin müavini, batalyon komandirinin müavini, diviziya komandirinin müavini vəzifəsinə qədər yüksəlib.
O, Qarabağ hadisələri başlayanda raport yazaraq döyüş bölgəsinə göndərilməsini xahiş etdi. O, ayrı-ayrılıqda fəaliyyət göstərən silahlı dəstələrin vahid komandanlıq altında birləşməsini istəyirdi. 9 oktyabr 1991-ci il tarixdə o, Ağdam rayon ərazi özünümüdafiə taboruna komandir təyin edildi. Cəsur komandir qısa müddət ərzində ətrafına güclü döyüşçü kontingenti topladı. Polkovnik-leytenant rütbəsinəcən yüksələn igid komandir torpaqlarımızın hər bir qarışının müdafiəsi üçün əsl qəhrəmanlıq nümunəsi göstərir, şərəfli hərbçi adını ləyaqətlə qoruyurdu.
1992-ci il iyun ayının əvvəllərində komandanlıq tərəfindən böyük bir hərbi əməliyyat planı hazırlandı. Qoşun hissələri eyni vaxtda 3 istiqamətdən hücuma keçib, düşməni geri oturtmalı idilər. Hücum əməliyyatını uğurla həyata keçirmək üçün güclü hərbi texnika, silah-sursat lazım idi. Taborun ixtiyarında olan döyüş vasitələri tələbatı ödəmirdi. Cəsur komandir bütün çətinliklərə baxmayaraq öz dəstəsilə Xaçınçay boyunca irəliləyib, ilk həmləylə Qazançı kəndini düşməndən azad etdi. İgid komandir əlavə plan hazırlayaraq, iyunun 12-də Sırxavənd kəndini nəzarət altına alır.
Polkovnik-leytenant Şirin Mirzəyev orduda baş verən haqsızlıqlara dözə bilmirdi. O, 1992-ci il iyunun 18-də Bakıya gəlib rəhbərliklə danışıq aparır və yenidən öz mövqeylərinə - Qaralar kəndinə yollanır. Lakin geri qayıdarkən mindiyi “UAZ” markalı maşın minaya düşür. O, iki yaxın qohumu ilə birlikdə şəhid olur.
Ailəli idi. İki övladı - qızı, oğlu yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə polkovnik-leytenant Mirzəyev Şirin Vəli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Bakının Nizami rayonunda adına küçə var. Xidmət etdiyi hərbi hissənin həyətində abidəsi qoyulub.